Şeirlər - Mehdi DOSTƏLİZADƏ

 

Ərməğan

 

Hər səhər çağırır məni bir çinar,

hər səhər yenidən doğur intizar.

Qonşu həyətindən səssiz-səmirsiz

üstümə uzanan boz kölgəsiylə.

 

Kölgə naləsidir

kölgə

ah

fəqan...

 

Hər səhər çinarın bir budağından

bir kəndir sallanır,

kəndir

ərməğan.

 

Bir od qalansa da çağırır məni,

sürtünən daşların qığılcımından

sürtünən daşların

daş ürəklərin.

 

Küləklər əssə də çağırır məni,

sürtünən daşların qığılcımını

hərləyib-fırlayıb çinara sarı

aparıb atsa da bu küləklərin

əsməyi,

əsməyi

bu küləklərin.

 

Bu yanan çinara imdad gəzirəm,

sənin yaşıl-yaşıl yuxularından,

başqa ağacların qoxularından

bir içim verməyə su tapmasam da,

əlimdə bir şüşə fəryad gəzirəm;

 

Gecənin bağrını yarıram əvvəl,

ardımda kölgələr, əlimdə məşəl,

kəndirlər, budaqlar, ölümlər kimi

niyə göy üzündən sular asılmır,

niyə sarmaşıqlar ona sarılmır,

niyə bu torpağa qarışa bilmir?

 

Bu yanan çinara imdad gəzirəm,

küləklər, buludlar, yağışlar hanı?

Deyirdin, bəs Allah bağışlar,

hanı?

səndən diləmirəm bağışlanmağı,

qoy məni çinarlar bağışlasınlar.

 

Eybi yox, səninlə qiyamətimiz

bir ayrı qiyamət gününə qalsın.

Amma bu çinarın, yanan çinarın,

atadan, anadan yetim qalmayan,

budaqdan bu yetim qalan çinarın

eybi yox, cücərər həndəvərində,

cücərər yenidən nazlı bir fidan;

hər səhər asılar bir budağından

bir kəndir,

bir kəndir

kəndir

ərməğan.

 

 

Deyəsən, balıqlar üzməyi sevir

 

Dalğanı dənizdə bəsləyən külək,

dənizin altını üstünə çevir!

Dalğanı dənizdən ayıran külək,

dalğanı dənizdən, dənizi məndən,

dənizi dənizdən, məni də məndən

ayır hamımızı, amma səbr elə,

balığı dənizdən ayırma hələ.

Deyəsən, balıqlar üzməyi sevir,

deyəsən, balıqlar uçmağı hələ,

deyəsən, balıqlar,

deyəsən, hələ.

 

Pusquda durublar təsəlli üçün,

kölgələr süzülür başına indi.

qapqara buludlar qoşulacaqlar

balığın gözünün yaşına indi.

 

Küləyin balığa yazığı gəlmir,

elə bil haçansa əzizlərini

çarmıxa çəkiblər, dara çəkiblər,

başıma haranın külünü töküm?

balıqlar dənizə kürü töküblər.

 

Deyəsən, balıqlar boğulacaqlar,

deyəsən, dənizdən

əlim üzüldü.

Deyəsən, analar yasa batıblar,

deyəsən, atalar,

atalar öldü.

 

Dəniz qorxuludur, sinəsi üstə

burulğan, burulğan, burulğan gəzir.

Dənizə zillənib baxır qağayı,

dili ağı deyir, gözü qan gəzir.

 

Əzizinəm, ağlama,

üzünü cırmaqlama,

dənizdə tufan olar,

dənizə bel bağlama.

 

Sənə söz verirəm, dərbədər balıq,

keçər bu tufanın, keçər ağrısı,

yetim balaların böyüyəcəklər.

 

Sənə söz verirəm, əzazil külək,

sənə söz verirəm, gecə yarısı

balıqlar uçmağı öyrənəcəklər.

 

 

Adını özgədən soruşan köpək

 

Qarşına çıxdısa bir axşam çağı

adını özgədən soruşan köpək.

deməli, gecənin bir aləmində

özgələr güləcək,

köpək hürəcək.

 

Özgələr güləcək acizliyinə,

özgələr güləcək cılızlığına,

özgələr güləcək,

köpək hürəcək.

 

Uzaqdan eşidib bu hürüşləri

diksinib yuxudan duracaq hələ

bir körpə

boğazın cıracaq hələ.

 

Adını özgədən soruşan köpək

yuxudan körpələr oyatdığıyçün

başqa bir küçədə,

başqa döngədə

məsum bir köpəyə

daş atacaqlar.

 

O məsum köpəyin, məzlum köpəyin

ahını dağlara yetirən külək

o axşam, o gecə

həmin küçədən

o axşam, o gecə

həmin döngədən

keçməyə, dönməyə can atmayacaq,

külək əsməyəcək o tərəflərə.

 

O məsum köpəyin, məzlum köpəyin

aləmi, aləmi tutacaq ahı.

O axşam, o gecə, bir də o küçə

bir də çətin görə, çətin, sabahı.

 

Köpək ulayacaq köpəklər kimi,

körpə ağlayacaq körpələr kimi,

bu ev dağılacaq körpülər kimi,

min günlük savaşın astanasında.

 

Min günlük savaşın, müharibənin

elə ilk günündən, ilk gecəsindən

vurulan olacaq pəncərəsindən,

ağaclar, budaqlar, qırılacaqlar -

qırılan olacaq

millətlər kimi.

 

Köpək ulayacaq köpəklər kimi,

körpə ağlayacaq körpələr kimi,

bu ev dağılacaq körpülər kimi,

 

hətta ola bilər

o qədər ölək

daha körpələrə

kəfən çatmasın.

Adını özgədən soruşan köpək,

gör nələr elədin,

adın batmasın.

 

 

Rəngbərəng kəfən

 

Mənə kəpənəyin öləcəyindən

xəbər verməmişdi qara buludlar.

Elə bilirdim ki, bu təmtərağın

ardında bir qədər göy qurşağıyla

ardında bir qədər hələ ümid var.

 

Amma bu əlimdən tutan uşağın

gözünün yaşını çölün düzünə,

 ölən kəpənəyin cənazəsinə,

hər yana, hər yana tökən uşağın

bu qəfil ölümdən xəbəri varmış.

 

Sən demə, uşaqlar göyə baxarmış,

qara buludlardan xəbər alarmış,

hərlənib-fırlanıb, bir adam tapıb

bir çölün düzünə ha apararmış.

 

Çağır dostlarını, çağır, ay bala,

çağır ki, dostların bu kəpənəkçün

bu çölün düzündə qazıya mədfən.

Bu çölün düzündən keçəsi olsam,

bu çölün düzündə dayanıb hərdən

ölən kəpənəyi yada salım mən.

 

Gözünün qorasın tökmə, ay uşaq,

ölən kəpənəyə ağı deməzlər,

ölən kəpənəyin üzünə ağ çək.

 

Ay ölən kəpənək,

ölüm nədir ki?!

ölümdən ötəri qüssə yeməzlər,

guya ki, sənin nə yaşamağın var?!

gör necə rəngbərəng,

gör necə yaşıl,

gör necə qəhvəyi,

gör necə sarı,

gör necə çəhrayı

sənin ağın var.

 

 

Yanğına körüklə gedir uşaqlar

 

Təpənin üstündə koma göründü,

komanın üstündən ucaldı tüstü;

o yanan daxmanı oyuncaq sanıb

yanğına körüklə gedir uşaqlar.

 

Sürünün yanından ayrıldı çoban,

gəlib önlərində dayandı çoban,

çobanın sözünü fırıldaq sanıb

yanğına körüklə gedir uşaqlar.

 

Bir pişik, bir köpək və bir müqəvva,

tarladan təpəyə baxar müqəvva,

onun sükutunu səs-soraq sanıb

yanğına körüklə gedir uşaqlar.

 

Komanın yanmağı yaman qəribə,

kəlləsində tütən duman qəribə;

qapqara tüstünü ağappaq sanıb

yanğına körüklə gedir uşaqlar.

 

Xəbər çatar, hər tərəfdən yığılar

komanın başına qoca qarılar.

Matəm nəğməsini şaqqanaq sanıb

yanğına körüklə gedir uşaqlar.

 

Sürü ayrı düşər qoyun itindən,

qoyun xəbərsizdir ölüm-itimdən.

Deyəsən, ölməyi yaşamaq sanıb

yanğına körüklə gedir uşaqlar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!