Uzaqdan uşağa bənzəyirdi, yaxından cavana,
lap yaxından yaşlı adama -
ilk dəfə görəndə təəccüblənmişdim.
Sanki bütün yaşları
ləyaqətlə daşıyırdı özüylə.
Qısa boyu, çəlimsiz bədəni
çantasını daha da iri göstərirdi:
Wolt.
Ünsiyyətdə də eyni mənzərə:
Həm uşaq idi, həm cavan, həm də qoca - fuzzy set*.
Cır səsi uşağı xatırladırdı,
özgüvənli ədası cavanı,
iri çantanın təsirindən bir az da əyilmiş qaməti
və qırışmış yorğun siması isə qocanı.
Təzadların, əksliklərin, bir sözlə,
bütün ziddiyyətlərin sanki
vahid bir vücudda toplandığı nümunə idi
iri çantasına sığınan bu zərif adam.
"Bir şeyin varlığı onun tərsini inkar etməz -
hər şey tərsini saxlayar özündə; ya az, ya da çox".
qənaətinin bir daha sübutu idi bu qoca uşaq.
Uşaqdan qocaya qeyri-səlis keçidi
sanki əyaniləşdirirdi hər dəfə qarşıma çıxanda.
Hərəkətin, zəhmətin hər yaşda faydası var, -
ünsiyyət xatirinə dedim salamlaşdıqdan sonra.
Həm o, həm də... - cır səsiylə yarımçıq cavab verdi,
üzündə qəribə, azca özündənrazı təbəssüm.
Turnikerə çatanda vidalaşdı,
üzündə yenə o qəribə təbəssüm.
Növbəti görüşdə yenə söhbətə cəlb etdim onu.
Redaksiyanın turnikerinə işarə etdi:
Görürsən, insan olmasa da,
onun funksiyasını yerinə yetirir;
texniki insandı əslində model olsa da.
Belə getsə, çox keçməz texnologiya insanı tam əvəz edər.
Təəccübləndim:
modeldən, süni zəkadan xəbərsiz deyildi.
Marağım daha da artdı bu qeyri-səlis adama;
bəs süni zəka?
Həm dost, həm düşməndir insana.
Bütün tərəqqilər belədir əslində - çay suyu misalı;
bağ üçün faydalı, daşqın kimi fəlakət.
Bir dəfə isə söhbəti qəsdən belə başladım:
Müasir texnologiya yaxşıdır, yoxsa pis -
keçən dəfə tam anlamadım doğrusu?
Yaxşı odur ki, insana faydalıdır.
Amma hər faydalı da gözəl olmur.
Bəs gözəl nədir onda? -
söhbəti uzatmaq istədim bilərəkdən.
Gözəllik təmənnasız olur ilk növbədə.
Maddi gərəyi ödəmir, sadəcə zövq aşılayır.
Məsələn, bu tablo kimi, -
divardakı rəsmə işarə etdi, -
bir ölçüsü isə həqiqətdir - uzaq düşdükcə ondan,
tərsinə çevrilər tədricən -
fikrini belə tamamladı
zamanı kuryer çantasında daşıyan adam,
üzündə yenə o qəribə təbəssüm.
Beləcə, hər görüşdən sonra bir az da isinişir,
bir az da heyrətim artırdı
sadədən dərinliyə körpü salan,
zamanı bütün halı ilə yaşadan
bu qeyri-səlis adama.
Bir müddət gözümə dəymədi.
Tez-tez gəldiyi şöbənin əməkdaşlarından soruşdum:
O kuryer gözə dəymir?
Həm uşağa, həm cavana,
həm də qocaya oxşayan kişini deyirəm.
Yox, eləsi gəlmir bura, - dedi
əməkdaşlardan biri gülümsəyərək -
gələn ya yeniyetmə olur, ya cavan, ya da yaşlı.
Amma mən əmin idim: bura bir vaxtlar
sadədən mənaya, uşaqdan qocaya
zamanı aramsız keçən,
təzadları məharətlə varlığında gəzdirən
qeyri-səlis bir adam gəlib-gedərdi.
... - 20.08.2026
_________________
*fuzzy set - qeyri-səlis çoxluq
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
