Mələk imiş
Şair görmək istəyirmiş, heç demə,
Uzun illər arzusuymuş bu kəsin.
Sözsüz, sovsuz köçdü həmən qəlbimə,
Görəydiniz məni qucmaq həvəsin.
Sığınmışdı o köksümə elə bil,
Aradığı əziziydim, sanki mən.
Ayrılığın həsrətini neçə il
Çəkmiş kimi qovuşmuşduq, etdim zənn.
Həyətindən topladığı gülləri,
Gətirmişdi eyləməyə hədiyyə.
Təqdimində titrəyirdi əlləri,
Belələri azdır, Allah, bəs niyə?!
Həkk olundu yaddaşıma bu gəliş,
Tam bambaşqa rəng bəxş edib məclisə.
Üstün olmaz düşünürdüm qeyri iş,
Burda indi kim nə etsə, nə desə.
Hə, adını soruşsam da, dinmədi,
İlahədir, mələk sandım bu qadın.
Baxışıyla mənə yüz il dilədi,
Axı onun çin etmişdim muradın.
Düşürəmmi yadına?
Xəyalımda yanımdasan həmişə,
Bənzədirəm səni Aya, Günəşə.
Bircə fikir salır məni təşvişə:
Ayılaram, onda çıxıb gedərsən,
Heç yadına düşürəmmi, görəsən?
Gəlişinlə röyalarım şəkər, bal,
Dadır, bax bu yaşamımda ən xoş hal,
Susub durub seyr edirəm baxıb lal.
İstəyim hey danışasan, güləsən,
Heç yadına düşürəmmi, görəsən?
Gerçəyimdə üzür məni həsrətin,
Keçirirəm zirvəsini xiffətin,
Düşünürəm, görən, nədir niyyətin.
Gendə durub yenə əzab verəsən,
Heç yadına düşürəmmi, görəsən?
Növbələşir gerçək röyam, xəyalım,
Artır hər gün, artır dərdim, məlalım,
İnanmıram dözüm belə mən qalım.
Yox ümidim ki, insafa gələsən,
Heç yadına düşürəmmi, görəsən?
Sitəmindən ürəyimdən qopur ah,
Bağışlanmaz eylədiyin bu günah,
Rəbbdən ricam, əlim göydə, ol agah,
Tək bircə yol görüşümə gələsən,
Heç yadına düşürəmmi, görəsən?
Babam yaşayıb bu evdə
Hopub daş-divarına istisi nəfəsinin,
Sanki əks-sədası var, burda onun səsinin,
Pillələrdə izi həm çarığı, çəkməsinin.
Eyvanında görünüb sökülməmiş hər gün dan,
Bax bu evdə yaşayıb, mənim babam bir zaman.
Əlləriylə ucaldıb bu möhtəşəm binanı,
Çəpərləyib, bərkidib ətrafında dörd yanı,
Qurub tövlə, paraq da saxlamağa heyvanı,
Yer ayırıb əkməyə ağac, salmağa bostan.
Bax bu evdə yaşayıb, mənim babam bir zaman.
Təndir qurub həyətdə bişirməyə çörək də,
Azmış hələ bu demə, aralıda xərək də,
Varmış qonaq qəbula onda geniş ürək də
Sevinərmiş gələndə kəndə kimsə haradan.
Bax bu evdə yaşayıb mənim babam bir zaman.
Neçə ağac əkmişdi biri elə indi də
Qol-budağı qırılmış durub həmin yerində,
Quraqlıq güc gəlməyib, kökü yəqin dərində,
Oluğundan görünür görüb gör neçə dövran,
Bax bu evdə yaşayıb mənim babam bir zaman.
Atam, əmi, bibillər böyüyüb bu həyətdə,
Zəhmətsevər olublar hamısı bu külfətdə,
Tanınıb, fərqləniblər hərəsi bir sənətdə.
Dolanılar bir yerdə sakit, səlim, mehriban,
Bax bu evdə yaşayıb mənim babam bir zaman.
Bir hünərli kişiydi sadə, həlim, xeyirxah,
Dilindəydi həmişə dua, səna, zikr Allah,
Çoxlarına arxaydı, dayaqdı, kömək, pənah.
Varlığına cəm, bütöv, pak şəriət, din, iman,
Bax bu evdə yaşayıb mənim babam bir zaman.
İndisi bambaşqadır bu məkanın, fərqli çox,
Görkəmi düzəlsə də, içində bir kimsə yox,
Düşünürəm darıxır, tutsa da özünü tox.
Yəqin sakin gözləyir, insan, olan bir həyan,
Bax bu evdə yaşayıb mənim babam bir zaman.
O qadın
Tanıdığım bir qadın var,
Mələksima, gözəl qadın.
Ruhu daha üstün aşkar,
Hiss, duyğuda özəl qadın.
Haqq-ədalət xislətində,
Uyğun buna davranışı.
Saflıq, paklıq fitrətində,
Sözünü deyir baxışı.
Qayğısını əsirgəmir,
Ətrafından zərrə yox, yox.
Çətinində heç səs-səmir,
Eşitməzsən, dözümü çox.
Ürəyinə toxunma ki,
Çox həssasdır, qəlbi kövrək.
Qərar verər səndən tərki,
Solar anda, sanki çiçək.
Nəvazişlə saxla, qoru,
Yanında dur, ol ki dayaq,
Ünvanına yox bir soru,
Yox "mən"ində naxış, boyaq.
Uduzmazsan sevsən onu,
Bil dönəcək pərvanə nə.
Geydiləcək fərəh donu,
Bir ömürlük şəksiz sənə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
