
Atabəy Şükürzadənin əziz xatirəsinə
Barışmaz bundan belə
Ağaclarla ürəyim...
Toxundun, diksinmədi,
Toxundun, qurumadı,
Quruyub tökülmədi
İntihar budaqları!
De, necə bağışlayım
Mən bütün ağacları?!
Həmin əllərinlə sən
Kim bilir, neçə dəfə
Su səpmisən dibinə,
Ya bəlkə
Gizlənqaç oynamısan
Sığınıb gövdəsinə...
Necə qıydı bəs ağac
O körpə əllərinə,
O dupduru ürəyə?..
Uşaqkən hamı səndən
Bir dad-aman edirdi:
"Elə nadincdir, Könül,
Bir yerdə duran deyil".
Mənsə səni görəndən,
Üzügülər nur bala,
Elə sakit dayanar,
Elə dinc oynayardın.
Harda olurdumsa mən
Uşaqları başına
Yığıb-gəlib yanımda
Oturub oynayardın -
Sıra sənə gələndə
"Ya səndədir, ya məndə" -
Bapbalaca əlinlə
Sən məni də sayardın...
İndi xoş meh əsəndə
Elə bilirəm yenə
Sən uşaqlıq çağından
Qaçıb-gəlirsən mənə...
O şirin gülüşünü
Kim qaytarar dünyama?!
Niyə küsdün həyatdan,
Üzügülər gül bala?
Dərdini heç bilmədim...
Axı səndən dəyərli
Nə idi ki? Bilmədim...
Məni yola saldığın
Həmin o sübh çağında -
Küçəmizin başında
Ölüb-qalardım kaş ki...
Heç gəlməzdim Bakıya.
Bilirsən,
O gündən bu günəcən
Mən də heç gün görmədim...
Qapınıza gəlməyə,
O həyəti görməyə
Bu aciz ürəyimin
Gücü çatmır, nə edim...
Qapınızı döyməmiş
Sinəmdə bu vurnuxan,
Döyüntüdən yorulan
Ürəyim dura kaş ki...
Barışmaz bundan belə
Küçəmizlə ürəyim...
Nə susdusa o gecə:
Uca çinar,
Həmin ay...
Günahkardır gözümdə!
Barışmaz bundan belə
Ağaclarla ürəyim...
27.09.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
