Şeirlər - İslam SADIQ

 

Heç kimi Vətəndən yetim qalmasın

 

Atasız olsan da, hələ anan var,

Gözündən yayınsan səsləyər səni.

Dalına şəlləyər, bağrına basar,

Ağzında dil kimi bəsləyər səni.

 

Anasız olsan da, atan var hələ,

O sənə həm ata, həm ana olar.

Atanın gözündə inan ki, elə

Sən bir yana, dünya bir yana olar.

 

Hərdən qəlbimizə dərd, qəm dolsa da,

Tək ölüm olmasın, itim olmasın.

Atadan, anadan yetim qalsa da,

Heç kimi Vətəndən yetim qalmasın.

 

 

Deyim

 

Yerin ildə dörd yol dəyişir donu,

Üçün əvvəlidir ikinin sonu.

Heç kimə deyilməz bir söz var, onu

Sən çiçəyə deynən, mən gülə deyim.

 

Sözü qara varmı, üzü ağ olsun.

Üzü qara varmı, sözü ağ olsun?!

Sözü duymayandan qoy uzaq olsun

Sən dodağa deynən, mən dilə deyim.

 

İslam Sadıq suya düşmüş bir arı,

Heç vaxt əl uzatmaz nadana sarı.

Bu sirri açmasın heç kimə, barı,

Sən darağa deynən, mən telə deyim.

 

 

Günəşi yuxudan mən oyadıram

 

Bir salam deyirəm hər səhər qaçıb,

Yolumu gözləyir bu çöl, bu çəmən.

Səhərin gözünü qələmlə açıb,

Qələmlə sökürəm dan yerini mən.

 

Hər gün dağıdıram bu toranlığı,

Qovuram buludu göyün üzündən.

Hələ yuxudaykən dan qaranlığı,

Ustufca öpürəm günün gözündən.

 

Keçə tərlik qoyub onun altına,

Günəşin atını yəhərləyirəm.

Günəşi mindirib kəhər atına,

Gecəni beləcə səhərləyirəm.

 

Bəlkə yatıb qalar mən oyatmasam,

Günəşi yuxudan mən oyadıram.

Kim nura boyadar mən boyatmasam,

Bu dünyanı nura mən boyadıram.

 

 

Tanıdır

 

Durammır bir ləkə yaxmasa ağa,

Nəsə bir şey qatsın çalışır yağa.

Başı duman-çənsiz olmayan dağa

Dumanı tanıdır, çəni tanıdır.

 

Görmədim bir dərdli görüb acıya,

Şirin versən onu qatmaz acıya.

Qırx il dən üyüdən dəyirmançıya

İlk dəfə dən görən dəni tanıdır.

 

Çox şey görüb sinəm, od alıb yenə,

Mənə gələn payı yad alıb yenə.

Əlinə bir xışma od alıb yenə,

Özü cən görməyən cənu tanıdır.

 

İslam Sadıq tutar hərdən üz göyə,

Gözündə göy dönər gözəl güzgüyə.

Elə bil mənə yox, deyir özgəyə,

Zalım oğlu mənə məni tanıdır.

 

 

Qələm

 

Tox var, acdı; ac var, toxdu bəlkə də,

Yazdığım şeirdən çoxdu bəlkə də,

Heç sayı-hesabı yoxdu bəlkə də

Sən mənim dərdimi sanasan, qələm.

 

Səni burda qoyub kimi duyum mən?!

Səni duymayana yoxsa uyum mən?!

Öpüb-oxşamaqdan necə doyum mən?!

Sevdiyim gözəlsən, sonasan, qələm.

 

Əlimdə silahım, başımda tacım,

Dilində ballaşıb nə qədər acım.

Səndən başqa kim var, dərdimi açım?!

Sən mənə bacısan, anasan, qələm.

 

Qorxuram yolunu sən də azasan,

Birdən bu kağıza yalan yazasan.

Düzə qələm çəkib, onu pozasan,

Göydə günəşi də danasan, qələm.

 

Çaşıb ilqarımı sınama bir gün,

Xal salma məndəki inama bir gün.

Əgər dönük çıxsan İslama bir gün,

Elə həmin günü sınasan, qələm.

 

 

Bazarına

 

Əgər özü salsa cığırı, izi

Büdrəməz yoxuşda adamın dizi.

Gəlmişəm soyunub dumanı, sisi

Duman bazarına, sis bazarına.

 

Bir ilğıma döndüm, görünüb gəldim,

Göydə uçub, yerdə sürünüb gəldim.

Özüm boyda oda bürünüb gəldim

Qurum bazarına, his bazarına.

 

Gah yerə vuruldun, gah da göyə sən,

İstədin işıqdan bir don geyəsən.

Hamı yaxşı bazar tapdı deyəsən,

Mən düşdüm taleyin pis bazarına.

 

İslam Sadıq, düşdüm bir gülzara mən,

Gülzarda tuş oldum min azara mən.

Yanılıb gəlmişəm bu bazara mən,

Qızıl çıxartmışam mis bazarına.

 

 

Açılmır

 

Söylədən ürəkdi, söyləyən dildi,

Bir xoş söz min qəlbin pasını sildi.

Qış gedir, yaz gəlir gör neçə ildi,

Çiçəyim çırtlamır, gülüm açılmır.

 

İnsan yeri-göyü gəzdi, doymadı,

Dünən duyduğunu bu gün duymadı.

Bəlkə açılmamış bir şey qoymadı,

Görün necə sirdi, ölüm açılmır.

 

İndi göy üzündən daha betərəm,

Şimşəksiz-filansız gur-gur ötərəm.

Girsəm, öz içimdə bəlkə itərəm,

İçim tutulubdu, çölüm açılmır.

 

Adam var, bildirməz nəyi bilsə də,

Sevinci paylaşmaz dərdi bölsə də.

Gözümdə gülüş yox günəş gülsə də,

Hava açılsa da, könlüm açılmır.

 

Dağlanan nə çəkir, duymaz dağlayan,

Nə deyir ovcunda daşı saxlayan.

Özü bilə-bilə bəlkə bağlayan

Elə düyün salıb, zülüm açılmır.

 

 

Düşmənə

 

Yeriyən ağacam, gəzən daşam mən,

Bəzən ipəyəm mən, bəzən daşam mən.

Düşmənin bağrını əzən daşam mən,

Qarşıma çıxmasın deyin, düşmənə.

 

Qərəzi torpaqda, qəsdi yerdədi,

Yaxşıdı, göydədi; pisdi, yerdədi.

Hələ onun ağzı isti yerdədi,

Öyrədəcəm soyun, geyin düşmənə.

 

Gözünə nə dəydi, çaşıb döyükdü,

Elə bilir milçək fildən böyükdü.

İndi kölgəsi də özünə yükdü

Dünən məndən bir az yeyin düşmənə.

 

Güllə yağışına düşüb çimdik də,

Yenə əyilmədik, durduq dimdik də.

Xeyri olmayacaq bircə çimdik də

Saldığı bu hayın, küyün düşmənə.

 

Mən gəzən dağlara duman, çən çökər,

İslam Sadıq onu üfürüb sökər.

Mənə düyün vursa bir yerdən əgər,

Vuracam yüz yerdən düyün düşmənə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!