2004-cü ildə Bakı şəhərində anadan olub. 2025-ci ildə İdman Akademiyasını bitirib. Hazırda NDU-da magistratura təhsili alır.
***
Mən səni sevəndə hələ, əzizim,
Yaradan Adəmi yaratmamışdı.
Dünyanın birinci qatili Qabil
Habilin qanını axıtmamışdı.
Hələ kəm baxmırdı alov palçığa,
Hələ həsəd onu bürüməmişdi.
Adəm deməmişdi heç nəyin adın,
Mələklər heyrətdən əriməmişdi.
And olsun, hələ heç asılmamışdı
Bir şeir Kəbənin divarlarından.
Hələ duyulmurdu qızılgül ətri
Məkkə şəhərinin məzarlarından.
Bu qəlbim sevginə vətən olanda
Vətənçün qurbanlar verilməyirdi,
Haqqında nəğmələr oxunmayırdı,
Şəninə şeirlər deyilməyirdi.
Onda məhəbbəti bir xalça kimi
Ayaqlar altına sərməmişdilər.
Əhmədi Məkkədən qovmamışdılar,
İsanı çarmıxa gərməmişdilər.
İndi anlayıram, nəhayət, niyə
Belə şiddətlə mən sevirəm səni.
Dünənin, bu günün işi deyil bu,
Ruhlar aləmindən sevirəm səni.
***
Bir fürsət gəzirəm neçə həftədir,
Nə işi qurtarır, nə dərsi qızın.
Paltarlar tikdikcə bir Allah bilir
Nə keçir qəlbindən bu dərzi qızın?!
Arzusu, məqsədi nədir görəsən,
Gecə yarıyacan niyə işləyir?
Bəlkə təhsil haqqı borcu yığılıb,
Bəlkə yığılmasın deyə işləyir?!
Gəldikcə gəlinlik sifarişləri
Evlilik onun da diqqətin çəkir.
Umsunur tikdiyi gəlinliklərə,
Məhərrəm ayının həsrətin çəkir.
Kaş indi şalvarım uzun gələydi,
Köynəyim əynimə yekə qalaydı.
Ya qəsdən bir ölçü yekə alaydım,
Bu hiylə qəlbimdə ləkə qalaydı.
Yoxsulluq əlindən cavan yaşında
Ürək ağrıları çox yorur onu.
Dərsi, ailəsi, işi, ev işi,
Həyat qayğıları çox yorur onu.
Azan oxunanda açır əllərin,
Sonra təbəssümlə başın bulayır.
Ayağı altında maşın istəyir,
Özüyçün bir geniş ev arzulayır.
Təkcə var əlimdə sözüm, şeirim,
O evi mən deyən söz tikə bilməz.
Sözlər dərzi qızı daha bezdirib,
O mənim sözümə göz tikə bilməz.
***
Təşbeh gəzir əqlim üzünə, Ay ola bilməz,
Ayda ləkə var, Ay üzünə tay ola bilməz.
Hicrindən, əzizim, elə oldum, elə rüsvay,
Məcnun belə gəlsə, belə rüsvay ola bilməz.
Pay etmə sınıq qəlbimi şan-şöhrətə xatir,
Bir şey ki sənə pay edilib, pay ola bilməz.
Aşiqlərə canan dedilər, can tələb eylər,
Mən "oldu" dedim, özgələri "vay, ola bilməz".
Əvvəldən acı sözlər edib nitqini mənzil,
Bu nitq ilə axırda şirinçay ola bilməz.
Həqq əmridi hicrində ötən günləri saymaq,
Bir meylə görə yoxsa bu həqsay ola bilməz.
Ey Ümməti, vəsl arzu edib göz yaşı tökdük,
Bir arzuda ki göz yaşı var, zay ola bilməz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
