Azər Turana
Azər deyəndə, elə bil, ölkənin yarısını çağırırsan.
Turan çağıranda bütün dünyanı.
Azər - Xəzər boydadı,
Turan - Okean.
Azər haçansa Turan olub, sonra bənd-bərəni kəsiblər.
"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?"
- hərdən kədərlə düşünür.
"Bilirəm!"
- cümlənin sonundakı nida qüssənin bağrını dəlir...
***
Ritm.
Hə, ritm.
Qədim yunan dilində "rhythmos", yəni "ahəng" deməkdir -
eyni və oxşar ünsür, səs və hərəkətlərin vaxtaşırı təkrarı.
Küləyin də ritmi var.
Bayılda onu təkcə eşitmirlər.
Görürlər də!
Ritmin ahəng təkrarı olduğunu "ağlı başındalar" tapıblar.
"Ürəyi başında" olanlarınsa, fikri-xəyalı bir özgədir:
ritm - təkrarın təkrarsızlığıdır!
O, Bayılda yaşayır.
O, ritmi təkcə eşitmir, həm də görə bilir.
O, təkrarın təkrarsızlığını yazır.
Uzağa getmir.
Bayıldan bayıra çıxmır.
Elə özündən yazır.
Azərdən.
Turandan.
Təzədən Azəri Turana,
Xəzəri Okeana calamaq istəyir...
***
Sevgi - məhəbbət -
eşq.
Nədir bunların fərqi?
Sevgi - qıza, oğlanadır.
Məhəbbət - Vətənə, torpağa, doğmalaradır.
Eşq - Tanrıya.
Bunlar onun sevgi-məhəbbət-eşq üçbucağının künc bucaqlarıdır.
Onun imanı Hüseyndir - Hüseyn Cavid.
Hər il dekabrın 5-nə yas saxlayır.
Caviddən elə danışır, sanki vəfat xəbərini indicə alıb.
O biri repressiya qurbanlarını deyə bilmərəm, Hüseyn Cavidin ölümündə özünü günahkar sayır...
***
Ritmə qayıdaq.
Təkrarın təkrarsızlığına.
O, əvvəllər həmişə eyni mövzulara müraciət edib.
Sonra həmin mövzular da məhz ona üz tutub. Beləcə, dialoqları alınıb.
Hər yazısında Əli bəy Hüseynzadə var, Cavid Əfəndi, İsmayıl bəy Qaspıralı,
Əhməd bəy Ağaoğlu, Əhməd Yəsəvi, Mahmud Kaşğari, Bəkir Çobanzadə var.
Hamısı bəydi, xandı, ağadı.
Onların sağlığında yazsa, çoxlu ənam qazanardı.
Yavuz Bülənd Bakilərdən də çox yazıb. Sən demə, Türkiyənin dilindən düşməyən
"Can Azərbaycan" ifadəsinin yiyəsi o kişiymiş!..
***
Azər Turan hər yerdə türkçülüyün izlərini axtarır:
ədəbiyyatşünaslıqda,
memarlıqda,
hətta yandırılmış əlyazmalarda belə.
Axtaran bir gün nələrsə itirir:
gənclik,
sağlamlıq,
var-dövlət...
Əvəzində nəsə qazanmasa da, ümid eləyir:
bəlkə, bir gün Xəzər yenidən okeana birləşəcək?!
Özü də Sakit okeana.
Çünki o, bütün bunları sakitcə görür...
18 noyabr 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
