Axşamdı,
Qarşı meşədəki sükut
Kəndin işıqlarına boylanır.
Çay axır,
Dünənki kimi deyil,
Qolları artıb, özü azalıb.
Səhərdir,
Günəş kəndə gəlir,
Əlində sarı zənbil.
Soba yanır,
Tüstü dumana doğrudur,
Yorğun-yorğun irəliləyir.
Qonşunun uşağı,
Altında qarğı at,
Özü yorulmasa, atı yorulmaz.
Qoca baba,
Ayaqları sözünə baxmır,
Əkdiyi ağac əlindən tutub.
Yağış yağdı,
Yarpaqların alqışı,
Səhnədə rəngbərəng pərdə
Göy qurşağı.
Külək qalxıb
Bir topa buludu qovur,
Dağlar yol gözləyir.
Qəbiristanlıq,
Bütün gözlər önə dikilib,
Geriyə baxan yoxdur.
Bulaq...
Qaynayır,
Suyu buz kimi.
İt,
Soyuqdan özünə sığınıb,
Yumaqdan seçilmir.
Sahibsiz ev,
Pəncərəsi açıq,
Dərdindən əl açıb bəlkə də.
Kəhər at,
Dırnaqları ilə torpağı eşir,
Yalında qar dənələri...
Alaçıq,
narın yağış çadırı çırtmalayır,
Yuxum gəlir.
Sübh tezdəndir,
Buxarılardan tüstü qalxır.
Alaçıqlar bir-birini salamlayır.
Şeh düşüb,
Bir kəpənək daş üstünə
qanadının rəngini xatirə qoyub...
İyuldur,
Qüzeydə qar var,
Ətrafında tənbəl çiçəklər...
Nənə eynəyini silir,
Örpəyindəki çiçəklər rənglənir,
Çəmənlik ruh oxşayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
