Anar Yusifoğluna - Cavid FƏRZƏLİ

 

Anar Yusifoğluna

 

Xərçəng doğulmusan gözlərinə,

Səni kim bənzətdi xərçəng şəklinə?

Bu səkkiz ayaqla çata bilməzsən uçurumuna,

Bu on ayaqla qaça bilməzsən yer üzündən

Bir az beynində yeriyirsən,

Bir az ürəyində.

 

Kəsib atsan nifrətinin göynəyən yerini,

Yenə boy atarsan bir körpə əllərində.

Bir ağ gəmi həsrətində

Ayrılıq qanını yeyər,

Boy-buxununu içər dəniz.

 

Düşərsən əsarət süfrəsinə,

Azadlığın qarnını doyurarsan.

Sən yem deyilsən, tilova ilişsən,

Tanrı diş çıxarır canında sənin.

 

Göy üzünün qarnı doymur müharibədən,

Səni bir xərçəng müharibə udur.

Barmaqlarının bulud arzuları

Bir bıçağın ağzını doğrayır.

 

Qanayar addımların,

İçindəki qışqırıq çırpılar sakit sulara.

Sən bir sərsəri uşağın əlində

            dənizə düşən daş olarsan,

Ummanı unudub sahilə sığınan dalğa olarsan

İki savaşda boğular adın.

 

Sən elə xərçəngsən küçələrin ağzında,

Xain gecələr yeyir divar şəkillərini.

Gözünə od çəkir günəş,

Hər günün qovurur sabahı.

 

Qanadları Tufandan qorxan

            quşların uçmaq arzusudur,

Xərçəng şəklinlə yaşamaq.

 

Sən bir savaş xərçəngisən,

Suların ayaqlarına ləpir salırsan.

Damarlarım dənizdir sənə,

Qollarımda üzürsən.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!