
***
Allahın öz adamı var,
Bu dünya yiyəsiz deyil,
Hər yerdə yüz adamı var.
Əyrini döyüb düzəldən
Gör neçə düz adamı var.
Ahı fələkdən keçməyən,
Dəni küləkdən keçməyən,
Sözü ələkdən keçməyən,
Nə qədər söz adamı var.
Füzulidi söz Allahı!
Vicdan - qəlbin düz Allahı.
Adamların öz Allahı,
Allahın öz adamı var.
***
İlahi sirləri eyləyir bəyan,
Şeir - ruhun səsi, can əsəridir.
Şair doğulanlar maaş almayan,
Allahın yerdəki mirzələridi.
Haçan çiliklənsə könül şüşəsi,
Dostu zülmət gecə, bir dar otaqdı.
Varaqlar üstündə işi-peşəsi
Sözə ağlamadan gün ağlamaqdı.
Qüssələr əlində sıxılan canı,
Xəyalən nə qədər yollar yorubdu.
Yeri Nəsiminin tökülən qanı,
Göyü Füzulinin ahı tutubdu.
Qismətinə çıxan zil qaradı baxt,
Günlərin üzü boz, dadı da acı.
"Mükafat" verilir şairə çox vaxt:
Ya zindan, ya sürgün, ya dar ağacı.
Sehrli cəlladdır canında, gerçək
Gözə görünməyən ilham pərisi.
Edam kürsüsündə acı soğantək,
Soyulmaq üçündür şair dərisi.
Rəssam ol, qəlbinin əzabını çək
İçində tufanlar oynayan anda.
Hardasa bir şair kövrəlib demək,
Bulud leysan töküb, göy qaralanda.
Ən dadlı misradı ləziz loxması,
Qələmi durnalar salan lələkdi.
Həyatda nə qədər dostu-doğması
Olsa da, qəlbində həmişə təkdi.
Nanə yarpağıtək ürəyi əsir,
Bir tutqun baxışa, bir titrək səsə.
Ruhu göy üzündə cismini gəzir,
Kimsə qınamasın salam verməsə.
Yanıb siqarında tüstülənir qəm,
Göyün dərdlərini yerdə əyləyir.
Bu zalım dünyayla vuruşub hər dəm,
Özünü özündən "xilas" eyləyir.
Hər sözü əyirib şeir toxuyur,
İlməsi qəlb işi, könül işidir.
Şairin sözünü bəndə oxuyur,
Şairin səsini Allah eşidir.
Yuxu
Çıxıb bu həsrətin, qəmin sonuna
Sərhədlər keçmisən kim bilir, necə...
Bürünüb fevralın bəyaz donuna,
Yol azıb yuxuma gəlmişdin gecə.
Gizli gəlişində min-min həyəcan,
Hamının yuxuya qarışıb başı.
Mənim ünvanımı necə tapmısan?
Yol sənə nabələd, sən yola naşı.
Uçub mələk kimi yerlərdən göyə,
Axı necə gedib, necə gəlirsən?
Gündüz günəş səni görməsin deyə
Onunçun görüşə gecə gəlirsən?
Üç il bundan qabaq biz görüşəndə,
Əl edib: "Əlvida", - dedin son dəfə.
Sevincdən yuxuda səni görəndə,
Dolandım başına, bəlkə, on dəfə.
Nə yaxşı, heyrətdən gecə ölmədim,
Eşqimi köksünə sıxıb getmisən.
Arxanca qaçsam da, çata bilmədim,
Sabah ayıldım ki, çıxıb getmisən.
Buz kimi üşüdür dilimi adın,
Həsrətin qəlpətək gəzir bədəndə.
Bircə söz də deyib sağollaşmadın,
Xəbər eyləməzmi adam gedəndə?
Yanar çırtım-çırtım eşqin sacında
Nə vaxt sənin üçün darıxsa ürək.
Durub axşamların yolayrıcında,
Yuxumda yolunu gözləyəm gərək.
Qəlbimin istəyin söyləsəm, olar?
Yetir, bu arzuma sən məni yetir.
Bir də görüşümə gələndə, nolar,
Qala biləcəyin yuxunu gətir.
Ürəyimin şəklidi şeirlərim
Təbrizlidi, tehranlıdı, dərbəndlidi,
Bakılıdı, şəkilidi şeirlərim.
Fikir-fikir yol salmışam, yollar boyu
Döşəməli, səkilidi şeirlərim.
Danı söküb gözlərimin qarasında,
Qanı axıb qazi-şəhid yarasında;
əllərimlə ürəyimin arasında
Toxum kimi əkilidi şeirlərim.
Yaşı axsın, qurtarınca qoy gözümün,
Haracandır səbri görüm bu dözümün?!
Vəbalını daşıdığım hər sözümün
Məndən sonra vəkilidi şeirlərim.
Ağlamayın ağlatdığım sözlərə siz,
Köhnə yurddan təzə yoldu saldığım iz.
Bircə gün də saxlamayıb qəmə pəhriz,
Ona görə "çəkilidi" şeirlərim.
Bu vaxtacan mənim kimi ələm çəkən
Görən varmı? - Yox, olmayıb hələm çəkən...
Misra-misra varaq üstə qələm çəkən
Ürəyimin şəklidi şeirlərim.
Çaşıb keçmişə düşmüşük
Vaxtın sınıq qanadında
Əcəb gərdişə düşmüşük.
Söz içindən söz çıxarıb
Biz dilə-dişə düşmüşük.
Hər acını udan, a can,
Deyən də yox qadana "can".
Bir yol sevinc dadanacan
Yüz yol təşvişə düşmüşük.
Ömür gecədən-gecəyə
Dönür upuzun küçəyə.
Getməliydik gələcəyə,
Çaşıb keçmişə düşmüşük.
Bir taledir, bir də ki biz,
İtib cığır, görünmür iz.
İş dalınca gəldiyimiz
Dünyada işə düşmüşük.
Zülflərini gətir çəkim
Görsən, vüsalı satan var,
Ver eşqimi beh yerinə.
Həsrətin bağrım başına
Dağ çəkibdi zeh yerinə.
İçim köhnə, uçmuş qəsr,
Dolu döyür, şaxta kəsir...
Adın çəkiləndə əsir
Ürək yazıq meh yerinə.
Tənhalar içində təkim,
Köhnə dərdə təzə həkim.
Zülflərini gətir çəkim
Əlimdə təsbeh yerinə.
Günəşə hamilə gecədən keçir
Başına dolanan əqrəbdən soruş,
Gör saat neçədir, neçədən keçir?
Sərçə dimdiyində vaxt başım üstdən
Salıb saçlarıma neçə dən keçir.
Bu boyda adamla, bu boyda fərdlə,
Uduzdu taleyə zərimiz nərdlə.
Əvvəldən-axıra beş-altı dərdlə
Ömrümüz bir uzun küçədən keçir.
Göylər qar yağdırıb, töksə də dolu,
Yeri doğmasıtək qucaqlar qolu.
Sabaha çatmağa gündüzün yolu
Günəşə hamilə gecədən keçir.
Dünən...
Dünən
Miskin xəyallarımın
ayaqyalın gəzdiyi
Göy üzündə
Pəmbə buludlar
ağ bayraq qaldırıb
Təslim olmuşdu Allaha.
Kəpənək təyyarələr
Gərib kövrək qanadlarını
Çatmaq istəyirdi
Səmanın o üzündəki sabaha.
29 avqust
O səhər açıldı hayla, harayla,
Yandırıb-yaxırdı dörd yanı bir ün.
Savaşı gedirdi payızın yayla,
Külək fit çalırdı atam ölən gün.
Ürəklər keçirən iztirab, təlaş
Qəmin qapısına vurulan kilid.
Hamıdan birinci gözlərində yaş
Üzü göyə sarı ulayırdı it.
Heyrətin zülmətə döndü səhəri,
Ümidlər nə qədər yalan yedilər.
Eşidib-bilənlər qara xəbəri:
"Yazıq nə yaşadı, ölə", - dedilər.
Səsini içində boğan sükut da
Dil açıb danışdı ən uca səsdə.
Avqustda gözləri dolan bulud da
Yağdı göz yaşıyla yanaqlar üstdə.
Heçliyə çevrilən həyatın sonun
Duyandan ürəyim oyuq-oyuqdu.
Sarılıb öpəndə alnından onun
Torpağın üzütək gördüm soyuqdu.
Görəsən, bildimi bəxt, tale yazan
Qönçəni vədəsiz güldən ayırdı?!
Atamı mollanın çəkdiyi əzan
Sonuncu səfərə hazırlayırdı.
Dönmüşdü tabutu uçan mələyə,
Zamanı qovurdu vaxtın təlaşı.
Oğlu aydınlığa qovuşsun deyə
Nənəm arxasınca tökdü göz yaşı.
Bu ayrılıq sitəm, dərmansız azar,
Bütün təsəllilər girmişdi qına.
Əsnəyə-əsnəyə ağzını məzar
Açmışdı, arzusu çatsın kamına.
Ölüm sonuncu iş, sonda işə bax,
Həyatın qəribə qanunları var.
Ürəyi yananlar hamıdan qabaq
Atamın üstünü torpaqladılar.
Bir ömür içimdə odu yanası,
Həsrət ocağının közləri boldu.
O torpaq atamın doğma anası,
O məzar dərdimin atası oldu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
