"Təzadlar" silsiləsi - İlkin ÖZ

 

Naməlum qadına məktub

 

Fotoşəklini çəkən fotoqraf

Çox gözəl olduğunu demişdi.

Satıcı aldığın bozumtul gödəkçənin

Sənə çox yaraşdığını söyləmişdi...

 

Hər gün rastlaşdığın adamlar da

Xalaxətrin, üzünə gülmsəmişdi.

 

Və sən bunları səmimi qəbul etmişdin,

Ancaq bilməmişdin:

Qəlbindəki hərarət az

Gözlərindəki məna dayazdı.

 

Bağışla məni...

Bağışla ki, səndən

şeir düzəldə bilmədim...          

 

 

Kredit

 

Səndən sonra inan ki,

qaydasındadır hər şey:

 

hərdən dua edir,

hərdən içirəm.

Bəzən ağlayır,

bəzən gülürəm...

 

Qaydasındadır hər şey,

narahat olma,

bircə ömürlük kreditim qalıb

Allaha...

 

 

Gözəllik dərsi

 

Müəlliməyə

 

Həyatın mənə verdiyi

bütün dərsləri unutmuşam...

Mənə hər şeyi öyrət təzədən.

Qoy ilk mövzu "gözəllik" olsun,

uzağa getmə, eləcə tanıt özünü,

danış özündən...

Mənə xoşbəxtliyin kitablarda yox,

reallıqda olduğunu göstər.

Göstər ki, onu səmada deyil,

Yerdə axtarım...

 

 

"Təbii intellekt"

 

Hərdən deyirlər ki, nə özünü

dağ başına qoymusan,

ayağının altını görmürsən?

Cavabım sadədi:

Mən ayaq altda qalmağı

seçmədim!

 

 

Məsləhət

 

Mənə yol göstərmək istəyən

Heç kəsə ironiyayla demirəm siz kimsiniz?

Çünki "Süni intellekt" kimisiniz...

 

 

Müasir düşüncə

 

"Ağıllı insan"lar

üstümə dəyənəklə gəlir

ilk "əmək aləti"ni

göstərmək üçün...       

 

 

"Filosofcasına"

 

Hər kəsin eşitdiyi, ancaq

heç kəsin başa düşmədiyi

mənasız söz yığınına

"Fəlsəfə" deyilir...

 

 

Gənclik və Gələcək

 

Məhdudiyyət və məhrumiyyətlərin

məngənəsində əzilmiş gənclikdən

gözlənti və gələcək vədi

korlara gecə sayrışan ulduzlardan

sübh çağı doğan günəşdən

danışmaq kimidir!

 

 

Plakat

 

Meşə yanğınları planetin,

ürək yanğısından çıxan

hər qullab tüstü, insanın

ciyərlərini məhv edir...

 

***

Əvvəl heyvani hisslər,

sonra heyvan,

daha sonra insan yarandı...

Qanunlar isə heyvani instinktləri

insanlardan qorumaqçün yaradıldı...

 

***

Dünyayla dalaşmaq asanmış, demə,

Çətini qadınla barışmaq imiş...

 

***

Şeir yazmaqdan savayı

əlindən heç nə gəlməyən

gənc şair, cana doyub

sevgi romanlarını yandırdı;

bütün nakam eşqlərin acığını çıxdı...

 

***

Göy lazım deyil,

yer bəsimdir.

Dəniz lazım deyil,

göl bəsimdir.

Özgəsi lazım deyil,

elə sən də, elə sən də...

 

***

Boğazda düyünlənmiş

hər kəlmə sözdən

kəndirtək asılıyam:

Desəm, öldürərlər,

deməsəm, ölləm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!