ANAR
Şükür, şükür, min şükür,
Azad oldu Şuşamız,
Qaytarıldı Qarabağ.
Yoxsa mən nə edərdim? -
Bu dünyadan ümidsiz,
Peşman, nakam gedərdim.
***
Şeir yazmaq asandır,
Qafiyə tapmaq çətin.
Qafiyəsiz olanda
Şeir sayılmır mətn.
Fikri, hissi, duyğunu
Ölçülü vəznə yatır.
Yıpranmış qafiyələr
Yenə dadıma çatır.
***
Dostlar bir-bir gedirlər,
Bax, bu belə zamandır.
Axırda tək qalmayım,
Tək qalmayım, amandır.
Amma o da doğrudur,
İnsanların içində
Tənha olmaq yamandır.
***
Ağır-ağır axan sular axır bir gün bitəcəkdir,
Dərin-dərin dərələr də dumanlarda itəcəkdir.
Salxım-salxım buz saçaqlar səkilərə süzüləcək,
Uzaq-uzaq iqlimlər də üfüqlərə düzüləcək.
Qalın-qalın qapılar da qapanacaq, bağlanacaq,
Qara-qura qəbirlər də meyitlərsiz boş qalacaq.
Yalnız-yalnız yalquzaqlar yollar üstə ulayacaq,
Çirkli-çirkli çamurlar da çəmənləri bulayacaq.
Süni-süni sürücülər səmalara od vuracaq.
Amma, amma...
Dərdlər dərbədər olacaq, dünya daima duracaq.
Unutmaq istəyirəm xatirələri
Dənizin səsi gəlir
Nigar Rəfibəyli
Yayın son günüdür,
Payızın səsi gəlir.
Səksən birin yazında qışı yaşayanda mən,
Elə bilirdim artıq,
Payızın səsi gəlir.
Demə, insan ömrünün özəl fəsilləri var,
Payızdan sonra qış yox, yenə də gəlir bahar.
Sevinməsin bədxahlar,
Səsi gələn payız da
Sonuncu fəslim deyil.
Salam, payız. Əlvida.
Yenə görüşəcəyik
Gələn ildə, o yayın axırıncı günündə,
Bu ölümsüz həyatda
Bu vəfalı dünyada.
Sentyabr 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
