İşıqla tikilib Bakı gecəsi
Binalar namaza durub, elə bil,
Gəlir Təzəpirdən Əzanın səsi.
Çırpır ağacların fikrini xəzri,
İşıqla tikilib Bakı gecəsi.
Sahildə asılan fənərlər kimi,
Dənizdə çimən Ay üşüyüb, durur.
Dastana bənzəyir Bakı bulvarı,
Ağaclar əldə saz, bir məclis qurub.
Müqəddəs Şəhidlər Xiyabanında,
Hər məzar şəhidçün ana qoynudur.
Burda məzarlar da - qisas heykəli,
Şəhidlər - azadlıq etalonudur.
İsmət heykəlidir o Qız qalası,
Gecələr qalaya dirsəklənir Ay.
Məktuba bənzəyir ağ qağayılar,
Külək varaqlayır dənizi lay, lay.
Küçələr şəhərin damarlarıdır,
Yollardan nur seli axır gecələr.
Şəhəri daşıyır çiyinlərində,
Bu asfalt palanlı yorğun küçələr.
Tıxaclar insafsız vaxt bərəsidir,
Ömrün saatları ovlanır, sanki.
Qırmızı işığa düşür səbrlər,
Qəlblərdə bir ümid közərir - Bakı!
16.05.2026
Ömür doğulandan ov seçilirmiş
Getdiyim küçələr düşür dalımca,
Payız yarpaqları tutur çiynimi.
Kəsirlər yolumu çılpaq budaqlar,
Dilənən qaraçı əlləri kimi.
Tanıdığım qoca gəlir üstümə -
Çörək almaq üçün borc pul istəyir.
- Çatmır təqaüdüm mənə, ay bala,
Əlli il sərasər işlədim - deyir.
Həftədə iş günü - beş barmaq qədər
Olmayıb əlimin şənbə, bazarı.
Davam edir qoca - dövlət atadır -
Hərdən bizləri də düşünsün barı.
...Sərgərdan küləklər döyür qapımı,
Onu da gətirən ehtiyac imiş.
Hörümçək torudur bu zalım zaman,
Ömür doğulandan ov seçilirmiş.
26.10.2026
Bitməyən fəryad
Yurdun qan möhrüdür - şəhid məzarı,
Şəhid olmaq üçün möhlətimmi var?!
Şükür ki, bitməyib ömrümün yolu,
Hələ ayaqlarım yol daşıyırlar -
Vətən!
Sahillərdə bitən dənizlər üçün,
Fəryad qoparırlar ağ qağayılar.
Sərhədlər yarıya böldü ömrünü -
Qağayı könlümün bir fəryadı var -
Vətən!
Xəritə sərhədi torpaqdan çəkir -
Qəlbimdə mən bütöv çəkmişəm səni.
Ağaclar torpaqdan pöhrələnərlər -
Eşqini qəlbimdə əkmişəm sənin -
Vətən!
Anamın əlinin çörək qoxusu,
İlk ana laylamın, südün adısan.
Qürbətdə yaşayan vətənsizlərin
Qəlbində bitməyən bir fəryadısan -
Vətən! Vətən! Vətən!
11.11.2026
İlahi, qorxuram mən bu payızdan
Bir şirin duyğutək yağır yağışlar,
İslanır yuxusu lal gecələrin.
Nəm çəkib payızın sarı köynəyi,
Darıxır sükutu boş küçələrin.
Səkilər, dalanlar poçt qutusudur,
Ayaqlar altında bahar verir can.
Yarpaqlar - ünvansız məktublar kimi -
Poçtalyon küləklər axtarır ünvan.
Payız dağ döşündən, ağac başından
Gəlir, Əzrayıltək - tarimar edir.
Həyatdan köç edən insan kimidir,
Sonda bu dünyadan əliboş gedir.
Yazın yaratdığı gözəllikləri
Xəzana döndərib, niyə məhv edir?
Payız xislətlidir, indi bu dünya:
Dağıtmaq, öldürmək baş alıb, gedir.
İlahi, qorxuram mən bu payızdan,
İçimdə bir ümid qırılıb, söndü.
Haqqı, ədaləti yaşatmır dünya,
Hər şey bu dünyada payıza döndü.
30.08.2026
Sonu görünməyən növbədir dünya
Bir vaxt ayağımın əzbərlədiyi
Cığır - yaddaşından silinib, gedib.
Quşu qayıtmayan yuvalar kimi,
Yelləncək günlərim intihar edib.
Sevincinə ünvan ola bilmədim,
Neyləyim, qapımı tanıyıb dərdlər.
Sonu görünməyən növbədir dünya,
Uğur həmişə gec, əcəl tez gələr.
Ömrümün odunda yanan günlərin
Külü saçlarımda dönübdür ağa.
Barsız ağac kimi sevənim olmaz,
Kölgəsi altına düşən çırağam.
Yaddaş muzeyimin qapısı bağlı,
Nurlu xatirələr min bir sirr deyir.
Hər işıq vicdantək kölgə götürməz,
Hər gözün işığı kölgəli deyil.
05.08.2026
Ana ilk vətəndir
Günlərim quş kimi dən daşıyıblar,
Dən-dən saçlarındı ömür təqvimim.
Könlünü dərdlərə mücrü eylədin,
Hər gün ümid verdin mənə - pul kimi.
Vaxt ölü doğulan başdaşım olub,
Qəlbimdə can verən xatirələrdi.
Ana ilk vətəndir - köç edən gündən
Ömür xəritəmin tamlığı itdi.
Sanki yaxasının düyməsi itib -
Divarın suvaqsız sinəsi açıq.
Salxım söyüdlərin tökülüb saçı,
Elə bil Sibirdən - sürgündən qaçıb.
Saxta pasportdakı şəkil kimidir -
Süni təbəssümlə baxır çiçəklər.
Vəfalı ağaclar dözmürlər daha -
Bu payız baltaya sap verəcəklər.
İşıqtək dünyadan köçür analar,
Azalır dünyanın hər gün işığı.
Saatım sənsizlik ölçür, nə vaxtdır,
Yer də əyilibdir başı aşağı.
25.07.2026
Həmişə çəkibdir bu dəniz məni
Qəfildən başlayan narın yağışlar,
Yağırdı dənizin qış yuxusuna.
Düzülüb dalğalar ağ sətir-sətir,
Şeir misrasıtək ağ yaxasına.
Bənövşə dalğalar - boynubükülü,
Köpüklər ağ çiçək açar telində.
Sular bir nəğmədi - bəmində qəmi,
Qağayı fəryadı vardı zilində.
Şəfəqlər elə bil qızılı sapdı,
Dəniz zərxaradan köynək geyərdi.
Şəfəqlər düşərdi mavi gözünə,
Dəniz xoşbəxtlərtək gülümsəyərdi.
İndi ərzin dərdli gözüdür dəniz,
Hər gün göz yaşının çoxalır duzu.
Zalımlar sahilin kəsdi yolunu,
Hasar arxasında qaldı dənizim.
Yalançı nağıllar aldatdı bizi,
Ovuda bilmir ki, təpə, düz məni.
Günah içindədir indi Yer üzü,
Həmişə çəkibdir bu dəniz məni.
01.03.2026
Uğur bəxtsizləri seçmir
Haqqın tərəzisi əyilir hər gün,
Nuhun gəmisidir ləngər buludlar.
Gecə - əzəmətli Ağrı dağıdır,
Göylərin Yer üçün bir tədbiri var.
Qıfıla düşməyən açarlar kimi,
Çoxları qapından keçmir, a dünya.
Səssizcə ağlayan tənha ağactək,
Uğur bəxtsizləri seçmir, a dünya.
İşıq da uduzur şər qarışanda,
Ağaclar yarpaqla ömrünü tökür.
Dənizçün boğulan nakam çayların
Ruhuna dalğalar salavat çəkir.
Ayaq izimizlə yollar üstündə
Çəkdik ömrümüzün xəritəsini.
Yolun yaddaşından süpürür yellər,
Nakam arzuların ayaq izini.
Hər şeydən ağırmış ümidin yükü,
İnsanlar ömür yox, ümid daşıyır.
"Ol" deyil, "dözdənmi" yaranıb dünya?
Gözləyə, gözləyə hamı yaşayır.
21.07.2026
Elə bil saatlar dar ağacıdır
Budaqlar ağacın budaq cümləsi,
Söz-söz yarpaqları - alın yazısı.
Yazın bəxş etdiyi yaşıl libası
Ayaqlar altına atacaq payız.
Gecələr tanrının əlyazmasıymış,
Silərək hər axşam,
Yenidən yazır.
Elə bil saatlar dar ağacıdır,
An-an ömürləri əqrəbdən asır.
Ayaqyalın qalan küçələr kimi,
Bir ocaq tapmadım isinsin ürək.
Gündüz gəzdirdiyim kölgəmi, axşam
Soyunub asıram qaraçuxatək.
Sevdalı buludlar - Əsliylə Kərəm -
Həyalı gözlərdə çiskin-tər kimi.
İllərimtək köçən durna səsindən
Yağır ayrılıqlar qəm-kədər kimi.
10.07.2026
Türkiyə, Samsun şəhəri
İçində ağlayar tənha ağaclar
Mənəm gözdən uzaq, könüldən iraq,
Hər insan sevər də, unudular da.
Yolumu gözləyən, ay lal bənövşəm,
Sətəlcəm olmusan şaxtada, qarda.
İçində ağlayar tənha ağaclar,
Bir nəğmə oxuyar - qu quşu kimi.
Hər payız ağaclar yarpaq tökərlər,
Nakam sevdaların göz yaşı kimi.
Sevgi vaxtsız gələn qonaq kimidir -
Heç vaxt inadından dönmədi bu eşq.
Dağ dağla rastlaşmaz - biz görüşmədik,
Kimsəsiz ocaqtək sönmədi bu eşq.
Sevgidən o qədər danışardım ki,
Bütün söyüdləri Məcnun eylədim.
Keçmir abır-həya radarlarımdan -
Tutub, o günləri bir-bir əylədim.
Sevginin düsturu yoxmuş dünyada,
Bənzəmir tez köçən mayın qarına.
Sevgilər oxşayır - səhər Günəşi
Gözləyən güllərin göz yaşlarına.
Məni sevənlərin ahımı tutdu?
Bitdi yollarımda həsrətin çəni.
Qırdığım qarağat, moruq kolları,
Sizin qarğışınız tutubdur məni.
08.02.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
