Şeirlər - İdrət BABAYEV

 

Azərbaycanım

 

Zəfər gününə

 

Sökülür qaranlıq, çəkilir duman,

Al şəfəq içində yanır asiman,

Bu şanlı Zəfərə şahiddir zaman,

Axı haqq yolunda axıtmısan qan -

Sən qalib ölkəsən, Azərbaycanım.

 

Xəzər sahilində qartal qanadlım,

Xətai ləqəblim, Atilla adlım,

İlham Əliyevlə qələbə çaldın,

Neçə oğulların keçib canından -

Sən qalib ölkəsən, Azərbaycanım.

 

Necə də yaraşır bu bayraq sənə,

Yaraşır zirvələr, uca dağ sənə.

Qorqud yadigarlı bu ocaq sənə,

Bu odu qorudun, gərmisən sinə.

Sən qalib ölkəsən, Azərbaycanım.

 

Qəsdinə durmuşdu xəyanət, kin, şər,

Bunu izləyirdi heyrətlə bəşər.

Allah əta etdi sənə bir Zəfər,

İndi, bütün dünya danışır ondan,

Sən qalib ölkəsən, Azərbaycanım.

 

İdrətəm, elə bil ilk bahardayam,

Çağlayan bulağam, kükrəyən çayam.

Rəbbim, mən ən xoşbəxt bir diyardayam.

Vallah, dilim-ağzım doymur duadan,

Sən qalib ölkəsən, Azərbaycanım.

 

 

Gəl Rvaruda

 

Gözəl təbiəti, suyu, havası

Yaraşır çəməndə gül, Rvaruda.

Hər ev qaya üstdə zəhmət yuvası,

Dostum, hər fəsildə gəl Rvaruda.

 

Yolları hər kəsin xoşuna gəlir,

Dəyir torpağına, daşına gəlir.

Dolanır dağların başına, gəlir,

Sanki naxış vurur yol Rvaruda.

 

Bu dağ zirvəsinin ahəngi gözəl,

Hər gülün, çiçəyin çələngi gözəl.

Burda fəsillərin öz rəngi gözəl,

Gözəllik uzadıb əl Rvaruda.

 

Bir bəyaz nağıldır qışı bu yerin,

Sehirdir torpağı, daşı bu yerin.

Kim bilir, neçədir yaşı bu yerin.

Tarixdən bir nəzər sal Rvaruda.

 

Elə ki, səhərlər qızaranda dan,

Təbiət oyanır şirin yuxudan.

Sən də uzaq olma hissdən, duyğudan,

Şair, öz meylini sal Rvaruda.

 

 

Bənövşə

 

Sən dağlar qızısan, yandırmısan şam,

Sirrini hər kəsə açma, bənövşə.

Mən çiçək dərməyə dağa çıxmışam,

Məndən uzaqlara qaçma, bənövşə.

 

Mən ki, yad deyiləm, mərhəməm sənə,

Səfalı dağlara, çölə, çəmənə,

Başını qaldırıb baxsana mənə,

Dinməzcə yanımdan keçmə, bənövşə.

 

Bəzən duman gördün, bəzən qar gördün,

Sevinc, həsrət gördün, intizar gördün.

Qısaca ömründə son bahar gördün,

Kədəri əyninə biçmə, bənövşə.

 

Bu dağlar mərdlərin oylağıdır bil,

Safdır məhəbbəti, vəfasız deyil.

Sevgiyə layiqdir hər çiçək, hər gül,

Hər kobud ürəyə köçmə, bənövşə.

 

Küsəyən qızımsan, eşqin səsisən,

Sevgi təravətli yaz nəfəsisən,

Vətən sevgisisən, yar həsrətisən,

Yanımdan özgə yer seçmə bənövşə.

 

 

Çiçək

 

Könlüm vurğunudur bitən hər gülün,

Çiçəklər içində təksən, ay çiçək.

Şöhrət tapacaqsan çəməndə, çöldə,

Sevgi toxumunu əksən, ay çiçək.

 

Günəş sənin üçün qalxır göylərə,

Min kərə çən-duman üzünü öpür.

Hüsnünə baxmaqdan doymur dağ-dərə,

Dəli küləklər də yanından ötür.

 

Buluddan üstünə çilənən yağış

Sənin xoş ətrini səpir torpağa.

Niyə qədəminə deməyim alqış

Yayın qucağında çağasan, çağa.

 

Uca Tanrı verib sənin qiymətin,

Dastandır, nağıldır sevgi aləmin.

Bircə yaz olsa da axır qismətin,

Çiçək balasısan mənim elimin.

 

Nə yaxşı, vaxtında dada yetirsən,

Qayğınla heç kəsi salmırsan işə.

Onsuz da hər möhsüm çəkib gedirsən,

Sənin təravətin qalır həmişə.

 

 

Sən yox idin yanımda

 

Gözünə sürmə çəkib, ay da yuvarlanırdı,

Buludlar göy üzündə sakit tumarlanırdı.

Suların nəğməsindən, çay ki, xumarlanırdı.

Bir atəş sarımışdı, bir od vardı canımda,

Xəyalımın sultanı, sən yox idin yanımda.

 

Küləklər tellərimə toxunur kövrək-kövrək,

Sular da lal axırdı, baxırdı ürkək-ürkək,

Qarşımda açılmışdı, ağ paltarda, tər çiçək.

Səni xatırladırdı, saatım da, anım da,

Xəyalımın sultanı, sən yox idin yanımda.

 

Gecə kirpiyin kimi yarpaqlar titrəyirdi,

Şeh yığılıb bir otun ləçəyini əyirdi,

Təbiətin oyunu çox xətrimə dəyirdi.

Qırmızılıq gəzmə heç, bu qaralan qanımda -

Xəyalımın sultanı, sən yox idin yanımda.

 

Sevənlər sarmaşıq tək saralıb bir-birinə,

Elə bil baş çəkərlər bu gün eşqin pirinə.

Baxırdım həsrət ilə o boş qalan yerinə.

Xoşbəxtlikdən əsər yox, bu gecə ünvanımda,

Xəyalımın sultanı, sən yox idin yanımda.

 

Bu gecə ağır-ağır, dərirdi nəfəsini,

Quşlar da oxumurdu əvvəlki nəğməsini.

Ətrafda hər nə vardı, kəsmişdi öz səsini,

Qüdrəti dayanmışdı vaxtın da, zamanın da,

Xəyalımın sultanı, sən yox idin yanımda.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!