1983-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Dinşünaslıq fakültəsini bitirib. Üç publisistik kitab müəllifidir.
***
Gəlsənə səninlə oyun oynayaq,
Oyuna adı da özün qoyarsan.
Sonra da quşlara daş atıb qaçaq,
Qayıdıb onları özün sayarsan...
Gəlsənə səninlə oyun oynayaq,
Gizlənpaç oynayaq, gizlənək, tapaq.
Nə qədər oynasaq, yenə doymayaq,
Ulduzdan sallaşaq, aya yapışaq.
Gəlsənə səninlə oyun oynayaq,
Sənin üzün gülsün, mənim ürəyim.
Göydən o tərəfə baxaq, boylanaq,
Sənin sevincinə mən də sevinim...
***
Fikir gözlərimdə şimşəktək çaxdı,
Zülmətin ruhları doluşdu evə.
Yağış da yox idi, birdən başladı,
Sanki kimsə qəfil daş atdı göyə.
Göylər parçalandı, vay-şüvən saldı,
Qorxudan titrədi ağacın içi...
Yarpağın əlləri üzündə qaldı,
Budaqdan üzüldü sonuncu sapı.
Külək də dırmaşdı evin damına,
Tutub bacamızdan səs-küy qopardı.
Necə də bənzəyir əcəl zənginə,
Bu səs ürəyimi üzüb apardı.
Ocağın üstündə süd aşdı-daşdı,
Qazan da çevrildi üzü aşağı,
Qarışqa səksənib haraya çatdı,
Tezcə təmizlədi küncü-bucağı.
Qaranlıq qəhqəhə çəkib dayandı,
Göy də öz səsini boğdu içində.
Yağış da dayandı, işıq da yandı,
Ay da qorxa-qorxa çıxdı evindən.
Şamları söndürdük, şamdanı atdıq.
Gecə oğurlayıb zülməti satdıq.
***
Quyuya boylandım, quyu qaranlıq,
Gecənin bulanıq suyu qaranlıq,
Zülmətdən-zülmətə yollar var imiş -
Adamlar yol gedir, huyu qaranlıq...
Yanımda çığırdı bir dəli şeytan,
Diksindim, udqundum, durdum bir anlıq...
Ömrüm bir ox kimi çıxdı yayından,
Nağıllar, xəyallar qurdum bir anlıq.
Yarpaqlar birbəbir uçdu havada,
Ağac çılpaq qaldı, cılız göründü...
Xatirə dəftəri vərəqlənəndə
Yaşamaq nədənsə ucuz göründü.
***
Əvvəl bulud gəldi, yarpaq üşüdü,
Sonra pəncərəmi bir meh oxşadı,
Gecənin öz səsi birdən kəsildi,
Küçədə bir uşaq bərkdən ağladı.
Sonra qarğış deyən bir qadın səsi
Qarışdı zülmətin rəngsiz səsinə...
Çilik-çilik oldu səsin şüşəsi,
Bir göyərçin uçdu divin qəsrinə.
Deyirlər, uşaqlar günahsız olur,
Qarğıma uşağı, qarğıma, Qadın!
O uşağı gətir, mənə bağışla,
Bağrıma basacam, bağrıma, Qadın!
***
Mən yenə gəlmişəm sizin şəhərə,
Burda nə çox yol var, üzü aşağı?!
Küçəniz hardadı, eviniz harda?
Özün bəs hardasan, bilmirəm axı...
İndi hara gedim, hara yol alım?
Hansı yol aparar bəs məni sizə?
Hardan durub baxım, harda dayanım?
Mən necə edim ki, gələk üz-üzə?
Yerini bilmirəm, hardasan axı?
Mən necə gələcəm bilmədən sizə?
Niyə boş qalıbdı sahillər axı?
Quşlar uçub gedib uzaq dənizə...
***
Qəfildən parladı zülmətin gözü,
Ay da qorxub endi qaranlıq gölə.
İşıq yoxa çıxdı, özü gizləndi,
Qorxdu zülmət onu yarıya bölə.
Ay qəfildən qalxdı düşdüyü göldən,
Kölgələr dolaşdı divarlar boyu.
Axı bu nə səsdir, evin içində,
Kiminçün oxuyur ruhların xoru?
Bir az istiləndim, bir az üşüdüm,
Nə yaxşı durmuşuq üz-üzə, Tanrı!
Titrəyən şam oldum, yandım, əridim,
Göylərdən enmisən, gəl bizə, Tanrı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
