Nə deyim, kür üzümə
Hardan atdım oxumu,
uddum qaraqorxunu;
göy üzünə toxunur,
buludların dodağı;
nə aşkardı, nə sirdi,
yarpaq kimi əsirdim;
gecə yuxumda gördüm
unutduğum bulağı;
ocaq yanır, köz tutur,
kösöylər göz-göz tutur;
ürəyimdən söz tutur
dəftərimin varağı;
ağ buludlar yellənir,
gölmə tutur, göllənir;
ruhum harda şellənir,
azdım, yolu-yolağı;
nə deyim, kür üzümə,
ağla, hönkür, üzümə;
dikilib yer üzünə
fələyin bir qulağı.
Yollar çəkir gözümü
Bir uşaq ağlı qədər,
bəlkə yoxdu günahım;
gözümlə quş tuturam
göy üzündə, Allahım;
bəlkə ağır deyiləm
bir quşun lələyindən;
yıxıldım yer üzünə
bir bahar küləyindən;
gözlərimin içindən
başqa dünyalar baxır;
şirmayı dərələrdən
gümüşü sular axır;
uzaq, qərib dənizlər,
yollar çəkir gözümü;
yuxularda görmürəm,
güzgüdəki üzümü;
qəfil bir qatar keçir,
yolların ayrıcından;
dan üz asılıbdı
qaranlığın saçından.
26.07.2026.
Oslo şəhəri
Tez çağırın, oyanım
Qara bulud şüşətək,
göydə od tutub şimşək;
sanki qəfil düşəcək
göy üzünün bir yanı;
azır yolların başı,
ruhum harda dolaşır;
dibsiz dənizlər daşır,
sular basır dünyanı;
İçimdə bir boş qürur,
kimsə könlümü qırır;
hər yaz ildırım vurur
bu şirmayı qayanı;
yarpaq olub, bükülləm,
hara isə çəkilləm;
sanki donuq şəkiləm
o üzündə aynanın;
göy üzünə axır dan,
nədir məni qorxudan;
bu daş üzlü yuxudan
tez çağırın, oyanım.
16.08.2026.
Oslo şəhəri
Qəfil baxma, göy üzünə
Bir gün qalxar dəli çaylar,
qarışıq sular durular;
qəfil baxma, göy üzünə,
buludlar düşüb qırılar;
həsrət hardan nübar tutar,
qışın sonun bahar tutar;
ayaqlarım qabar tutar,
getdiyim yollar yorular;
bax, indi mən də boyatam,
saçım ağ, köynəyim kətan;
gecə yuxumda qəflətən,
çağırma, bağrım yarılar;
nə var, alışıb yanmağa,
alov tutub oddanmağa;
boyum çatmır atdanmağa,
yaman, qəlbidi barılar;
gümanım qalıb bəlkəyə,
bir dua yazım gecəyə;
ruhum qonub bir çiçəyə,
götürüb gedər arılar.
23.04.2026.
Bakı şəhəri
Kim qarışıb yuxuma
Bəs hardadı, bizim ev,
göstər, o evi mənə;
qarışıq yuxu gördüm,
üzünü çevir mənə;
ipin bir ucu düyün,
bir ucundan qan damır;
qaranlıq çəkilməmiş
göy üzünə dan damır;
qaralmış şəkillərin
üst yazısı pozulur;
qarışıq yuxularım
doğulmamış yozulur.
Ruhum özünə gəlib,
dönüb qaçır günahdan;
nədənsə üzüm gəlmir,
əfv istəyim Allahdan;
kim qarışıb yuxuma,
dönüb gəlir tüstümə;
göydə bulud alışır,
odu düşür üstümə;
aşağıda dəniz var,
yuxarıda göy üzü;
hərdən yadıma düşür
dünyanın ögey üzü.
22.06.2026.
Almaniya, Vesterştede şəhəri
Günəş girdi buluda
Günəş girdi buluda,
sanki qaraldı hava;
üzümdə kölgə əsir,
dilimdə adsız dua;
yol bir az da uzanır,
zaman bir az əriyir;
Günəş buludda qalıb,
üzüm-gözüm səyriyir;
bəlkə min sənə keçib,
ötüb gedən ömürdən;
gündüz Günəşdən qopub,
gecə qara kömürdən;
deyən, ayrı adamam,
yadımdan çıxıb üzüm;
bir az çox dəyişmişəm,
solub bətim-bənizim;
payız bələnib sanki,
göy üzünün rənginə;
ağ buludlar qarışıb,
Günəş düşüb cənginə;
umudlarım asılıb
dilimdəki duadan;
hərdən yuxuma gəlir,
min il əvvəlki odam.
05.07.2026.
Hamburq şəhəri
Güzgünü çevir mənə
Bəlkə də baxmamışam,
kür rənginə üzümün;
mənə sarı çevirmə,
o qarışıq güzgünü;
buludların üzünə
düşür, sanki şəkilim;
yuxumdan çağır məni,
kür üzümdən çəkilim;
qulağımda qalan səs,
həsrətin ünü kimi;
ağ buludlar yellənir,
xəyal ürünü kimi;
hərdən bir günah baxır,
üzümün bir yanından;
ocaq alışır-yanır
közünün bir yanından;
payızın min rəngi var,
üzümdə, baxışımda;
dizlərimdə ağrı var,
yolların yoxuşundan;
güzgünü çevir mənə,
gör, üzümün rəngini;
apar, bir yarpağa sər
kür üzümün rəngini.
25.05.2024.
Bakı şəhəri
Dünya mənə çöçün gələr
Bulud tutar göy üzünü,
yağar, səyriyər gecələr;
çölləri alar ağzına,
çoxalar adsız qönçələr;
dağ üstən aşaram yola,
azıb qarışaram yola;
təzə alışaram yola,
yolları əyər döngələr;
səhər kim çıxar qarşıma,
payız uzanar qışıma;
bulud dolanar başıma,
çəkilər qara kölgələr;
ulduzlar sönər, qaralar,
gecə gündüzdən ayrılar;
qayıdar qəfil ağrılar,
dərdlər için-için gələr;
axşam düşər, gün qayıdar,
ömür keçər, can qayıdar;
göy üzünə dan qayıdar,
sabah bir ayrı gün gələr;
günü-gündən haqq yıxılar,
gələr yalançı nağıllar;
adsız ağrılar çoxalar,
dünya mənə çöçün gələr.
12.05.2026.
Bakı şəhəri
Ruhum qəfəsdə qalıb
Uzaqdan qayıq gəlir,
gözüm dənizdə qalıb;
hardan xəbər gələcək,
qulağım səsdə qalıb;
uzun oldu gecələr,
çin olmadı bəlkələr;
böyümədi qönçələr,
boyları bəstə qalıb;
həsrət harda bükülür,
qara bulud sökülür;
qaranlıqlar çəkilir,
günahım düzdə qalıb;
boğazımda qəhər var,
gözümdə bir səhər var;
yuxumda bir şəhər var,
dumanda, sisdə qalıb;
çiçəklər sarısaçaq,
göy sular gur axacaq;
kim açıb buraxacaq,
ruhum qəfəsdə qalıb.
08.05.2026.
Bakı şəhəri
Hər tərəfdən yol axır
Bu getdiyimiz yolun
sonun kim bilir, axı;
göydən, yerdən, sulardan,
hər tərəfdən yol axır;
dünya suyun üzündə,
Tanrı göyün üzündə;
kim var, Ayın üzündə,
ordan boylanıb baxır;
od yanır, külə dartır,
ay keçir, ilə dartır;
buludlar şələ dartır,
yellənir ağır-ağır;
hara atdım oxumu,
ütdüm qara-qorxumu;
qara basdı yuxumu,
uçuxladı dodağım;
qara bulud nataraz,
yağış çox oldu bu yaz;
deyən, əyilib bir az
yer üzünün qırağı.
17.07.2026.
Almaniya, Vesterştede şəhəri
Qorxuram göyə baxam
Ağ buludlar dağılıb,
göy üzü ləkə-ləkə;
bəzən qorxudur məni
içimdəki səksəkə;
üzüm dəyişib bir az,
payız alıb üstümü;
mən gizlicə yanıram,
görən yoxdu tüstümü;
insanlıq itib gedir,
pulun, paranın üstə;
bütün rənglər pozulur
ağın, qaranın üstə;
göy üzü də dəyişib,
ulduzlar bir-bir sönür;
dünya od içindədi,
deyən cəhənnəm dönür;
adamlar buz kimidi,
hərə öz hayındadı;
hara çəkilib görən,
baharın, yayın dadı.
Hərdən də səksənirəm,
əlim də yatmır işə;
qorxuram göyə baxam,
ulduzlar sınıb düşər.
31.10.2026.
Bakı şəhəri
Yenə çarpır ürəyim
Bilmirəm ki, nə olub,
yenə çarpır ürəyim;
tozu gözümə dolur
bu dəlisov küləyin;
nə görünür gözümə,
dərd deyiləm üzümə;
qalxım göyün üzünə,
buludları ələyim;
söz uyuşmur dilimdə,
yanıb söndüm külümdə;
yaxam qalıb əlində
bir ağılsız mələyin;
ağ buludlar qarrıyır,
həsrət harda qarıyır;
qanadlarım ağrıyır,
sızıldayır lələyim;
neynirəm, kür üzümü,
çoxdu dərdin düzümü;
qaldırın yer üzünü
kürəyimə şəlləyin.
24.06.2026.
Almaniya, Vesterştede şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
