Mənim evimdə
sənin ayrıca saatın var,
kiçik əqrəbi sənsən,
böyük əqrəbi mən,
hər saatda fırlanaram başına...
Mənim evimdə
sənin ayrıca saatın var,
qəhvəaltı saatın,
darıxdığın anlar,
gözlədiyin saatlar,
yuxuya getmək istədiyin dəqiqələr,
darıxanda ən uzaq məsafədə qalar,
gözləyəndə yaxınlaşar,
yuxuya getmək istəyəndə
bir-biriylə cütləşər əqrəblər...
Mənim evimdə
sənin ayrıca saatın var,
gecələr səsi qulaqlarımı deşər,
gündüzlər zamanımı ayarlayar...
Sənin saatınla yaşamaq nədir,
bilirsənmi?
***
Bir kitab şeir yazalar sənə,
oxuyanda xoşbəxt olasan.
Ürəyin sızlayanda,
yaralarına sürtəsən
sağala...
Ağlamaq istəyəndə
göz bəbəklərinə çəkəsən,
kədəri silə,
Çöhrənin üzgün halında
dodaqlarına toxundurasan
gülüş ola...
Və bir də....
Əllərindən qoymayasan yerə,
onu arzulayanda bədənin...
Boş ver...
İllüziyalardan ibarətdir hər şey....
Bir sətir şeir qədər
imkan vermərəm
toxunasan mənə...
***
Dodağında adım tumurcuq,
aman, açılmasın,
qınayanlar olar...
gözlərində xəyalım yuxulu,
aman, oyanmasın,
görənlər olar...
əllərində ümidim,
bəxt güzgüsü kimi qırıq,
aman, tərpətmə,
əlinə batar...
ürəyində sevgim qan ağlayır,
aman, durmasın,
düşmənləri sevindirək...
aman, aman, aman,
nay-nanay, nay...
***
Bir dənizəm bu gün,
qəm dənizi,
söz dənizi,
ağrı dənizi...
Bir gəmi batıb dalğalarımda,
ümid gəmisi,
sevgi gəmisi,
səadət gəmisi...
Qağayılar dimdikləməkdədir
içimdə ölənləri,
ehtirasları,
titrəyişləri,
qürurları
və səni,
... əsas da səni!
Daha dəniz olmayacam,
gəmiləri batan,
dalğaları hıçqıran,
qağayıları sevindirən.
***
Gecə oldu,
zülməti geyindirdilər əynimə,
Gündüz oldu Günəşi,
Gözlərim yarı şəffaf, yarı qaranlıq,
Hisslərim tamam çılpaq...
Adımı qadın qoydular,
demə gəlin olmaq buymuş...
Köhnə xatirə dəftərindən ayrılıb,
bir beşik başında mürgüləyəndə,
Pəncərəmi döyən xəyalları qova-qova
qadın oldum....
İndi də göz yaşlarımın
dənizi boydadır dünyam...
Oturmuşam üzü günəşə.
Dəniz yenə döyür ayaqlarıma,
Tənhayam sahilimdəki
bom-boş qumluqda...
***
Sevilən qadının hər telini
bir ulduz bəzəyər gecələr.
Yastığına dağılsa
yox olar zülmətin.
Əllərini tutsan
gözlərinə dolar şəfəqi...
Dodaqları arı şanı kimi
diş-diş olar, öpsən...
Yuva-yuva ballanar
dilindəki arzular, toxunsan...
Sevilən qadının ürəyi
uşaq beşiyi kimi ətirli olar...
Bətni hamilə qadın kimi dolu...
Sevilmək arzusu
bitməz ki, sevilən qadının...
Yenicə dil açmış körpə kimi
şipşirin olar hər gün bir az daha...
Yenicə ayaq açmış körpə kimi
sənə gəlişi heyran edər aləmi...
***
Unudulmuş qadındır dəniz,
orda batanların cəzası olmaz...
Saçlarını
qürublarda darar,
Ətirlənməz sabahların sevgisində...
Gözlərinin aynasında
qaralar axşamların xəyalı...
Çəkməz nəfsini
yeni sevdalar...
Unudulmuş qadındır dəniz...
Göylərə tutqunluğu qədər
dumduru, şəffaf...
Fırtınalar kimi coşqun,
Batırdığı gəmilər kimi hüznlü...
***
Qağayı öpüşüydü dənizlər,
günəşin gəlinliyiydi qürublar,
kəpənək tozuydu güllər,
təsəlliydi ağrılar,
göz yaşları da kirpiklərin şəlaləsiydi,
dodaqların o söz üçün rənglənmişdi o gün,
xəyalın da məni ovutmaqdan
ötrü soyunmuşdu,
dağ-dağ, oymaq-oymaq
yaşamaq vardı bu həyatı,
hisslər şan bağlamışdı yenə də,
arı tikanı idi sevgilər,
yarpaqların ayrılığıydı payız,
məni sənə sevdirmək üçün
gəlmişdi bu səfər...
***
Mən yelləncəyi bahar rüzgarı olan
qızcığaz deyiləm daha...
Dilində şipşirin eşq nəğməsi...
Çöhrəsində əlçatmaz bir təbəssüm...
Dodaqlarında ballanmış öpüşlər..
Mən hər son baharda
içindəki qızcığazdan
qurtulmağa çalışan
bir qadınam indi.
Qorxum yox artıq
gözündə qırdığın
yad qadın rəsmlərindən...
***
Darıxan qadın şəklidir payız...
Sarı donlu,
incə belli,
qızılı telli.
Əsl qadındı,
Sevən, sevdirən, ağladan...
Adından bəlli...
Ağlayan qadın şəklidir payız,
Üzü divara çəkilib,
Əlləri qoynunda...
Müəmmadır çöhrəsi,
sirdir duruşu,
möcüzədir sevdası...
Amma yenə də tam bir qadındır.
Solan qadın şəklidir payız,
nəfəs-nəfəs ölər,
addım-addım itər...
Yavaş-yavaş əriyib yox olar xəyalı...
Baxdıqca doymaszan rənglərindən,
"üzünu bəri çevir" deyə yalvararsan bəzən,
yalvararsan eşitməz...
Laldır o qadın...
Laldır payızın gəlişi...
***
Ağacdan alma dərən kimi
dərdim əllərini üstündən,
Daddım,
həsrət dadırdı....
Sonra bir udum
nəfəs dərdim ovcuna,
Dərib gizlətdim,
Üşüyən gecələrimdə
üstümə çəkərəm bəlkə...
Çox gəzdin yuxumda,
əl eylədin uzaqdan,
Əllərin havanı yarıb,
tapdı məni.
Yelləncək oldu xəyallarıma.
Əlimi tutmaqla aldatdın başımı,
sonra da
əlini unutdurmaq üçün
hər gecə bir nağıl danışdın...
Və özün də
nağıla döndün bir gecə...
***
Nə zamandı payız görmürdü bu küçələr,
yarpaqlar saralmırdı burda,
xəzəllər gözə dəymirdi,
çiskin düşmürdü, yağış yağmırdı...
Nə zamandı, bir qadının ahı kimi
dəyərsiz idi aynalar...
Dəyərsiz idi ətir şüşələri,
bəzənməyən masalar,
öpülməyən xatirə şəkilləri....
Nə zamandı sevgisizdi hər yer...
Pəncərələr işığa qapalıydı,
damların altında yaşamırdı adamlar,
damların üstündə ötmürdü qumrular...
Qonşudan qız sevmək də maraqlı deyildi...
Nə zamandı gecələr də gecə idi elə,
hamı elə bilirdi, hava qaralınca
insanlar yuxuya gedir...
Səhər Günəş doğunca
hər şey əvvəlki kimi olur...
Sularda bir parça Ay işığı- Mən,
pəncərənin aynasında
bulanıq xəyalım....
Nə zamandı sənin gözlərindəki kimi
dumduru deyildim bu qədər...
Nə zamandı unutmuşdum özümü,
sağ ol ki, xatırlatdın...
Şabran
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!