Şeirlər - Şövkət Zərin HOROVLU

 

Kipriyimlə şeir yazırdım

 

Bir şeir gəlmişdi gecə yuxuma,

Yuxumu gözümdən perik salmışdı.

Sanki həzin, kövrək bir nəğmə idi,

Kim onu yuxuma pıçıldamışdı?

 

Qaranlıqda parlaq bir ulduz kimi

Gözümə görünür gah çəkilirdi.

Sevgilə doluydu qoynu-qoltuğu,

Üzündən gecəyə nur tokülürdü.

 

Mən axı, şeirlə vidalaşmışdım,

Yarıtmadı məni çoxları kimi...

Bir ömrü yolunda girov qoymuşdum,

Haqqımı almadım, qırdı könlümü.

 

İlahi payıydı yəqin bu şeir,

İşığına düşüb çaşıb, azırdım.

Kağızsız, qələmsiz gecə yuxuda

Kipriyimlə yenə şeir yazırdım.

 

 

Tək gedəcəm özüm

 

Mən sənin ömrünün baharı idim,

Baharın saralıb, hardan biləsən?

Bir vaxt çox sevdiyin şəvə saçların

Üstünü qar alıb, hardan biləsən?

 

Açsan ürəyimin qapılarını

Görərsən hər bürcü xatirələrdi.

Bir gün xatirənlə baş-başa qalsan,

Onda anlayarsan darıxmaq nədir.

 

Eşqinə can verdim divanələrtək,

Ahını yoluna səpdim, bilmədin.

Xəyalını nurtək süzüb badəmə,

Hər gecə başıma çəkdim, bilmədin.

 

Vurğun könül, dünya yalan dünyadı,

Karvanın dayanıb yol ayrıcında.

Əlvida əvəzi gəl əlimdən tut,

Əllərim ovunsun barı ovcunda.

 

Bu sevgini sonatək daşımışam,

Canımda qalmayıb nə tab, nə dözüm.

Əzəlin də yəqin bir sonu olur,

Sonra da elə tək gedəcəm özüm.

 

 

Ömrümə bəlkə son axırsan, payız

 

Payız gəlib, göylər yenə tutuşub,

İçimdə kövrəlib payız duyğular.

İndi yağış-yağış nəmlənir hər yer,

Mənim könlümün də öz payızı var.

 

Külək də elə bil qəsdimə durub,

Sanki budağımdan alacaq məni.

Tale küləyidir bəlkə bu külək,

Aparıb hayana salacaq məni?

 

Bu yalan ömrün də yorğun vaxtıdır,

Vaxtın yedəyində sürünüb gedir.

Həyata gəlsəm də bir yaz səhəri,

Payız dumanına bürünüb gedir.

 

Qapını ta bir də gəl döymə, payız,

Ürək sirdaşımı alıb apardın.

Əzəldən bir canda elə biz idik,

Araya ayrılıq salıb apardın.

 

Sən mənə toxunma, yolunla çıx, get,

Hər il gözlərimdən yağırsan, payız!

Ağlamaq vərdişi öyrətdin mənə,

Ömrümə bəlkə son, axırsan, payız!

 

 

Yuxuma gəlmə

 

Gözlərim yuxulu səni görürdüm,

Ayıldım, yanımda yenə yoxuydun.

Gecənin bu yuxu toranlığında

Sən də yozulmamış elə yuxuydun.

 

Bir vaxt təptəzəydi arzularımız,

Həsrət dumanına bürünməmişdi.

Onda bütöv idi sevgi dünyamız,

Ayrılıqlar çəkib bölünməmişdi.

 

Sevgimiz ömrünü başa vurmadı,

Payıza qarışdı, yağışda getdi.

Ürək bu sevgidən dadıb-doymamış

Ötəri bir kövrək baxışda getdi.

 

O sənli illərin uzaqlığında,

Qalxardım ürəyin hıçqırtısına.

Qapımdan asardım ümidlərimi,

Qulaq kəsilərdim tıqqıltısına.

 

Sən mənimtək sevə bilmədin, neynim,

Özün kimi məni ürəksiz bilmə.

Döyüb gözlərimin qapılarını,

Hər gecə xəlvəti yuxuma gəlmə!

 

 

Könlün alırıq

 

Hamıdan xəlvəti bir sirdaşım var,

Küsdürən özüməm, dindirən də mən.

Həsrətin ovudub, qəmin kiridib,

Hərdənbir xəfəki güldürən də mən.

 

Bir ömür sədaqət borcum var ona,

İlahidən şeir pıçıltısı var.

Hərdən bulud-bulud dolub daşmağı,

Hərdən də gizlincə hıçqırtısı var.

 

Evdə dolanırıq küsülülərtək,

Sıxır tənhalığın sükutu bizi.

Bəzən danışırıq şeir dilində,

Duyğular axıdır hər birimizi.

 

Lövbərsiz, yelkənsiz gəmi kimiyik,

Ömür sahilinə ta səmt götürür.

İkimizə şərik bir ümid hərdən,

Qolumuzdan tutub yoldan ötürür.

 

Yükümüzü sona çəkə bilmirik,

Yorulub yarıda düşüb qalırıq.

Bir təhər söykənib bir birimizə,

Bu azalan ömrün könlün alırıq.

 

 

Sənə qalsın

 

Ömür səfərdədir çıxmışam yola,

Hər gedəndən xəbər aldım bəxtimi.

Harda büdürlədim, heçə yıxıldım,

Heç bilmədim harda saldım bəxtimi.

 

Deyirlər bəxtimi görənlər olub,

Mən onu gəzirəm əli çıraqlı.

Yoxluğu saçıma ağ cığır salıb

Hansımız günahkar, hansımız haqlı?

 

Sandım gəncliyimdə o düşüb qalıb,

Bəlkə yaddaşımdan sürüşüb qalıb?

Bir vaxtlar arada divartək duran,

Yersiz inadımda ilişib qalıb?

 

Ağacın dalından ondakı kimi,

Yenə də boylanıb baxır gizlicə?

Bəlkə, pəncərəmin altında durub

Üzünə göz yaşı axır gizlicə?

 

Hardasa, baxtımı görənlər olub,

Qürur çəpərini kaş aşıb gələ.

Bir tərəfə ataq inadkarlığı,

Mənimlə bir yolluq barışıb gələ.

 

Onu vaxt-vədəsiz yellərə verdim,

Ümidi kül altda közə bağladım.

Düşüb axarına duyğularımın,

Könlümü şeirə, sözə bağladım.

 

Daha ümidimlə girib qol-qola

Gəzəcəm gecikmiş vaxtsıx baxtımı.

Qoymaram təklikdə gözləri dola,

Taleyindən küsgün baxtsız, baxtımı.

 

Əliboş gedəcəm gəldiyim kimi

Dünya, verdiklərin özünə qalsın.

Deyirlər baxtımı görənlər olub,

Mən görə bilmədim qoy sənin olsun.

 

 

Darıxa-darıxa

 

Dözümümdə həsrətimi

Əzdim darıxa-darıxa,

Yenə sənli günlərimi

Gəzdim, darıxa-darıxa.

 

Gördüm xatirə yerini,

Bir həsrət kövrəltdi məni,

Tellərimə bənövşəni

Düzdüm darıxa-darıxa.

 

Bir üzədir ömür yolu,

Getdim gözü yaşla dolu,

Geri dönüb, sağı-solu,

Süzdüm, darıxa-darıxa.

 

Qəm gölündə batdı gəmim,

Suda qərq oldu yelkənim,

Silib gözlərimin nəmin

Üzdüm, darıxa-darıxa.

 

Ayı caladım ilimə,

Ömrü sökdüm ilmə-ilmə,

Sevgi "günahmış" - sən demə,

Dözdüm, darıxa-darıxa.

 

Hərəyə bir bəxt verilir,

Onu ancaq verən bilir.

İlahi, o necə sirdir,

Çözdüm, darıxa-darıxa?

 

Mənzilə üzüağ çatım,

Bir az da dincəlim, yatım.

Əlimi yerdən, Allahım -

Üzdüm darıxa-darıxa.

 

 

Şəhid sənək

                 

Ata yurdum Horovlu kəndində ananın darvazada qoyub gəldiyi, yarıya qədər çürümüş sənəyi zabit oğlu tapır.

Ana ekranda sənəyi görüb tanıyır.

 

Sənəyi çiyninə götürmə, ana,

Səhidi düşdüyü yerdə də saxla!

Sən onu doldurub göz yaşlarınla,

Bayatı, ağıyla oxşayıb ağla!

 

Otuz il darıxıb qolların üçün,

Dünya eşitməyib ah-fəryadını.

Düşüb vətənləşib şəhidlər kimi,

Bəlkə də unudub sənək adını.

 

Ana, yadındamı gənclik illərin,

Sallanıb gedərdin "Orta kəhriz"ə?

Suyu, sənəyi də bəhanə edib,

Sevginlə durardın gizli üz-üzə?

 

Nitqin nədən batdı, a zalım qızı,

Gör neçə il sayıb o vaxtdan bəri.

O sənək sədaqət heykəli olub,

Yolunu gözləyib nə vaxtdan bəri.

 

Qoy dünya utansın gördüklərindən,

Ağ yalandan tutdu kor kimi bərk-bərk,

Göz yaşların yanağında qurudub,

Tariximə tarix oldu o sənək.

 

4 oktyabr, 2020

 

 

Küsür məndən

 

Mən həmin adam deyiləm,

Sözlərim düşür qələmdən.

Ta şeir yaza bilmirəm,

Duyğularım küsür məndən.

 

Öz bəxtimdən qıraq oldum,

Əl yetmədi uzaq oldum.

Bir sevgiyə yasaq oldum,

O çağlarım küsür məndən.

 

Öz içimə çəkilirəm,

Xəzəl kimi tökülürəm.

Dərdlərimə bükülürəm,

Ağrılarım küsür məndən.

 

Yandan ötdü sevgi yeli,

Süpürlədi ayı-ili.

Səngimir gözümün seli,

Yanaqlarım küsür məndən.

 

Yaş yükünə dözə bilmir,

Hamar yolda gəzə bilmir.

Bilmirəm, gunahım nədir,

Ayaqlarım küsür məndən?

 

Yollar keçdim çətin-çətin,

Dərd önünlə durdum mətin.

Vaxtı daralıb Şövkətin,

Günahlarım küsür məndən.

 

 

Səni

 

Günəştək üzümə güldün,

Üzümdən salmadım səni.

Gözümü yurd yeri bildin,

Gözümdən salmadım səni.

 

Xəyalına düşüb azdım,

Səni yuxu bilib yozdum.

Şəninə şeirlər yazdım,

Sözümdən salmadım səni.

 

Yaxınsan, ya uzağımsan,

Bəlkə sevgi günahımsan?

O şirin gənclik çağımsan,

İzimdən salmadım səni.

 

Ayı-ili tökə-tökə,

Məni çəkdin boşa-bərkə.

Mən dözdüm, sən dedin bəlkə,

Dözümdən salmadım səni.

 

Mən də bir sayaq dəliydim,

Əsliydim, bəlkə Leyliydim.

Səni ruhuma geyindim,

Özümdən salmadım, Səni.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!