Şeirlər - Sevinc ELSEVƏR

 

***

De, nəyin təsəllisidir

Dağların, təpələrin yamacına

            döşədiyin çiçəklər,

Tanrım?

İnsanlar da sevdiklərinin qəlbini qıranda

Çiçək bağışlamağı öyrəniblər səndən

Nə qədər çox incidilmisənsə

O qədər böyük olur gül dəstən.

 

 

***

Tikinti gedir,

Müvəqqəti narahatlığa görə üzr istəyir

Qurub-yaradan kişilər.

Çıxardıqları səslər,

Toz-tozanaq məni əsla narahat eləmir,

Hüzur verir, bilmirlər...

 

Kaş dünyanın hər yerində yol çəksin,

Tunel qazsın,

Evlər, körpülər tiksin kişilər.

Bombalar yağmasın,

Minalar partlamasın.

Dağların bağrını dələn təzə yollar çəksinlər,

Üzr istəməsinlər buna görə

Üzrə gərək yoxdur heç də.

Uçurmasınlar qadınların,

Uşaqların dünyalarını başlarına,

Qoparmasınlar ahılların ürəklərini.

 

Şəhərləri dağıdıb

Viran qoyaraq

Yenidən inşa eləməsinlər bircə,

Onda o üzrü bağışlamaq olmur.

 

***

Köçəri quş olasan,

İki vətənin ola,

Vizasız, sənədsiz köçəsən

Birindən o birinə.

Və bahar ola, yaz ola həmişə

Getdiyin yerdə.

Payızı, qışı, yağışı arxanda buraxasan,

Ürəyində nəşə.

 

 

***

Az əvvəl yazdığım uzun şeiri sildim,

Deyingənlikdən başqa bir şey deyildi

Adamlar deyinirlər

Və sonra buna şeir deyirlər.

Çox deyingən kişilərdir,

Qadınlardır bu şairlər.

 

 

"Bu günün işini sabaha qoyma!"

 

Günəş doğub,

Gözlərimi açmışam.

Hələ də dünənki günü düşünürəm,

Dünəndən qalan qayğıları,

Mətbəxdə yığılıb qalan qabları,

Ödənməmiş borcları,

Qapıma qoyulan qəbzləri,

Uşaqlarıma verdiyim vədləri,

Ürəyimi sıxan dərdləri...

Kaş sıfırlanaydı hər növbəti gün,

Hamı hər şeyi unudaydı.

Həyat hər gün yenidən başlayaydı,

Kütləvi amneziyaya yoluxaydıq,

Kim olduğumuzu unudaydıq.

Dünən atılan silahlar bu gün susaydı,

Hamımızın yeganə adı insan olaydı.

Günəş kimi başlayaydıq hər yeni günə,

Dünəndən qalan tək işimiz yaşamaq,

İşıq saçmaq olaydı.

Eh, mənə tez-tez deyərdi nənəm:

"Bu günün işini sabaha qoyma, bala!"

Tələb edərdi amiranə səslə:

- "Bağı sula, döşəməni yu,

elə olsun ki, yağ tök, yala!"

Gərək o, mənə başqa məsləhət edəydi:

"Bu günü özünlə sabaha aparma, bala!

Günəş ol, yenidən doğ,

Hər gün özünü yenidən doğ!"

 

 

***

Yağış gölməçələrindən keçərkən

Üstünə lilli su sıçrayacağından

Ehtiyatlanan adamla

Fərqlənir minalı sahədə

            irəliləyən adamın qorxusu.

Yağış gölməçələriylə əylənə də bilərsən,

Qanın qara deyilsə...

 

Nə çətir tutaq başımız üstündə,

Nə ayağımızın altını görsün gözümüz.

Bu qızıl payız

Dadını çıxaraq gölməçələrin,

Nadinc, çılğın uşaqlar kimi

Baxmayaraq,

həyat elə başdan-başa

Minalı bir sahədi.

 

 

***

Yeni şeirlərini dostuna oxuyan şair

Dostunun kədərdən üzünün

            əyildiyini gördükcə

Gizlədə bilmir sevincini,

Şeirlərinin alındığına sevinir,

Masadan biri sevinclə qalxır,

O biri ürəyində qəm.

Halbuki əksini hiss eləyirdilər

Görüşə can atarkən.

 

 

Maneki-neko

 

Pəncərənin ağzından,

Pərdənin dalından

Səsi gəlir qızımın hədiyyəsi

Maneki-nekonun.

Ana dilimdə "Çağıran pişik"in

Bu səsi əvvəllər də eşitdiyimi xatırlayıram.

Dəmiryolunun o tayında,

Nənəmlə babamın evində

Günorta yuxusuna məcbur ediləndə

Aynabənddən yataq otağına gələn

Saatın səsinin eynisi.

 

Uzanmışam yataqda,

Heç kim məcbur etmir yuxulamağa.

Yuxulamaq arzusundayam,

Unutmaq,

Dinclik tapmaq həsrətində,

Özüm özümü məcbur edirəm bu dəfə.

Susmur beynimin içindəki səslər,

Uşaqlığımdakı kimi

Kaş yenə üstümə təpinəydilər:

"gözünü yum, yat!" - deyə...

Birdən xəyala gedirəm,

Gözlərim yumulur,

Otağa girir nənəm

Barmaqlarının ucunda;

Yoxlayır - yatmışam,

yatmamışammı?

Üstümü açmışam,

açmamışammı?

 

 

Həqiqətlər toqquşanda

 

Quşları yemləyən qoca kişi

Deyişir pişiklərin qayğısına qalan

Yaşlı qadınla.

Zibilliyin yanında.

Zibillikdən yem toplayıb

Sevimli canlara verirlər.

Özləri nə tapır,

Necə dolanır,

Nə yeyirlər,

Fikrim yox...

 

Kişi qadının pişiklərini ittiham edir:

Yırtıcılıqda,

Çöl göyərçinlərini tutub

Didir-parçalayır onlar.

Əyilib ağac qapır;

tolazlayır pişiklərə.

Qadın özünü verir

Pişiklərin önünə

Ağac ona dəyib düşür yerə.

 

Necə ayırasan onları?

Necə kəsəsən bu mübahisəni?

O da haqlıdır,

Bu da haqlı,

Haqsızlıq kimdədir bəs?

Nədədir bəs?

Bəlkə ulu təbiətdir

Elə ən böyük nakəs?!

 

 

Ana məsləhəti

 

Çaydanın içini yuyuram,

Xəbərdarlıq edir anam:

"Çatlaq var ağzında çaydanın,

Birdən əlini kəsərsən ha!"

Dediyi kimi

Dediyi yerdən yaralayıram əlimi.

Xatırlayaraq acıyla

Bütün məsləhətlərinə

Elə bu cür

Əməl elədiyimi.

Özümdən,

Ancaq özümdən

Küsüm mən daha!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!