Şeirlər - Elşad ƏRŞADOĞLU

 

Qoxlayıb qurtardım səni

 

Əsdim sözünün üstündə,

Gəzdim izinin üstündə...

Daim gözümün üstündə

Saxlayıb, qurtardım səni.

 

Neçə-neçə qızdan çıxdın,

Yaramdakı duzdan çıxdın.

Qəlbdən girib, gözdən çıxdın,

Ağlayıb qurtardım səni.

 

Sovuldu biyan dərdlərim,

Canıma qıyan dərdlərim,

Sənə oxşayan dərdlərim,

Ağrıyıb qurtardım səni.

 

Nə səni duya bilmədim,

Nə gözdən qoya bilmədim...

Səni yaşaya bilmədim,

Yuxlayıb qurtardım səni.

 

Yıxılıb ölüm, bağışla,

Yuxuna gəlim, bağışla...

Bağışla, gülüm, bağışla,

Qoxlayıb qurtardım səni...

 

 

Çıxıb gedəsən

 

Bir gün uzaqlardan xoş xəbər gələ,

Arzulardan qanad taxıb gedəsən.

Sevinci paylayıb yetim-yesirə,

Dərdini köksünə sıxıb gedəsən.

 

Bir payız gününün qərib səhəri,

Günəş oyatmamış kəndi, şəhəri,

Yığıb yaddaşlardan xatirlələri,

Hamının yadından çıxıb gedəsən.

 

Deməyib dostlara, sirdaşlarına,

Sirrini açasan yol daşlarına...

Dönüb bir qadının göz yaşlarına,

Sonra yanağından axıb gedəsən.

 

Son dəfə yerindən qalxıb yuxulu,

Həyatdan yıxılıb, Sözdən yıxılıb,

Bir Tanrı simalı, Allah qoxulu,

Körpənin üzünə baxıb, gedəsən...

 

 

Ütülə qırışlarımı

 

Yenə sənsizlik əsdimi?

Yoxluğun duman-sisdimi?..

Üşüyürəm, gəl üstümə

Ört elə, baxışlarını.

 

Sənsiz ömür-gün heçədi,

Mənəm, otaqdı, gecədi...

Göstər sən olmaq necədi,

Pərt elə balışlarımı.

 

Zaman axır, ömrü söküb,

Üz-gözümə qırış çöküb.

Sən Allah, bir sığal çəkib,

Ütülə qırışlarımı.

 

Bu ömrü xoşlamaq olmur,

Heç yerdən başlamaq olmur...

Olmur e, yaşamaq olmur,

Ertələ alğışlarını...

 

 

Çətindir

 

Qara tellərimlə sovulub gedir

Sənə həsrət qalan gəncliyim, qadın!

Ömrün öləziyən vaxtıdı, gəl çıx,

Sənsən rahatlığım, dincliyim, qadın!

 

Bəlkə də min ildi səni gözləyir

Bu eşq didərgini, sevda qaçağı.

Dizlərin başımın, qolun boynumun,

Əllərin əlimin sığınacağı.

 

Yalandı, cansıza toxunmur zaman,

Arzular, istəklər yaşlaşır gedir.

Sevgiymiş insanı isidən demək,

İçim buza dönür, daşlaşır gedir.

 

Ev-eşik də tikmək olmur tərs kimi,

Sinəmdən asılan bu daşdan sonra.

Başımı qatıram xatirələrlə,

Vurulmaq çətindi bu yaşdan sonra...

 

...Qara tellərimlə sovulub gedir

Sənə həsrət qalan gəncliyim, qadın!

Ömrün öləziyən vaxtıdı, gəl çıx,

Sənsən rahatlığım, dincliyim, qadın!..

 

 

Adamlar

 

Hara çıxıb gedək, necə qurtulaq?

Dolub ömrümüzə tıxac adamlar...

Bu çölü piylənmiş harın adamlar,

Bu içi qurumuş qaxac adamlar...

 

İçimizdə yanan közü biləmməz,

Toplansa əllisi, yüzü biləmməz,

Bizi hiss eləməz, bizi biləmməz,

Bu odun adamlar, ağac adamlar...

 

Bilmir ürəyinin, bilməyir yerin,

Əlləri buz kimi, ürəyi sərin...

Yeyə bilmirik də əriştələrin,

Bizdən nə istəyir umac adamlar?!

 

Cavan ömrümüzü çeynəyir hər gün,

Yaman ömrümüzü çeynəyir hər gün,

Yavan ömrümüzü çeynəyir hər gün

Yeməklə doymayan bu ac adamlar...

 

Tanrının həzin bir bəstəsiyik biz,

İçində ağlamaq ustasıyıq biz,

Siz tək adamların xəstəsiyik biz,

Ey dərman adamlar, ilac adamlar.

Nə olar, tərk edib getməyin bizi,

Siz ey dərdimizə əlac adamlar...

 

 

Hər tərəfimlə sevirəm

 

Belə sevgi olmur, mən tək

Ürək yox, himlə sevirəm.

Ürəyimi dəlib keçən,

Bir sarı simlə sevirəm.

 

Sükutumla səsləyirəm,

Min illərlə gözləyirəm...

Hər yerimlə istəyirəm,

Hər tərəfimlə sevirəm.

 

Öz ruhum boyda ölçümlə,

Min bir qaydayla, biçimlə,

Gündüz işimlə-gücümlə,

Gecə evimlə sevirəm.

 

Gah usanıb yoruluram,

Gah bulanıb duruluram,

Günahımla vuruluram,

Suçum, səhvimlə sevirəm.

 

İçim dolur birəm-birəm,

Zərrə-zərrə, qıram-qıram...

Heç bir yerə tələsmirəm,

Mən öz kefimlə sevirəm...

 

 

***

Yoxluğun sazaq kimidir,

sən olmayanda elə bil,

iliyimə işləyir,

ruhumu üşüdür, xanım.

Varlığın günəş kimidir,

toxunmaq olmasa da

uzaqdan da adamın

canını isidir, xanım...

...Gör necə işə düşmüşəm,

səni sevmək bu dünyanın,

ən gözəl işidir, xanım...

 

 

Ay Allah sevən...

 

Bu nə gözəllikdir, ay Allah sevən,

Nə var gözlərinin bu qarasında?!

Səni sevmək günah, sevməmək zülm,

Qalmışam od ilə su arasında.

 

Bu nə doğmalıqdı, ay Allah sevən,

Üzündə Tanrının nişanı, izi...

Bəlkə, başqa vaxtda, başqa dünyada,

Nə vaxtsa sevmişik bir-birimizi?!.

 

Bu necə qismətdi, ay Allah sevən,

Səni kim çıxardı qarşıma axı?

Səni necə sevim, necə sevməyim?

Yaraşmır yaşıma-başıma axı...

 

 

Başlayır

 

Hər işığın arxasında kölgə var,

Hər mütləqin içində bir bəlkə var.

Hər şeyin bir başlanğıcı, ilki var,

Təbiət də baharından başlayır.

 

İnsan oğlu tanıyandan dünyanı,

Əzablarla ötüb keçib hər anı.

Kədərimiz hələ Adəm babanın

Bu dünyaya güzarından başlayır.

 

İçimizdə əgər yoxsa bəlli dür,

Çölümüzü bəzəsək də əlli cür,

Qiymətimiz, dəyərimiz bəllidir,

İçimizin əyarından başlayır.

 

Hər məmləkət Vətən olmaz, qaydadı,

Vətən olmaq torpağa da faydadır...

Ölkə sərhəd dirəkləri boydadı,

Vətən şəhid məzarından başlayır...

 

 

Qızım

 

Firuzə üçün...

 

Göylər bizə kədər verməz,

Kədər gəlsə xəbər verməz.

Göydəkilər zərər verməz,

İldırımdan qorxma, qızım.

 

Nə ömrü var, nə də bəxti,

O da bir anlıq qonaqdır...

Pis içindən yıxılmaqdır,

Sıldırımdan qorxma, qızım.

 

Ruhun təzə, ürəyin tər,

Mələklərlə xəbər göndər...

Qorxunu sevgiyə döndər,

Hər durumdan qorxma, qızım.

Göydəkilər zərər verməz,

İldırımdan qorxma, qızım...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!