Şeirlər - Ramiz QUSARÇAYLI

 

Sən şəhid olmasaydın...

 

Sən şəhid olmasaydın

Vətən tən-tən sovrular,

Torpaq şəhid olardı.

Ulduz sönüb qıvrılar,

Ay bir az da solardı,

Pozulardı rəngləri,

Bayraq şəhid olardı.

 

Sən şəhid olmasaydın

Xalq çıxar xalqlığından,

Millət şəhid olardı.

Namus bir də lillənər,

Qeyrət şəhid olardı.

Şərəf əlil, şan əlil,

Şöhrət şəhid olardı.

Sən şəhid olmasaydın

Cəhənnəm abadlaşar,

Cənnət şəhid olardı.

 

Sən şəhid olmasaydın

Keçinərdi Qarabağ,

Şuşa şəhid olardı.

Laçın ilə Kəlbəcər

Qoşa şəhid olardı.

 

Sən şəhid olmasaydın

Göyçə-Göyçə göynəyən

Ağrının, Ağkilsənin

Səbri şəhid olardı,

Ələsgərin nigaran

Qəbri şəhid olardı.

 

Sən şəhid olmasaydın

Təbrizin ümidləri,

Araz şəhid olardı.

Turanın ilk qolları

Bayat, avşar, bayandur,

Oğuz şəhid olardı.

 

Sən şəhid olmasaydın

Dəmirqapı Dərbəndin

Qapı-qapı yolları, -

Hun keçidi, Xan qapı,

Qırxlar şəhid olardı.

Sən şəhid olmasaydın

Kərkük türkmanlarını

Səlcuqlarla bağlayan

Bağlar şəhid olardı.

 

Qovuşdun ölməzliyə,

Yaşadır yaddaşında

Hər gün öpüb oxşayan

Şehli çiçəklər səni.

Ruhun Tanrı dərgahı,

Göz üstündə saxlayır

Göydə mələklər səni.

 

 

Şeir işi

 

Professor Nadir Məmmədliyə

 

Bu axşam şeirə toxunmayacam,

Eləcə baxacam dərkin şəklinə.

Daha yer dilində oxunmayacam,

Saralmış səsimi sovurur sükut

Göylərə yönələn ərkin şəklinə.

 

Yer yerdən oynayır...

sükut səsimi?..

Sükut təkanları

söz nəfəsimi?..

Fikir qırıntısı,

ideya şumu,

Dağıdır beynimi, didir huşumu.

 

Qırılır yarıda,

bitir yarıda,

Yüksüz misraları yük sayıram mən.

Zoğa saxlamıram obrazları da,

Əlimə keçincə budayıram mən.

 

Hənirti-hənirti ləpələnən səs,

Bəlkə ruh səsimdi, duyğu səsimdi?!

Səsim yuyunmağa bir ilıq nəfəs,

Bir damla göz yaşı olsa, bəsimdi...

 

Bahar yaşıllığın bətn dilidi,

Körpə duyğuların göy cavabı var.

Payız xəzəllərin mətn dilidi,

Hər sözdə düşüncə iztirabı var.

 

Hər şeir iş yeri,

hər iş şeir işi,

Şeir qazanıram günün sonunda.

Doğulmuşam ayın iyirmi beşi

Elə öləcəyəm ayın sonunda...

 

Ölü ölməzlərə çox gülüb ölüm,

Bu gülüş səbrimi çəkir tarıma.

Mənim də başıma gələcək ölüm;

hələ ki, dolaşır ayaqlarıma.

 

Açıb gözüm kimi səhərlərimi,

Yumuram gözümdə axşamları mən.

Səpib sətirlərə qəhərlərimi

Düzürəm üstünə ağ şamları mən.

 

Bu axşam sözə söz yatırmayacam,

Var sözün sərmayə xarizmaları.

Qələmi şeirə batırmayacam,

Qurusun qələmin qansızmaları.

 

Tükənən tərgləri  tərk edirəm mən,

Dünya içimdədir,

tərkimdə geyil.

Dünyanın nəyi var, dərk edirəm mən,-

Dünyanın nəyi yox,

dərkimdə geyil.

 

 

Saxalar - Yakutlar

 

Cığalı təcnis

 

Mənə gəl-gəl deyir Turan elləri,

Səsləyir saxalar, yakutlar məni.

Şair deyər, tur anı,

Səfər anı, tur anı,

Yer Turandı, göy Turan,

Ötür Turan Turanı.

Bir az gecikmişəm, bir az üzgünəm,

Gəlincə ya qınar, ya kutlar məni.

 

Hər yan qar dənizi, şam, ayı üzür,

Ağ göldə ağ balıq, şamayı üzür,

Şair deyər, şam, ayı,

Cəngəl meşə, şam, ayı,

Ağ işıqdı, bəyaz qar

Seçə bilmir şam ayı.

Üzür, öləziyən şam Ayı üzür,

Üzməz işığında yakutlar məni.

 

Sibir iki məkan, iki Sibirdi,

Edamdı, sürgündü, iki sibirdi,

Şair deyər, al taya,

Göy talada al taya,

Düzsəm, sığmaz dağlarım

Alp dağından Altaya.

Nargindi, Sibirdi, ikisi birdi,

Tanıyır saxalar - yakutlar məni.

 

Qusarçaylı, ağ çay, yol qara çaydı,

Dirənib yol qışa, yol qara, çaydı,

Şair deyər, qara çay,

Qara məcra, qara çay,

Qovrulur dərd içində

Uyğur, Çuvaş, Qaraçay.

Yol Tuva, yol Hakas, yol Qaraçaydı,

Hifz edər şamanlar, ya Kutlar məni.

 

 

Eşq yolu

 

Tanrım, bu yol Eşq yolu,

Gedirəm, bitmirəm ki...

Alırsan, al canımı;

xəsislik etmirəm ki...

 

Yüz yerdən izlənmişəm,

Düzünə düzlənmişəm,

Gözündə gizlənmişəm,

Gözündən itmirəm ki...

 

Dadmışam hər azardan,

Nəyim var üz qızardan?!

Qorxum yoxdu məzardan,

Piyada getmirəm ki...

 

 

A bənövşələr...

 

Nə çiçək günüdü, nə arı fəsli,

Nə yaza gedirəm, a bənövşələr...

Büküb ürəyimə bir sarı fəsli,

Payıza gedirəm, a bənövşələr...

 

Bir yanda dağların bəyaz yuxusu,

Bir yanda quşların vida oxusu,

Üşüyür gözümdə xəzəl qoxusu,

Ayaza gedirəm, a bənövşələr...

 

Heyrətim ovunmur güllü oyundan,

İslanır tənəyin yaşıl suyundan,

Asılıb qalmışam bir gül boyundan,

Güdaza gedirəm, a bənövşələr...

 

Əsdirir səbrimi o sirr sevdalar,

Sərsəri sevdalar, səfil sevdalar,

Qanıma susayıb qəfil sevdalar,

O qıza gedirəm, a bənövşələr...

 

Ömür ağ yol üstdə bəyaz yazıymış,

Çoxu çoxdan gedib,

qalan azıymış,

Dünyanın son nazı ölüm nazıymış,

O naza gedirəm, a bənövşələr...

 

 

Ələsgər

 

Nə sazdı, nə sözdü, nə də aşıqdı,

Nə mağar, nə düyün, nə yaraşıqdı,

Allahın taxtından gələn işıqdı,

İşığın taxtında şahdı Ələsgər.

 

Hər beyti ayədi, hər sözü kəlam,

Açması önündə dilsizəm, lalam,

Sənətdə peyğəmbər Əleyhissəlam,

Dəryada tufandı, Nuhdu Ələsgər.

 

Yerin pərdəsidi, göyün simləri,

Əritdi canında çox tilsimləri,

Dolaşır İlahi mərasimləri,

Kükrəyən, çağlayan ruhdu Ələsgər.

 

Sehri çox mələklər ötən eşqinin,

Arazda, Samurda itən eşqinin,

O taylı, bu taylı Vətən eşqinin

Göyçə dodağında ahdı Ələsgər.

 

Kitablar bağlanıb Hürr savaşından,

Zirvələr dizinnən, bulud qaşından,

Adına pir tikin məhək daşından,

SafAğdı, OdƏrdi, Bağdı Ələsgər.

 

 

Göyçə havası

 

Görkəmli alim, dəyərli şair Mahirə Nağıqızına

 

Vətən öz odundan alışan ocaq,

Kül gedib, köz qalıb, Mahirə xanım.

Bizi o yerlərə söz aparacaq,

Bizə də söz qalıb, Mahirə xanım.

 

O yer arı abrı, çiçək həyası,

Yağılar bu sehri çətin duyası,

Adından üşənir G?linqayası,

Quruca naz qalıb, Mahirə xanım.

 

Qovuşuq bulağı həsrət zəmzəmi,

Küküdağ kövrələn Həsən Mirzəmi?!

Qədim Dərələyəz sovulan zəmi,

Dəni göz-göz qalıb, Mahirə xanım.

 

Hanı "Göyçə gölü", "Güllü Şəşəngi",

Ahın həyalısı, qəmin qəşəngi?!

Məni əfsunlamır simlərin cəngi,

Orda bir saz qalıb, Mahirə xanım.

 

Hardadı ilk eşqin incə havası,

Dərmanı gül səsi, qönçə havası?!

Düşüb sümüyümə Göyçə havası,

O günə az qalıb, Mahirə xanım.

 

Vətən öz odundan alışan ocaq,

Kül gedib, köz qalıb, Mahirə xanım.

Bizi o yerlərə söz aparacaq.

Bizə də söz qalıb, Mahirə xanım.

 

 

Tut

 

Bu tut yenə tutmadı,

Tutun tutması tutub.

Ta bu tutdan tut olmaz,

Çətin...

tutması tutub.

 

Çatı çəpdi calağın,

Gözü dolub dolağın,

Altındakı alağın,

Otun tutması tutub.

 

Səslə bağban Təhməzi, -

Bir də xar tut əkməsin,

Dadı qaçıb bəhməzin,-

mətin tutması tutub.

 

Bu tut yenə tutmadı,

Tutun tutması tutub...

 

 

Dəyişdirdilər

 

Udduğum hər oyunda

Şərti dəyişdirdilər.

Gördülər zərim verir,

Nərdi dəyişdirdilər.

 

Pozub ritmi, bəstəni,

Sovurdular dəstəni.

Hər yerdə xor bəslənir,

Fərdi dəyişdirdilər.

 

Nə üstə tül çəkirdim,

Nə bezib əl çəkirdim,

Elə gözəl çəkirdim,

Dərdi dəyişdirdilər.

 

Ta ovutmur sükut da,

Çox üşüdüm bu odda,

İçimdəki mən adda

Mərdi dəyişdirdilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!