Doğulacaq qadın
Məndən sonra doğulacaq qadın,
Ruhumu vəsiyyət edirəm sənə.
Gələn bütün kişiləri, şeirlərimi,
Bir də sevgimi vəsiyyət edirəm.
Sevilməyini istəyirəm,
Məni düşün bu şeirimi
oxuyarkən, bizi düşün.
Dünyanın ən xoşbəxti ol,
ən bədbəxti də mənim kimi.
Hərdən qəlbini rahat burax,
Hərdən də günah işlət.
Səndən öncə bir şair qadın vardı,
Bir az məsum, bir az günahkardı.
Bir adi qadın vardı, bir dəlisov qadın...
Bütün qadınlar o idi.
Coşqun yaşardı, sakit yaşardı.
Sevgiləri, ayrılıqları vardı.
Ən gözəl kişiləri
ən pis qadınlara bağışlayardı.
Bir qadın vardı,
Bir tərəfi sevgi qoxardı,
Bir tərəfi yalqızlıq olardı...
...Sənə kədərimi vəsiyyət edirəm.
Bilirəm, kədər yaraşacaq sənə,
Gözlərin havaya dikiləcək,
Havanın rəngsizliyində
Daha kədərli görünəcək.
Sənə sevincimi vəsiyyət edirəm,
Bilirəm, sevinc yaraşacaq sənə,
gözəlləşəcəksən.
Sən gülüncə o xoşbəxt olacaq,
Sevinclə kədərin dostlaşacaq,
Hər yerdə ikisi də yanında olacaq.
Onlardan başqa kimsəyə güvənmə,
Kimsəyə.
Unutma, heç vaxt yerlər unutmayacaq səni,
Unutsa, yollar unudacaq.
Məndən sonra doğulacaq qadın,
yerimi sənə verirəm.
Qadın olmağı bacarsan,
səni şeirlərim ağladacaq.
Ruhuma kövrələcən,
Sükutumu istəyəcən, səs-küyümü də.
Heyif, oturub üz-üzə
Şərab içmədik səninlə, dərdləşmədik.
Heyif, ondan danışmadıq,
Sevərsən,
Qorxmazsan, sevərsən onu.
Bu bir həyat qanunu, sadəcə sevərsən.
Çox görmə özünə bunu.
Bu acı deyil, bir həyat düzənidi,
sevməsən pozarsan.
Öpürəm səni, qoru özünü,
Özündən sonrakı qadın üçün qoru.
Məhbus
Cinsim ağrıyır, anlayırsan? Cinsim ağrıyır.
Mutlu ol, qadın!
Cümlələrində dibsiz tənhalıq,
çarəsiz qadınlıq,
yetim azadlıq görmək istəmirəm.
Bir şeyə əminəm:
Yaxşı sevgili azadlığını əlindən almır adamın.
Yaxşı sevgili azadlığına azadlıq verir.
Yaxşı sevgili yaxşı rəhbər kimidir;
özüylə demokratiya gətirir.
Sən onun xalqısan -
Azad, xoşbəxt görmək istəyir.
Yaxşı sevgili bütün varlığıyla
"xalqına" xidmət (kömək) edir.
O gələndə sən rahat olursan,
gizlənməyə gərək duymursan.
Sənin həyatında onun
gəlmədiyini görürəm,
Sənə yaxşı sevgili arzulayıram.
Dəmir ledini xatırlayıram.
Dəmir-zad deyiləm,
sadəcə, qadınam - deyib, ağlamışdı.
Üzrlü say, "siz"lə yaza bilmirəm,
İndi çox doğma gəlirsən...
***
Nələr gördük!
İnsan qəlbi təpikləyən adamlar,
Uşaq qəlbi təpikləyən adamlar,
Ürəyinin lap başına kürsü təpənlər,
Dünyayla aramıza hasar hörənlər,
Yaxşıları ruhumuzla öpdük,
Ayağımız yerə dəymədən
ayaq döydük ölüməcən.
Payız gəldi
Payız gəldi,
Yavaş-yavaş üşütdü bizi,
Xəzan yenə oxşadı gözümüzü.
Sən indi harda isinirsən?
Payız gəldi.
Yağış yenə itirir izi,
Sən indi harda özünsən?
Mən meşələrdə
tənha, quru agaclara
kürkünü geydirən biriyəm,
Mən indi özüm ağac kimiyəm,
üşüsəm, kürkünü verərsənmi?
Yağışlarda kövrəlirəm,
kövrəlsəm, ovutmağa gələrsənmi?
Təbiətin saçları tökülür,
torpaq saçları öpür,
Təbiət ölüb-dirilir...
Hökmünü dəyişmir zaman,
Yenə pəncərəmdə damcıları sayıram,
Sən aynanın uzağında qalırsan,
Mən hər payız
yalnız Səni gözləyirəm,
Sən hər payız gəlmirsən.
Yay bitdi...
Əllərim yenə üzümü örtdü.
Payız gəldi, getdi...
Görünməyən ay işığı
Səni azadlığa buraxıram,
İçində yaşamaq istədiyin
qadınlara get.
Təki yaşa!
Dərimin qoxusunu sev,
Sənə toxunuşumu sev
yad tutqularda...
Ayın ağacın arxasındakı işığında
Arzuladığın hər qadında
həm də məni sev.
Mənə doyub gəl,
Bədənini heç yerdə qoyub gəlmə.
Mənə gələndə başqa yataqlarda
hər şeyi soyunub gəl!
Qısqanclığım səni
gözəl qadına qıymağa yetər.
qısqanclığım buna dözər...
İnsanları sevib gəl.
Bircə, qolunda zəncir gətirmə.
Tanrılardan od oğurla,
Qadınlardan dad oğurla, gəl.
Mənə gələndə köləlik gətirmə.
Sevişdiyin hər qadınla
bir qucaq adamla.
Çevriliş
Adını bilmədiyim,
üzünü görmədiyim tanışım,
bu dünyanın bir qarışı gərəkdi mənə.
Bir qarış yer göstər, dayanım. Havadayam.
Bir də yol ayrıcındayam.
Durmadan ağrıyan başdan,
yaş üstünə yaşdan
birbaşa sənə aparan yol olmalı,
yoxsa nəyə yarıyır bu yaş, bu baş?!.
Üzünü görmədiyim tanış,
misraları pillə-pillə qalxsammı,
pillə-pillə ensəmmi sənə gələrəm?..
Bir görüş olmalı əlbət,
bir dönüş,
bir dönüş olmalı...
Gecikən adamlara
Mən intihar edəndə sən yoldaydın,
gəlirdin...
Ayaq səslərini duya-duya
boğazıma ip salırdım,
Tarixi oya-oya
Özümə yer qazırdım.
Dəm qazı otağıma dolurdu,
İlk dəfə rahat nəfəs alırdım.
Sən gəlirdin, yoldaydın,
Bu dəfə sağalmaq üçün yox,
Ölmək üçün içirdim.
Sənin addımların, addımların...
atıldım havadan,
asıldım tavandan,
ölümü qucaqladım,
eh... sən hələ yoldaydın...
Bu da mən
Ağlaya bilməyəcəm, bağışla,
su dövrü deyil.
Quru bir səhracayam, alqışla!
Sən güclü nəsnələri sevirdin.
İstər adamlar,
İstər anlamlar olsun,
Susuzluğa dözən torpağı,
Öləninə ağı
deməyən qadınları sevirdin...
Alqışla,
Dözürəm!
Ehtiras
Qolların
ağacların yağışa uzanan,
Günəşə dartınan,
Tanrıya açılan budaqları.
Bəlkə deyil vətən Edem bağı.
Ancaq Sən
Adəmnən çox Alma kimisən;
dadında həm sevgi, həm günah...
Məni bağışla, Tanrı!
Məni bağışla, İlahi!
Hər ağacda bağışla.
Ordasansa, qarşıla,
Yoxsansa, qarışma.
Cənnətə uçuram, sus.
Darıxdım
Sən bilmədin harda, necə darıxdım,
Bədənimi sıxıb küncə, darıxdım.
Saatları basdım sənsiz bağrıma,
Yoxluğunu bircə-bircə darıxdım.
Gülüşümün yalanında darıxdım,
Gerçəyimin dalanında darıxdım.
Hava kimi doldu ülvi duyğular,
Nəfəs-nəfəs boğulanda darıxdım.
Sirlərimin dözümündə darıxdım,
İllərimin düzümündə darıxdım.
Bir-birinə dolaşıb düyünlənən
Günlərimin çözümündə darıxdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
