Şeirlər - Mina RƏŞİD

 

Yağış yağır...

 

Yağış yağır, nə gözəldi,

Yağışlar, yağışlar...

Şükür, göydən endirənə

Alqışlar, alqışlar...

 

Yağışı da, küləyi də

O danlar, bu danlar...

Nə olsa da deyinərlər

Adamlar, adamlar.

 

Nədi səni içdən didən?

Bu dəmlər, bu təblər.

Doğrusunu tək O bilir,

Hesablar, kitablar...

 

 

Qəlbimdəsən, birdənəm

 

Şəhid xanımının dilindən

 

Hərdən səsin gəlir qulağıma,

sevinirəm.

ah, o təbəssümün...

gülümsünürəm.

əllərim havalanır,

sənə doğru uçuram...

Adın gəlincə qızımızın dodağı büzülür,

oğlumuzun qaşları çatılır...

uşaqların səsinə aşağı enirəm,

sənə uzanan əllərimlə

iki balamızı qucaqlayıram;

sənin qoxun gəir,

səsin gəlir,

sən həmişə bizimləsən,

qəlbimdəsən, birdənəm...

 

 

Biz qanadlı əsgərlərik

 

Qayaları ram edərik,

Keçərik uçurumdan.

Qarşımızda dağ dayanmaz,

Enərik aşırımdan.

 

Düşmən bir də oyanar ki,

Biz artıq yanındayıq.

Hanı qurduğu istehkam?

Biz heç sədd tanımadıq.

 

Biz hər yandan yola çıxdıq -

Çaydan, dağdan, meşədən...

Düşməni saldıq tələyə,

Çaş-baş qaldı bu işdən.

 

Biz qanadlı əsgərlərik,

Göyümüz var uçmağa.

Düşməni aldıq araya,

Yer tapmadı qaçmağa.

 

Aşdıq Murovu, Şişdağı,

Cıdır düzünə çatdıq.

Şuşada bayrağımızı

Uca zirvəyə taxdıq.

 

Biz qanadlı əsgərlərik,

Heç zaman yorulmarıq.

Gecə-gündüz yurdumuzun

Keşiyində durarıq!

 

 

Xanı

 

"Gizir Xanı" kimi tanınan

igid kəşfiyyatçı, şəhid

Səyyaf Əhmədova həsr olunur

 

Biz çoxdan görüşmüşdük

Yataqxanada, Xanı!

Yenə görüşəcəkdik

Ağdam, Şuşada, Xanı!

 

Bu xəbər gerçəkdimi?

Hamı səndən danışır.

"Qarabağ şikəstəsi"

Bu gün qəmdən danışır.

 

Biz səndən öyrənmişik

Bu Vətəni sevməyi.

Son anda da unutmur

Şəhid gülümsəməyi...

 

Səni necə çox sevir

Bu cür yaradan, oğlan!

Ağdama bax, gülümsə,

Belə, qaraca oğlan!

 

 

Sənsiz yaman darıxmışam

 

Murov qartalı, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı

Sevinc xanım Orucovanın dilindən

 

Sənsiz yaman darıxmışam,

De, sən necəsən, əzizim?

Səndən yoxdu bu dünyada,

Ay mənim bircəm, nur üzlüm...

 

Çölün düzündə yaşadıq,

Yağış vurdu, dolu döydü.

Səninlə hər yer gözəldi,

Bir nağıldı, əfsanəydi...

 

Uşaqlar sənə bənzədi,

Onlara baxdım, böyüdüm...

Elə Şanlı Zəfər çaldıq,

Ruhun sevinsin, igidim!

 

Sən mənim yeganə dostum,

Sən mənim varım-yoxumdun.

Sən, ey mehribanım mənim,

Ürəyimi oxuyurdun...

 

Xəyalınla yaşayıram,

Xəyalınla deyib-gülləm.

Bir gün sənə qovuşacam,

Səni düşünməsəm, ölləm.

 

Yenə birgə yaşayarıq,

İki balamızla birgə.

Buludların arasında,

Nə çadırda, nə səngərdə...

 

 

Sülh nəğməsi

 

Minalar çiçəkləyib, güllələr gül qoxulu,

Qan izinin üstündə çiçəklər qucaq-qucaq.

"Müharibə" sözünü biz bu gündən unudaq,

Sevincə, xoşbəxtliyə hamımız qucaq açaq.

 

Bir az qəlbini dinlə, dünya bizim evimiz,

Bəsdir daha qırğınlar, top səsi, güllə səsi.

İnsan insan öldürməz, axı cəllad deyilik,

Dünyamızı bürüsün quş səsi, körpə səsi. 

 

Təbəssümü unudub çöhrələr gör nə vaxtdı,

Hamı dərdli, qəzəbli, düşmən gəzir özünə.

Analar qara geyib, uşaqlar yetim qalıb.

İnsan, nəyə uymusan, pərdə enib gözünə?..

 

Silahların yerinə gül bağçası yaradaq,

Aləm cənnətə dönsün bu dünyanın qoynunda.

Mülkün öz sahibi var, insan əbədi deyil,

Çox zalımlar dizini yerə qoyub sonunda.

 

 

Adın könlümün evidir

 

İstəyirəm evim olsun,

Bir küncdə, lap balaca.

Üstündə buludlar olsun,

Mavi gözlü, alaca.

 

Kimsə gəlib incitməsin,

Deməsin ki, mənimdi.

Ya Məlik, özün bilirsən,

Dünya, aləm kimindi.

 

Hamı mehriban dolansın,

Ya yadı, ya doğması.

O evdə körpələr olsun,

Səsləri quş nəğməsi.

 

Adın dilimdən düşməsin,

Allahım, o ocaqda.

Adına nəğmələr yazım

O evdə hər bucaqda.

 

Şükür möcüzənə, Ya Rəbb,

Küləyinə, oduna.

Adın könlümün evidir,

Qurban olum, adına!

 

 

Sən şəkildən gözəlsən

 

Hamı bir az gəncləşib,

İndi şəkil dəbdədi.

Arzuları dilində,

Əlləri cibindədi.

 

Hamı iş başındadı,

Öz yükünü daşıyır.

Şəkilin dərdi yoxdu,

Yaman gözəl "yaşayır".

 

Səni tanıyıram mən,

Tikan, həm gülüzlüsən.

Adam, bu sən deyilsən,

Sən şəkildən gözəlsən...

 

 

Adamı qaçıran var

 

Demə, qaçır adamlar,

Adamı qaçıran var.

Bu tünlüyün içindən

Adamı uçuran var.

 

Mən də uçuram hərdən

Adamlar arasından.

Uçmasam əlim çatmaz

O bulud topasına...

 

Adam lap qaça-qaça

Düzəldər qaradamı.

Bircə üzü güldürər,

Unutmaz Yaradanı.

 

Gözündə işıq olsa

Könlündə çiçək bitər.

Bəsdir, özündən dedin,

Bu qədər tərif yetər!

 

 

Vəsilə Möhsümova üçün

 

Sənə gülmək yaraşır,

Qəm eləmə, əzizim!

Ötəni yada salma,

Təzələmə, əzizim!

 

Olan oldu, neyləyək,

Bu da bir qismət imiş.

Bilməzdik bu ayrılıq

Heç ayrılıq deyilmiş...

 

Sən orda dərd çəkirsən,

Mən burda sıxılıram.

Deməsəm də bilirsən,

Sənsiz çox darıxıram...

 

 

Yunusun duasın eylə

 

Heç kimə demə dərdini,

Ağla, göz yaşına de.

Dünyanın qara daşına,

Lap uçan quşuna de.

 

Elə bil ki, səhradasan,

Çöl çiçəyinə danış.

Göy üzü çox yaxındadı,

Öz mələyinə danış.

 

Allah Haydı görür, bilir,

Heç nə umma adamdan.

Özündən bixəbər olan

O kişidən, qadından...

 

Bu qış da bir imtahandı,

Üşüyürsən sən indi.

Yunusun duasın eylə,

O Rəhmandı, Rəhimdi.

 

 

Dünya həvəsi keçdi

 

Daha bitdi bu işgəncə

Dünya həvəsi keçdi.

Sevdiyim havalar keçdi,

Sevdiyim quşlar köçdü...

 

Tək bircə Sən qaldın, Allah,

Çünki Haysan, Qəyyumsan.

Kimsəyə bel bağlamaram,

Günəşimsən, Ayımsan.

 

Günahım çoxdu, bilirəm,

Sən Rəhmansan, Rəhimsən.

Kim nə deyir desin, Ya Rəbb,

Sən Həlimsən, Hakimsən.

 

Nə var Səndən başlamışdı,

Nə var Səndə bitəcək.

Bu çal-çağır qeyb olacaq,

Qırğınlar da bitəcək.

 

İndi bunu çoxu bilməz,

Hər kəs Səni nə anlar?

İşığına yüyürəcək

O gün bütün adamlar...

 

 

Üşüyür telefonum

 

Bu gün hava soyuqdu,

Hələ yağış da yağır.

Yenə qəlbimə enir

Həsrətin ağır-ağır.

 

Telefona baxıram, 

Sakitcə susub baxır.

Hərdən səsi gəlsə də

Telefonum darıxır.

 

Bu adi soyuq deyil,

Çöldə çiçək büzüşür.

Söylə, indi hardasan?

Telefonum üşüyür...

 

Yenə zəng edəcəksən,

Gələcəksən, bilirəm.

Amma heç vaxt demərəm:

"Səndən ötrü ölürəm..."

 

Bu gün hava soyuqdu,

Hələ yağış da yağır.

Yenə qəlbimə enir

Həsrətin ağır-ağır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!