Şeirlər - Elxan MƏMMƏDLİ

 

Saz üstündə köklənmişəm

 

Saz üstündə köklənmişəm,

Özgə kökə yatammaram.

Öz ovum, öz ovlağım var,

Yad ovuna atammaram.

 

Gəzdiyim kənddi, şəhərdi,

Yediyim qəmdi, qəhərdi.

Malım ləli-gövhərdi,

Çərçi malı satammaram.

 

Çıxan Günəş, doğan Ayam,

Bu gün toyam, sabah vayam.

Elxanam, halaldı mayam,

Malı mala qatammaram.

 

14.05.1999

 

 

Son akkord

 

Dodağında dodaq izi,

Üzündə də üz izi var.

Demə ki, qapı bağlıdı,

Divarların da gözü var.

 

Dəyişirsən yada məni,

Yandırırsan oda məni,

Ya onu seç, ya da məni,

De, kimin sənə sözü var?

 

Sevgi nədir - bilməz nadan,

Baş açammaz bu dünyadan.

Elxan daha bezib candan,

Gedəsidi, gec-tezi var.

 

1963

 

 

Unutmam səni

 

Dünyanın qəribə işləri varmış,

Ürək istədiyin çətin bularmış.

Rahatlıq, dinclik nə, bilməyən aşiq,

Durduğu yerdəcə gültək solarmış.

 

Alışıb-yandıqca eşq atəşinə,

Nağıllı dünyadan umacağım yox.

Əyib də başımı sənin eşqinə,

Susuram - özgə bir alacağım yox.

 

Əğyar yaman kəsir yolu, bərəni,

Nə dostluq anlayır, nə çörək-duzu.

İçimdə seyr edib bu mənzərəni,

Söyürəm nə ki var, o dələduzu.

 

Eşqimin yolunda qorxmaz əsgərəm,

Vuruş da, dava da gəlir əlimdən.

İçimdə təlatüm yaşayır hələm,

Ruhumla bağlıyam mən sənə qəlbən,

Ən ülvi məhəbbət yaşadır məni.

 

1963

 

 

Sonra get

 

Eşitmişəm, səfərə hazırlaşırsan,

Mənə məramını bildir, sonra get.

O yerin bir dəfə dadın görmüsən,

Böhtan tonqalını söndür, sonra get.

 

Ömrüm tükənəydi burda kaş mənim,

Düşəydi başıma göydən daş mənim,

Bilirsən, az deyil dostum-düşmənim,

Aləmi üstümə güldür, sonra get.

 

Almısan əlimdən, gülüm, sən məni,

Dəyişik salmışam gündüz-gecəmi.

Qəlbimə qanımla yazmışam səni,

Qanla yazdığımı sildir, sonra get.

 

Çal-çarpaz çəkmisən, sinəm yaralı,

Səni gözləməkdən gözüm qaralı.

Mən qala bilmirəm səndən aralı,

Bu nakam Elxanı öldür, sonra get.

 

 

Arzular

 

Könlüm səni arzulayır,

Necə xəstə nar arzular.

Həsrətindən sinəm yanır,

Sərinliyə qar arzular.

 

Sən arzumsan, diləyimsən,

Köksüm altda ürəyimsən,

Əlim çatmaz mələyimsən,

Könlüm səndən bar arzular.

 

Həyat şirin, ömür gödək,

Yatammıram mən sübhədək.

Elxan dözər ölənədək,

Səndən etibar arzular.

 

16.05.2013

 

 

Allah

 

Bu necə sevdadı, haqladı məni,

Qələm də acizdi, yazım, ay Allah!

Özün gətirmisən məni cahana,

Özün də verginən dözüm, ay Allah!

 

Torpaq torpaq olar bol sərvətiynən,

İgid şöhrət tapar cəsarətiynən.

Doymuşam dünyanın naz-nemətindən,

Doymur gözəllərdən gözüm, ay Allah!

 

Yenə çaylar kimi çağlayır Elxan,

Dərdli sinəsini dağlayır Elxan.

Bir yandan yaş tökür, ağlayır Elxan,

Bir yandan sızlayır sazım, ay Allah!

 

 

Götürürəm

 

Gecələr sübhəcən yata bilmirəm,

Nəmli kirpiyimlə od götürürəm.

Xəyal plovunu dəmə qoyuram,

Yeyirəm, içirəm, dad götürürəm.

 

Ərşə bülənd olur ahım-amanım,

Sabahkı günümə qalmır gümanım.

Gizlənpaç oynayır mənlə maralım,

Özümə quruca ad götürürəm.

 

Elxana, sinəmdə eşqin yarası,

Deyirdim ondadı dərdin çarası.

Yadlara qismətim zövqü-səfası,

Mən yazıq ağzıma od götürürəm.

 

 

Anam

 

Səndin başımın tacı,

Könlümə sultan, anam.

El-obanın loğmanı,

Dərdlərə dərman anam.

 

Fələk əlimdən aldı,

Arzumu daşa çaldı.

Oğlun-qızın, nəvələr,

Sən öldün, yetim qaldı.

 

Könlümü kim alacaq,

Mənim sevimli anam.

Məkanın cənnət olsun,

Nur məzarı pir anam.

 

 

Səni

 

Bu gün də görmədim səni,

Halım haldan-hala düşdü.

Bu gün də görmədim səni,

Qəlbimə hicran yetişdi.

 

Bu gün də görmədim səni,

Varlığımdan yox oldum mən.

Çox pərişan etdin məni,

Aman oldum, ah oldum mən.

 

Bu gün də görmədim səni,

Başdan artdı dərdim-sərim.

Bu gün də görmədim səni,

Daha qalmadı təhərim.

 

Ayrılıq sıxdı qəlbimi,

Günü-gündən yox oldum mən.

Paslandı qəlbimin simi,

Bir gərilmiş ox oldum mən.

 

Sızlatma sınıq qəlbimi,

Gəl, görüm gül camalını.

Sənsiz dünyam qaranlıqdır,

Gəlib görsən əhvalımı.

 

 

Gədəbəydədi

 

Dərvişi olduğum Azərbaycanın,

Bini-bərəkəti Gədəbəydədi.

Gecəli-gündüzlü saz layla çalar,

Qorqudun sənəti Gədəbəydədi.

 

Dosta məhəbbətin çələngi burda,

İgidin aslanı, pələngi burda,

Hamı keşik çəkir bu ana yurda,

Vətənin qeyrəti Gədəbəydədi.

 

Sinəsi yamyaşıl, zirvəsi bəyaz,

Dağa bax, çağırır "gəl, bir məndən yaz".

Cənnəti axtarma, ay ağlı dayaz,

Görmüşəm cənnəti - Gədəbəydədi.

 

Özgə sonaları gəzmə bu yerdə,

Gözəlləri yaraşıqdı bu yurda.

Ataya, anaya - Vətənə burda,

Övlad məhəbbəti Gədəbəydədi.

 

Baba ərdi, oğul ərdi, nəvə ər,

Hər birisi döyüş günü bir ləşgər.

Ay Elxan, bu gün də göstərər hünər,

Qeyrət səltənəti Gədəbəydədi,

Qorqudun hikməti Gədəbəydədi.

 

 

Bir sən bil,

bir də mən bilim

 

Xalq şairi Zəlimxan Yaqubun

eyniadlı şeirinə nəzirə

 

"Səni sevdiyimi heç kəs duymasın,

Bu sirri bir sən bil, bir də mən bilim".

Dərdindən ölürəm, ay zalım qızı,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Nə günüm gündüzdü, nə gecəm gecə,

Ayaqda dururam bilmirəm necə?

İçimdə sevirəm səni gizlicə,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Hayqıra bilmirəm, coşa bilmirəm,

Keçilməz dağları aşa bilmirəm,

Həsrətdən yanıram, daşa bilmirəm,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Bu pünhan sevginin varmı əlacı,

Dərmanı tapılmır, yoxdu illacı?!

Sabahı nagüman, axşamı acı,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Elxanı sınağa çəkibdi zaman,

Vaxt ötür, ömür-gün gödəlir yaman.

Başımın üstündən çəkilmir duman,

"Bu sirri bir sən bil, bir də mən bilim.

 

25.01.2013

 

 

Dördlüklər

 

Mənim ilhamımın qanadı sənsən,

İnamı, məsləki, ilk andı sənsən.

Yandırıb kül etmə dərdli Elxanı,

Gecəli-gündüzlü fəryadı sənsən.

 

***

Ömrümə nə yaman gec gəldin, gülüm,

Aldanmış qəlbimə güc gəldin, gülüm,

Elxandım, nakama döndərdin məni,

Sən mənim başıma tac gəldin, gülüm.

 

***

Sərxoş baxışından şərbət içmişəm,

Sevgi bağçasında zəmin biçmişəm.

Düşünmə, tərk edib, unudam səni,

Mən sənin yolunda candan keçmişəm.

 

***

Nə dadlı vüsalmış vüsalın sənin,

Məni dəli etdi bu halın sənin.

Gecəli-gündüzlü ürəyimdəsən,

Çəkilmir gözümdən xəyalın sənin.

 

***

Bülbül qəribsəyib, darıxır yaman,

O uçan bağları bürüyüb duman.

Bu zalım ayrılıq kəsib aranı,

Bir də görüşməyə qalmayıb güman.

 

***

Bülbül qəribsəyib, darıxır yaman,

O uçan bağları bürüyüb duman.

Bu zalım ayrılıq kəsib aranı,

Bir də görüşməyə qalmayıb güman.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!