Vaxta qəsdin şeiri
Məndə o daş hanı ürək qıram, dost?!
Söz atıb barına vaxt öldürürəm.
Mən ki bu zəmanədə yaşamıram, dost,
Düşüb axarına vaxt öldürürəm.
Yada salmıram da bir çox söhbəti,
Çoxdan unudulub ac-tox söhbəti.
Etmirəm dünyayla var-yox söhbəti,
Yoxuna, varına vaxt öldürürəm.
Dəryada suyuna, çöldə qumuna,
Payız ümid əkdim yazlıq tumuna.
Dərənin qaranlıq uçurumuna,
Zirvənin qarına vaxt öldürürəm.
Kimi var adamın varıb sığına?!
Ömrümüz urcahdı qəmin tığına.
Gün var ki, gündüzün ağ işığına,
Gecənin tarına vaxt öldürürəm.
İnciyib küsməyin sorma nədənin,
Suç nə torpağındır, günah nə dənin.
Quloyşa adamlar sanır vətənin,
Gülöyşə narına vaxt öldürürəm.
Bir-iki dost qalıb saymağa saya,
Daha dilək yoxdu yetişsin baya.
Sığışa bilmədik bu gen dünyaya,
Məzarın darına vaxt öldürürəm.
Sonu almasız nağıl
Olur ki, olmayır başımda huşum,
Yerindən oynadar hansı söz səni?
Nərbala deyilsən bir söz soruşum,-
Yuxuya verdimi Təpəgöz səni?
Sabaha çıxaydı qızıl alma kaş,
Daldın yuxusuna tamahı bədin.
Sən nə şah atasan, nə zadə qardaş,
Nə də ta özüsən Məlikməmmədin.
Nə qiymət bəllidir, varsa, nə qədir,
Hər kəs də özünü Haqqa yar bilər.
Quyunun dibinə düşmək necədir,
Kəndiri kəsilən adamlar bilər.
Saçından asdımı qara div səni,
Qırxgünlük yuxuya getdimi sonra?
Quyuya düşdümü bir ipiqırıq,
Divləri döyəcər etdimi sonra?
Qırx günlük güləşlər düşməz ağızdan,
İgid öz gücünü biləkdə tutar.
Gözəl, arzun nədir?...
soruşma qızdan,
Açsan saçlarını dilək də tutar.
Vicdan söhbətidir hər daşın sonu,
Nə ürək ürəkdir, dost, nə də ki can.
Sülh olmur divlərlə savaşın sonu,
Göyərçin idimi şüşədəki can?..
Bəs ağıl qüvvətdən üstün deyilmi,
Hər qoluzorlunun bir də babı var.
Quşdumu, fərq etməz, adammı, filmi,
Boğaz üzməyin də öz hesabı var.
Çoxdu axtaran kəs insafı dində,
Düz sözü deyəndi atalar üçdən.
Bir də görərsən ki, küncün birində,
Kimdisə yük tutur qızıl-gümüşdən.
Nə sirri-xudadır, düşün, tap elə,
Kəndir kəsənlərin üzə şən çıxar.
Qızıl cəhənnəmə, gümüş...
lap elə,
Xilas eylədiyin qız əldən çıxar.
Bəni-Adəm devi yıxası olsa,
Atılıb ağ qoçu minmək var hələ.
Qaranlıq dünyadan çıxası olsa,
"Qa" deyər, "qu" deyər Simurğlar hələ.
Başın daşdan-daşa dəydisə dinc dur,
Daha nə inam var, nə də o həvəs.
Ancaq nağıllarda qayıtmaq olur,
Qoyub da getdiyin dünya hanı bəs?
Səni zülmə salan qızıl almalar,
Nağılın sonunda üç dənə düşməz.
O haqq dediyin şey hər nəsə ki, var,
Düşsə də bircəsi...
Yox, sənə düşməz!
Bir ömürlük şeir
Ayrılıq dediyin ölüm ha deyil,
Boş yerə özünü üzmə sən qəti.
Dağılan deyildir dünya, yaxşı bil,
Yer yerdən oynamaz, göy göydən qəti.
Adam çapdığıdır bəxtin kor atı,
Nəyisə tərs yazıb qurban olduğum.
Ovucla ölçülür insan həyatı,
Ümmanda su zənn et, biyabanda qum.
Allahla əlləşər girib min dona,
Kimə ki Tanrısı, taleyi yardır.
Hər kəsin axırı varmaz xoş sona,
Bunun tapıntısı, itkisi vardır.
İstiyə-soyuğa düşür can artıq,
Yanğısı yanğındır, ayazı belə.
Sevgi də olmasın ifratdan artıq,
Dərini elədir, dayazı belə.
Dünya çox gözəldir, çalış, dolan-gəz,
Düşmənə dərd olar dostun çoxluğu.
Heç kimin halını dəyişə bilməz
Dünən var olanın bu gün yoxluğu.
İnsan əzab çəkir bəxt olanda kür,
Həyat xoş olmalı bəlkə... ya deyil.
Hər kəsin bəxtinə biri düşübdür,
Ayrılıq dediyin ölüm ha deyil.
Var dünyanın yox yeri
Düşdüm yox yerinə bir dünya varın,
Görünür taleyin mənə qəsdi var.
Duası ünvana çatmayanların
Mömini, kafiri, bütpərəsti var.
Bəlkə də taleyin zarafatıdır,
Doğma dediklərim dönüb oldu yad.
Məndə tənhalığın yeddi qatıdır,
Gah özüm qəribəm, gah da yoldu yad.
Nə Tanrı köməkdir, nə Allah kərim,
Duayla dəyişməz bəndənin halı.
Azadlıq istərkən göydən əllərim,
Qolumda bazubənd oldu qandalı.
Meyli yağışadır bu il də yazın,
Buludlar köksünü yamanca gərib.
Düşər-düşməzi var olar-olmazın,
Küsən yerdən umur tale şoğərib...
O kimdi söyləyən yaşamaq xoşdur?
Basır damarına bəxt adamların.
Göyü də, yeri də, ovcum da boşdur,
Düşdüm yox vaxtına bir dünya varın.
Üstünə
Çox şey dəyişdi ətrafda, -
dostlar,
yol,
xəstəliklər,
Yaş gəldikcə yaş oldu işlər yaşın üstünə.
İstər şərdə xeyir gəz, istərsə xeyirdə şər,
Əlin sualtək qonsun qara qaşın üstünə.
Gecə yuxuda şah ol, gündüz fəhlə - daş daşı,
Quru yuyub sərdiyin adamları yaş daşı.
Nə ad qoyursansa qoy, - elçi daşı, başdaşı,
Daş qoyan tapılmadı çopur daşın üstünə.
Nə bilim, nə dərd gəlir hər rəngin çalarından,
Gündüz yenilməsindən, axşam udmalarından.
Kimin sığortası var ürəktutmalarından?!
Bir də təlaş gətirər xof təlaşın üstünə.
Qızıl güllə yaraşmır hər kəsin qaşqasına,
Ya daş sına, ya da baş, ya da ki qaşqa sına.
And yeridir birinə, qurbanlıq, - başqasına,
"Baş üstə" deyə biri bir də başın üstünə.
Bir də o payıza
Ömrün yaman vaxtı yetişdi daha,
Küsüb varacağın yol bəlli olmaz.
Kimsə dönüb baxmaz çəkdiyin aha,
Nimdaş xatirələr təsəlli olmaz.
Sınmış qanad üçün necə ağırmış,
Ağrılar içində uça getməyi.
Ürəyin bir yana, gözünü qırmış,
Bir zərrə ümidin puça getməyi.
Daha kölgəsi də keçməz yanından,
Zaman ağrısını tökər araya.
Sonra son nəfəstək çıxar canından,
Bir məzar sükutu çökər araya.
Bir də...
unutduğun ilk görüş yeri...
Yolun düşər hansı yönə, bilməzsən.
Yüz dəfə çəksən də saatı geri,
Bir də o payıza dönə bilməzsən.
Cəzadır zamanın qışına düşmək,
Şaxtası canına hopar buzluğun.
Əcəli üstünü kəsən qoca tək
Düşərsən cənginə yuxusuzluğun.
Özün ol son kərə dua edərkən,
Hər kəsin özünə görə piri var.
Nə yaxşı dünyadan çıxıb gedərkən,
"Mən ölü, sən diri..." susan biri var.
Gedərəm
Hərdən ürəyimə deyirəm ol daş,
Olmur, barı, canım ola, gedərəm.
Yola gətirməyə olmasa yoldaş,
Kimisə taparam, yola gedərəm.
Ömür dedikləri axarı sutək,
Eşqin son rəqsini eləyib qutək,
Bir soyuq qış günü yaz buludutək,
Tutula, boşala, dola gedərəm.
Nə bilim, bəlkə də nəsə ağ olmuş,
Keçmiş yaxşı dövran, gözəl çağ olmuş.
Məndə can qalmadı, canı sağ olmuş,
Sən sağa, mən dönüb sola gedərəm.
Əlbət, gün gələr ki, olar olmazı,
Səbir kasasının dolar olması...
Çoxdur bu dünyanın olar-olmazı,
Olmaya gedərəm, ola gedərəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
