Qovuşan ayrılıq, güldürən kədər,
Sevincdən doğulan qəm sanaq eşqi.
Qayanın köksünə can vermək hədər,
Daş heykəl yaranmaz, yüz yonaq eşqi.
Ömür də cığırdı, yol da cığırdı,
Ağrılar yüngüldü, ürək ağırdı.
Əzəldi, əcəldi, əvvəl, axırdı,
Öldürə bilərmi tər qınaq eşqi?!
Ay nəğmə xəyallım, oyna könüldə,
Mən günəş olaram, qayna könüldə.
Saxladım ruhumu ayna könüldə,
Sındıra bilmədi min sınaq eşqi.
Dil susar, söz alar öncə dodaqlar,
Dönər misralara incə dodaqlar,
Yel vurar, açılar qönçə dodaqlar,
Od salar ürəyə gül yanaq eşqi...
Hardadı məhəbbət?.. yağışlardadı,
Güc alıb, qocalıb, qırışlardadı,
Dil deyir, görmüşəm, baxışlardadı,
Gözlər də deyir ki, gəl danaq eşqi.
Səbirdən doğuldum, səbirli oldum,
Nə sirsiz yaşadım, nə sirli oldum,
Qoxladım çiçəyi, ətirli oldum,
Qopardım çəməndən bir qonaq eşqi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
