Nə yaxşı yadına düşmüşəm sənin
Nə yaxşı yadına düşmüşəm sənin,
Yadına düşdüyüm yadıma gəlmir.
Daha gözləmirəm məktublarını,
Ya da göndərirsən, adıma gəlmir.
Qısa rol oynadıq uzun səhnədə,
Yaşanan hər şeyi tamaşa bildik.
Bəxti gətirməyən sarmaşıq kimi,
Biz ancaq tikana sarmaşa bildik,
Əcəb yolun tapdıq nəfəs almağın,
Gör nələr boğuldu nəfəsimizdə.
Dünəni yaşaya bilmədik, heyif,
Sabaha qalmadı həvəsimiz də.
Nə yaxşı yadına düşmüşəm sənin
Nə əcəb bir anım ilişib səndə.
Mənə xatirələr bəs eləmişdi,
İndi nə olacaq biz görüşəndə?!
Yadına düşmüşəm, sevindim buna,
Bir az da üzüldüm, çox yubanmısan.
Bizim tüstümüzü görən olmayıb,
Mən burda, sən isə orda yanmısan.
Harda lalə görsəm, ora Vətəndir!
Qara kölgələrin içinə düşüb,
Çoxu hələ bilmir hara Vətəndir.
Mən nəyi oxşadım şəhid qanına? -
Harda lalə görsəm, ora Vətəndir.
Döy məni, söy məni, bil, uda billəm,
Silib gözlərimi quruda billəm,
Bütün yaraları unuda billəm,
Ağrısı keçməyən yara Vətəndir.
Pətəyi boşalan arısı gedən,
Uğrunda qocası, qarısı gedən,
Quzğun dimdiyində yarısı gedən,
Bükülən, sökülən, para Vətəndir.
Mən nə boyda dönüm ki...
Ört bütün qapıları,
Yetər ki, baca qalsın.
Mən nə boyda ölüm ki,
Ölüm balaca qalsın?!
Mən nə boyda gülüm ki,
Eşitməsin ağlayan?!
Bəlkə də o olacaq
Gözümüzü bağlayan.
Mən nə boyda bölum ki,
Bir tikəni yüz yerə?!
O qədər əyri getdik,
Yetişmədik düz yerə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda dönüm ki,
Dünya içimdə qalsın?!
Sənə şeir yazmağa hələ də gücüm çatmır
Günü-gündən çoxalır əmi, dayı deyənim,
Yaşlı, qoca görürəm onların sözlərində.
Körpə uşağım, deyir hələ də anam mənə,
Böyüyə bilməmişəm anamın gözlərində.
Orda-burda ev alıb, saray tikənlərə bax,
Dünya özü bir evdir, evi neynirsən adam?!
Adamlar adamları parçalayıb yeyirlər,
Yırtıcılar içində divi neynirsən adam?!
Var gücünlə pıçılda, nəfəs ver mənə sarı,
Yaxınlar duya bilsin uzaqların səsini.
Analar lay-lay deyir, beşiyin içi sükut,
Silahlar qorxudubdu uşaqların səsini.
Bax, bu yağış altında çətirsiz bir adam var,
Yağışdan quru çıxır damcıları sevənlər.
Döyülür başqa biri yağışdan qorxduğundan,
Əzilir günəş altda qamçıları sevənlər.
Qurdalama, qurd çıxar gözəl dediyin yerdən,
Qoparmasan qanamaz yara dediyin şeyi.
Sarı, qırmızı, yaşıl, günahı nə rənglərin?
Bir anda ağ edirsən qara dediyin şeyi.
Yubanıblar bu günün sabahı var, deyənlər,
Bu gedişin sonuna baxıram, gözüm atmır.
Dalaşır misralarım gözümün qabağında,
Sənə şeir yazmağa hələ də gücüm çatmır.
Dostun köhnəsi var...
Darıxmaq öyrədir bu şəhər mənə,
Hər dəfə kiçilir hər gəlişimdə.
Mən uzaq adamam bu küçələrə,
Bir şəhər yox olur hər gedişimdə.
Adam çox, nəfəs yox bir udum udam,
Qalır boğazımda şəhər havası.
Suya batırmağa çörək axtarır
İradə Aytelin ala qarğası.
Darıxmaq öyrədir, özü də necə,
Azdığım küçədə bir də azıram.
Elə bil atamın tikdiyi evdə
Anamın dilində şeir yazıram.
Əlimi atıram cibimə sarı,
Bənizi dəyişir qaraçı qızın.
Sallanır maşının qapılarından,
Yaxılır şüşəyə qarası qızın.
Allah xatirinə, kömək et, deyir,
Bəzən bu köməyin biri bir təpik.
Düşür ovuclara qara daş kimi,
Allahın xatiri iyirmi qəpik.
Sınır qədəhlərin səsində şəhər,
Açılan süfrənin məzəsi olmur.
Hamı dost olmağa çalışır məgər?
Dostun köhnəsi var, təzəsi olmur.
Atama yazdığım şeir
Sən gedəni çox il oldu,
Bir, iki, üçə sığmadı.
Ha vuruşdum, ha çalışdım,
Varlığım heçə sığmadı.
Sığındım ana qoynuna,
Olmadım xətalı uşaq.
Məndən bir az tez böyüdü
Qonşuda atalı uşaq.
Vermişəm düşmən əlinə,
Yadıma torpağım düşür,
Sən gedəni hər payızda
Bir-iki yarpağım düşür.
Böyüyüb uçub getdilər,
Nə qardaş qaldı, nə bacı.
Vəfalıymış, qurumadı,
Əkdiyin armud ağacı.
Döşünə döyən dostların
Biri bir corab almadı.
Sən gedəni böyümüşəm,
Uşaqlığım heç olmadı.
Bu kəndi yiyəsiz qoyub getməyin!
Təndir çörəyinin ətrinə dönün,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Qoca nənələrin xətrinə, dönün,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Ağlayar o güllü beşikləriniz,
Darıxar eviniz-eşikləriniz,
Ac qalar itiniz, pişikləriniz,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Kəndin kənd ləzzəti, şəhərin şəhər,
Çalışır, dolanır hərə birtəhər.
Babanız şəhərdə yaşayıb məgər?
Bu kəndi yiyəsiz qoyub getməyin!
Gözəl xatirələr saxlayın, nolar,
Arada qayıdın yoxlayın, nolar,
Qapını qıfılsız bağlayın, nolar,
Bu kəndi yiyəsiz qoyub getməyin.
Yığışıb kişilər söz qoyardılar,
Elin qeyrətinə göz qoyardılar,
Ortaya çörəklə duz qoyardılar,
Bu kəndi yiyəsiz qoyub getməyin!
Gün keçər, qürbətin vədəsi dolar,
Yerində illərin ağrısı qalar,
Axı hər gedişin qayıtmağı var...
Bu kəndi yiyəsiz qoyub getməyin!
Mən heç kimə oxşamadım
Nə atama, nə anama,
nə dayıma...
Yerdən çıxdım, göydən gəldim,
Bir bətndən, beldən gəldim,
Bir balaca uçuq evdən,
Bir obadan, eldən gəldim...
Bənzətdilər
məni ona, onu mənə.
Geydirdilər
heç əynimə biçilməyən donu mənə.
Göstərdilər,
görünməyən sonu mənə.
Mən heç kimə bənzəmədim.
Bəlkə adam tapılmadı
mənə bənzər,
Bəlkə mən adam olmadım, adam kimi,
Niyə baxır mənə "adam" yadam kimi?!
Mən heç nəyə bənzəmədim...
Külək kimi əsməyim yox,
Bulud kimi yağmağım yox,
Yerə-göyə sığmağım yox,
Bənzətdilər
biri gözə, biri yaşa,
Ağlatdılar, demədilər yaşa! Yaşa!
Bənzərimi axtarmağa döndüm başa.
Yarpaq kimi tökülməyim
payıza oxşatdı məni.
Düzü dedim, yüzü dedim,
Sizi dedim, bizi dedim...
Nə faydası, bu deməyim
Qarğışa oxşatdı məni...
Mən heç kimə oxşamadım!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
