Quşcuğaz
Çiynim başına yastıq, ovcum əlinə yuva,
Payız yorğun görünür, bir az tutqundu hava,
Xəzərin sahilində yenə qələbəlikdi,
Yenə dərsdən qaçmışıq, neynək, tələbəlikdi,
Dəniz bizsiz darıxar, dəniz tanıyır bizi,
Vaxtında gəlirik ki, ağlatmayaq dənizi,
Bizim öz yerimiz var dünyanın bir küncündə,
Bizdən başqa kimsə yox bizli dünya içində,
Dayanmışıq sahildə dəniz gözündən dayaz,
Ovcum quş yuvasıdı, əlin körpə quşcuğaz!
...Gözlərini yumursan ətrafı görməyəsən,
Nə qohumu, nə dostu, nə yadı görməyəsən,
Görməyəsən dünyanı, gözlərini yumursan,
Yalnız mənli dünyada arxayın uyuyursan,
Dönüb bizə baxdıqca dəniz də duyğulanıb,
Oxuyur həzin-həzin ləpələr yırğalanıb,
Elə gözəl andı ki, sənə toxunmaq olmaz,
Arzuların qanaqlı, özün körpə quşcuğaz...
Bir də unutma
Qayğısız-qayğısız addımlayırıq...
Şəhər təslim olub işıqlarına.
Dedin ki, ulduzlar üşüməz yəqin,
Göylər ulduzları basıb bağrına!
Dedin, yanaqlarım oddu elə bil,
Yoxsa,.. ulduz-ulduz alışır gecə.
Dedim, bəs əllərin soyuqdu axı,
Baxdın,.. gülümsədin ürəyindəcə.
Sonra,..
Addımladıq dənizə sarı,
Bizə yoldaş oldu ay işığı da;
Sevdalı Xəzərin mavi suları -
Dedin ki, nazlanır ay işığında...
Beləcə,..
Sahildə dayanmışıq biz,
Sahildən o yana getmirik daha.
Ərköyün-ərköyün qabarır dəniz,
Elə bil dönübdü dəcəl uşağa!
Göz qoyub xəlvəti baxıram sənə,
Fikrin harda isə özündə deyil.
Dənizmi köçübdü duyğularına,
Dalğalar görəsən sənə nə deyir?!
Baxıram,.. utanacaq ayın işığı
Üzündən sürüşüb dənizə düşür.
Birdən dalğaların qoynundan qopan
İşıqlar, sahilə çatıb, görüşür...
Bu dəm,
Qabaqlaşır baxışlarımız.
Heyrətdən alışan ocaq kimiyik!
Sevdalı şərqilər ötən dənizin,
Mizrabsız çalınan bir cüt simiyik!
Birdən,..
Qəmli-qəmli pıçıldayırsan:
Nəsə, gözlərin də qəmli görünür...
Əllərim titrəyən çiyninə enir,
Həyəcan qarışıq qəlbim döyünür.
Deyirəm: - Qəfildən nə oldu sənə,
Axı qəm etməyə ehtiyacmı var?!
Yenə lap astadan pıçıldayırsan:
- Sənə yalvarıram, bir də unutma,
Məni qəlbindəki yerimə qaytar!
Olmasın
Bağbanın ümid yeridi,
Bağçalar barsız olmasın.
Dağların şah əsəridi,
Zirvələr qarsız olmasın.
Göylər dolub ağlayanda,
Çaylar coşub çağlayanda,
Nəğməsini oxuyanda,
Kamança tarsız olmasın.
Sevgi yoxsa ruhda, canda,
Şirin olmaz doğulan da.
Həyat adlı imtahanda
Heç kəsi yarsız olmasın.
Bilirdim
Bir az qürurluydun, bir az da fağır,
Fikirli dayanar, az danışardın,
Baxışın duyğulu, yerişin ağır,
Tez küsər, amma ki, gec barışardın.
Qəribə qızıydın sözün qısası,
Bir az çətin idi səni anlamaq.
Qaynar gözlərinin soyuq havası,..
Nə öymək olurdu, nə də danlamaq.
Düzünü söyləsəm, sən bu halınla
Köçüb ürəyimdə qalırdın mənim.
Bir də ağ üzündə qara xalınla
Ağlımı başımdan alırdın mənim.
Nə deyim, elə bil sən mənim üçün
Kül altda gizlənən atəş kimiydin.
Tərtəmiz gözlərin, boyasız üzün,
Bulud arxasında günəş kimiydin.
Tək mənim xoşuma gələsən deyə,
Belə görünürdün bəlkə də qəsdən.
Bilirdim, hamıdan qaçırsan niyə,
Niyə dayanırsan yolumun üstdə...
Unudulan yollar
Dərənin başında bir yol dayanıb,
Baxır uzaqlara əli qaşında.
Nə qədər göynəyən xatirə qalıb
Bu tənha yolların daş yaddaşında.
Bu yollar nələrin şahidi olub,
Dindirsən danışar, nəfəs dərmədən.
Düşünür, darıxır, gözləri dolub,
Geriyə dönməyir gedənlər nədən?!.
Yolları unudan adamlar ki, var,
Gözləmə kiminsə dadına çatsın.
Adamsız darıxan bu yollar ki, var,
Qorxuram dərədən özünü atsın...
Xatirələrin
Qocalan zamanın daş yaddaşında,
Duyğusu, istəyi uşaq yaşında,
Bir dərə qaşında, bulaq başında
Oxuyan səsimdi xatirələrin.
Kədərli gözləri, qaynar baxışı,
Küləkli payızı, boranlı qışı,
Bir tənha söyüdü, dəli yağışı
Sevmək həvəsimdi xatirələrin.
Hər gecə özümə danışmaq üçün,
Hərdən küsmək üçün, barışmaq üçün,
Hey səni düşünüb darıxmaq üçün,
Bir ömür bəsimdi xatirələrin.
Anamın zəngi
Telefonum çağırır,
Monitora baxıram,
Zəng edən listəsində
Adın yazılıb, anam,
Adına da qurbanam,
Zənginə də qurbanam,
Səsin bir məlhəm kimi
Axır damarlarıma...
Dönüb uşaq oluram
Anamla danışanda,
Dilim də şirinləşir,
Sözüm də şeirləşir
Anamla danışanda...
- Şəhər çoxmu istidi?
Yollar çoxmu tıxacdı?..
Səni yuxuda gördüm,
Gecə yuxum da qaçdı...
- Ay ana, mən yaxşıyam!
Səsim kövrəlir bu an...
Anam bir də soruşur:
- Yenə gecmi yatırsan?
Yaxşımı dincəlirsən?..
Bilirəm, ən axırda
Anam soruşacaq ki:
- Kəndə nə vaxt gəlirsən?
Yollar
Yol var görüşdürür, yol var ayırır,
Bir ucu həsrətdi, bir ucu vüsal.
Dərəyə endirir, dağa qaldırır,
Yollar kədərlidi, yollar duyğusal.
Addımlar çevrilən vərəqləridi,
Oxunur xatirə dəftəri kimi.
Orda xatirələr hər vaxt diridi,
Yollar ömrümüzün köklənən simi.
Hərənin bəxtində bir ömür yolu,
Mənim də bəxtimə dağ yolu düşdü.
Yaşanan yaşanıb, olanlar olub,
Gəldim, yollarımla bir də görüşdüm.
Gəldim, mehr salım daşa-kəsəyə,
Bulaqlar oxusun - içim səsini.
Burda ehtiyacım yoxdu kimsəyə,
Dağlarla qol-boyun olsam, bəsimdi.
Dərənin qaşında, çayın üstündə
Uşaqlıq illərim qarşıma çıxsın.
Axtarıb izimi tapana kimi
Gözlər qəribsəsin, ürək darıxsın...
Gəldim, meşəsində ruhum dincələ,
Təzə-tər nəfəsə ehtiyacım var.
Məni çox sıxırdı əyri küçələr,
Nə yaxşı görüşdük, a geniş yollar!
...Bax, o dağdan aşıb, dərəyə ensəm,
Yaylağa çatmağa bir təpə qalır.
O kəmənd qayanın boynuna minsəm,
Göylərə,.. tək bircə mərtəbə qalır...
Bir payız günü
Bu payız günündə darıxdım yaman,
Gedim, tək ağacla görüşə gedim,
Onsuz olmayacaq halıma yanan,
Bir az dərdləşərik onunla dedim.
Bir də ki, tək ağac mənimçün elə
Hər zaman fikirli payız kimidi.
Kimə deyəsən ki, gəl məni dinlə,
Çoxdan duyğularım yalqız kimidi.
Hərənin qayğısı başından aşır,
Hərənin əlində öz telefonu.
Başımda qəribə fikir dolaşır:
Robotmu olacaq hər şeyin sonu?!.
Hardasa gizləyib zaman özünü,
Qarışıq görünür onun da işi.
Adamsız qaldığım bu payız günü
Gedim, tək ağacla bir az dərdləşim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
