Ay Allah! - Taleh MANSUR

 

Sağollaşdı əl tutmayan adamlar,

Getdi hamı, təkəm indi, ay Allah.

Vaxt yetişib, halallaşır haramlar:

O, şeytandı, bu da cindi, ay Allah!

 

Ömür kimi bir anıymış doğulmaq,

Doğrudan da, yalanıymış doğulmaq,

Asandan da asanıymış doğulmaq,

Sənə dönmək nə çətindi, ay Allah!

 

Bu dünyanın var olmadıq heçində,

Oraq, dəryaz sındırıldı biçində.

Sevgi yoxdu adamların içində,

Ürəklərdə qalan kindi, ay Allah!

 

Lal sükutu fəryadımla süslədim,

Qəzəbimlə - öz həbimlə bəslədim.

Son bir dəfə susanları səslədim,

Dedim, bəlkə, kimsə dindi, ay Allah!

 

Zirvələrdən dağ aşırdım, nə olsun,

Nə büdrəyib, nə çaşırdım, nə olsun,

Mən başımla savaşırdım, nə olsun,

Ayaqlarım məni yendi, ay Allah!

 

Gözlərinə qan sağılan şairin,

Qul kəndirdə şah boğulan şairin,

Bu dünyaya tək doğulan şairin

Dərd-sərinin sayı mindi, ay Allah...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!