Şeirlər - Nadir QÜDRƏTOĞLU

 

O fatehdir, Heydər oğlu İlhamdır

 

Vətən üçün döyünməkdə ürəyi,

Zülmə qarşı dayanıbdı şax, İlham!

Düşmənləri yenib polad biləyi,

Xalqı üçün sal qaya, dayaq İlham!

 

Qarabağın qisasını alanda

Üzü güldü bu vətənin, torpağın.

Millət onun, o millətin yanında,

Yurdum açdı bütövlüyə qucağın.

 

Gələcəyin yollarına nur salır,

Qəhrəman tək böyüyəcək nəsillər.

Qarşıdadır arzu dolu ürəklə

İlham ilə, inam ilə fəsillər.

 

İlham deyir indi Şuşa, Kəlbəcər,

Xankəndi də, Qubadlı da, Ağdam da.

Yol çəkilir, dirçəlir hər kənd-kəsək,

Əmr verib o sarsılmaz sərkərdə.

 

Yol göstərdi, ordusunu apardı,

Dağlar kimi əyilmədi heç zaman.

Şanlı ordu dalğalartək qabardı,

Zəfər yazdı, qalib oldu komandan.

 

O fatehdir, Heydər oğlu İlhamdır,

Dəmir yumruq tarix yazdı inamla:

"Dəyişməzdir, mənim sözüm - imzamdır!"

Millət gedir gələcəyə İlhamla.

 

 

Qəmi bəzən sandım öz həmyaşıdım

 

Bir üzümə min çətinlik güldüsə,

Tikan bitib yolumu bürüdüsə,

Dərd qəlbimə tez-tez qonaq gəldisə,

Həyat mənə savaşmağı öyrətdi.

 

Dərd sıxanda xoş günləri anırdım,

Mən dözümlə əkizəmmiş - sanırdım,

Səssiz qalıb korun-korun yanırdım,

Həyat mənə səbr etməyi öyrətdi.

 

Dönüb baxdım o keçilən yollara,

Düşmüşəmmiş necə çox haldan-hala.

Qucaq açdım o uzanan qollara,

Həyat mənə inanmağı öyrətdi.

 

Yorulmadım, qəm yükümü daşıdım,

Qəmi bəzən sandım öz həmyaşıdım,

Göz də basıb saçlarını oxşadım,

Həyat mənə sınmamağı öyrətdi.

 

 

Məni kim anlayar de, sənin kimi?

 

Hamı baxıb keçdi, bircə sən qaldın,

Məni kim anlayar, de, sənin kimi?

Oxşadın ruhumu, xəyala daldım,

Məni kim anlayar, de, sənin kimi?

 

Sevirəm canımla, qanımla səni,

Yaxına qoymuram kədəri, qəmi.

Heç kəsə demədən sən bildin məni,

Məni kim anlayar, de, sənin kimi?

 

Gözlərin güləndə gülür ürəyim,

Hər sözüm duadır, olsun köməyin,

Sənsən alın yazım, ən saf diləyim,

Məni kim anlayar, de, sənin kimi?

 

Bəzən məlul, sakit baxışın belə

Sözləri demədən gətirir dilə,

Elə düşünürəm, elə hey, elə:

Məni kim anlayar, de, sənin kimi?

 

Çox şükür, tapışdıq, şükür o günə,

Büründüm büsbütün sənin eşqinə,

Budur, bax, səslənir könlümdə nəğmə:

Məni kim anlayar, de, sənin kimi?

 

 

Şairlər doğulur kədər içində

 

Kədərin bağrından boy atan söz var,

Şairlər doğulur kədər içində.

Hər misra içində yaralı iz var,

Şairlər doğulur kədər içində.

 

Qaranlıq fikirlər hopur canına,

Hər gecə ağrılar çapır yanına -

Öpür yanağından, öpür alnından,

Şairlər doğulur kədər içində.

 

Qəlbində arzular solur lalətək,

Dərd qonur sözünə şəffaf jalətək,

Ulayır qurd kimi o hilala, tək,

Şairlər doğulur kədər içində.

 

Hər misra içində gizlənir fəğan,

Qəlb yaxır hər kəlmə, odlanır insan.

Sevda da, həsrət də ona ərməğan,

Şairlər doğulur kədər içində.

 

Qələmi qılıncdır, kəlməsi dua,

Dərd ilə yoldaşdır, hər axşam-sabah,

Atır özün oda - nə suç, nə günah...

Şairlər doğulur kədər içində.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!