I
Tək təhər-tövründən,
görkəmindən yox,
xasiyyət sarıdan
növ-növdür insan, -
düzü-əyrisi var,
oxlov udanı,
biri də civətək
zəhərlidir, sürüşkən, yumru…
Əyrini kəsməsə
düzün qılıncı
Çökdürər diz üstə
Anar yumoru.
Zaman pis zamandır,
hər ucuz alan
çəkib matahını
çox baha satır,
Satır, övlad satır,
bax, satır ata.
Kimin nə haqqı var
ona söz ata.
ya da bir misra,
həcv sətir ata, -
əfsanə, əsatir
satirlərindən
güclü, amansızdır
o satirada!..
II
Tut onu qızıla,
bürü xəz ilə,
canlı bir mücrüdür,
dürlü xəzinə.
xalq ağıl yatırı
dolu daxıldır.
Ora həm sədaqət,
namus-qeyrət də,
hünər daxildir.
Kiməsə saraydır.
kimə daxaldır.
Mənimçün isə
söz-söhbət zəmisi,
əkin-biçində
verimli toxumluq,
qızıl taxıldır.
O elm dəryası,
bilik bankıdır.
Faizsiz kredit
paylar hamıya;
qaytaran da olur,
alıb danan da…
O, xotkar oğludur,
Hatəmliyi var.
O, Qorqud Atadır,
Bəhlul Danındə.
Təkdir o, vahiddir
sırada, vərdə.
Axtarma bihudə,
tapılmaz ondan
nə ucqar uzaqda,
nə həndəvərdə…
III
O qədər təmizdir
dili durudur,
onu hər arif də,
avam da qanar.
O qədər parlaqdı,
elə işıqlı,
onu tək kor danar,
nadanlar qınar.
o qədər açıqdır,
elə cürətli,
cəhd edib sancmaqçın
üstünə hər cür
ilan-şəyən cumar,
hər cür mar cumar.
Dayağı elidir,
Xalqıdır qəhmar.
Bişibdi zamanın
od kürəsində.
Yanar qovğalardan
keçibdir Anar.
Sarsılmaz əzmiylə,
kəsərli sözlə
paxılı, xəbisi
biçibdir Anar.
Qələmi qılıncdır,
təlaş eləmə,
heç vaxt nə qırılar,
nə də ki sınar.
Tək zaman sınayar,
onu vaxt sınar.
Zaman fəzasından
keçəcək Anar.
Türk oğuz ruhlu o
qardaşımızdır
Şükür ki, yenə də
vaxtdaşımızdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!