Şeirlər - Aləmzər SADIQQIZI

 

Məndən başqa kimsə bilməz adını...

 

"Bu görüşdə kim uduzdu, kim uddu",

Sən uduzdun, mənsə yandım, nəyi var...

Olsa-olsa, sənə bir xoş xatirə,

Mənə isə bir əbədi ömür var.

 

Qış qurtarar, bahar gələr, bilirəm,

Durnalar da dönər uzaq səfərdən.

Sən qalarsan yaddaşımın qışında,

Ömür bitməz sadəcə bir nəfərdən...

 

Sən ömrünü, mən nələri yaşadım...

Məndən sonra yaşayarsan, gülərsən.

Kimin ömrü harda qərar tutacaq?!

Bilən bilir, bir gün sən də bilərsən.

 

Bu imtahan ağır oldu mənimçün,

Ölə-ölə bir ömür də qazandım...

Sən hələ də bilmirsən bu sevgidə

sən oxuyan, mənsə hər gün yazandım.

 

Dəryalar mürəkkəb, meşələr qələm,

Bitənəcən bir məzarı qazaram.

Məndən özgə kimsə bilməz adını...

Mən adımı tarixlərə yazaram!

 

 

Səni Tanrım kimi bilən mənmişəm...

 

Sən ki, nə oğrusan, nə  qatil, ömrüm,

Bəs nədən ömrümdən ömür çalırsan?

Nədən oğurlayıb özümdən məni,

Sonra da gözümdən belə salırsan?

 

Ruhumu çalmağı necə bacardın?

Mən ki, gizlənmişdim öz ürəyimdə.

Əllərim üzümdə, oturub küncdə,

Özümə deyirdim, döz, ürəyimdə...

 

Deyirdim, az qalıb ömrün sonuna,

Daha alışmağa közün qalmayıb.

Sən ki adam kimi sevə bilmədin,

Nə ruhun, nə də ki, sözün qalmayıb.

 

Mən sənə gələndə özümü deyil,

Ruhumu gətirdim, oyansın bir az...

Bir az yaşamağa səbəbim olsun,

Ağrıya, acıya dayansın bir az.

 

Döyündü könül də, sağaldı ruh da,

Ömrümün içində ömür bitirdin.

Sən mənim küsəyən, incik ruhumu

İmana gətirdin, dinə gətirdin.

 

Mən hardan biləydim könül oğrusu,

Ömrümün qatili elə sənmişsən?!.

Hələ böyüməyən, hələ uşaqtək,

Səni Tanrım kimi bilən mənmişəm...

 

Sən demə, yalanmış mənə sevgin də,

Yalanmış hər sözün, söhbətin yalan.

Məni məndən çalan gülüşün yalan,

Məni yarıyolda əlindən salan.

 

Demişdim yarımçıq qoyma sən məni,

Sən demə, yarımçıq olan mənmişəm...

Taleyi kəm olan, ömrü qəm olan,

Həyatı yarıda qalan mənmişəm.

 

Aləmin ömürlük məhkumu sənsən!

Cəzan susmaq olar cavablarıma.

Səni yaşadacam dualarımla,

Səni əfv edəcəm savablarına.

 

 

Səni ürəyimdə baş saxlayıram

 

Hər gün ürəyimdə yüz şeir ölür...

Hər gün ürəyimdə yas  saxlayıram...

Tanrım, göylərindən bir yaylıq göndər,

Hər gün gözlərimi yaş saxlayıram.

 

Bu ömrü pay verən, alan da sənsən,

Hər iki dünyama qalan da sənsən,

İllərdir könlümə dolan da sənsən,

Səninçün qəlbimi boş saxlayıram.

 

Sənə irad tutur yerindən duran,

Bilmir əlindədir gedən karıvan,

Əlbət, gələcəkdir mənim də sıram,

İçimdə cehizlik daş saxlayıram...

 

Mənə ilham verən payına şükür,

Günəşinə şükür, Ayına şükür,

Qışdan sonra gələn yayına şükür,

Mən Şükrü göz üstə qaş saxlayıram!

 

Məni aldatmadın nə var-kar ilə,

Sevgimi yönəltdin çiçəyə, gülə,

Yaşasam da ömrü dirilə, ölə,

Səni ürəyimdə baş saxlayıram!

 

 

Bir də payızına gəlməz bu bahar...

 

Bir də görəcəksən çıxıb getmişəm,

Bir də görəcəksən dünya bomboşdur...

Sən məni göylərdən yerə endirdin,

Qoy olsun, əzizim, sənə bu xoşdur...

 

Bəlkə də, son sözü deyirəm sənə,

Sən mənsiz yaşaya bilməyəcəksən.

Bəlkə də yüz qadın ötər yanından...

Sən məni bir daha görməyəcəksən!

 

Bəlkə Allah bilir olub-bitəni...

Ancaq sən bilmirsən, nələr olacaq...

Bəlkə də bir heçlik uğruna canım

Dünyanda ən böyük heçlik olacaq!

 

Yoracaq bu yollar, bu izlər səni,

Üzünə bir qapı açılmayacaq...

Ardından gözündən yaş ələyənin,

Dönərkən "min sual" sorulmayacaq.

 

Bir də bu Aləmi doğmaz bir Ana...

Bir də payızına gəlməz bu bahar...

Mən sənin ömrünə necə gəlmişdim,

Nə Allah danışar, nə dost pıçıldar...

 

 

Öldürməsin həsrətin...

 

Səni çox incitmişəm,

Necə, nə cür bilirəm.

Mənim cəzam Tanrıdan,

Sən kəsənə gülürəm...

 

Bütün günahlar sənin,

Cəzalar mənim olsun!

Məni  ürəyindən as,

Savabı sənin olsun.

 

Ömrüm yaralı quşdu,

Qırmısan qanadımı,

Bir qəfil ölüm ilə

Qıraram inadını.

 

Bəlkə üz-üzə gəllik,

Mən susum, sən dinərsən...

Gözlərimə baxanda,

Günahını görərsən.

 

Ömür ki, var, nə sənin,

Nə də mənim olacaq.

Əzəl, axır ürəyim

Yenə sənin olacaq.

 

Öncə Allah, sonra sən,

Vurduqca vurun məni.

Neçə ki, yaşayıram...

Sınayın, durun məni.

 

Bir günahım var mənim,

O da səni sevməkdi.

Bircə dərdim var, ancaq

O da səni yenməkdi.

 

Yığıb günahlarını

Qoyma mənim boynuma.

Bir gün köçüb gedərəm

Bu torpağın qoynuna!

 

Min aləm var, bir Aləm,

O da sənin qismətin.

Qayıt, Allah eşqinə,

Öldürməsin həsrətin!

 

 

Sağaltdım ürəyimi

 

Dönmə daha könlümə,

Yolu, izi bağladım.

Bu haqqı itirmisən,

Səni sağkən ağladım.

 

Nə gəz məni, nə ara,

yoxluğunla barışdım.

İçimdə ölənlərin

Sayısına qarışdın...

 

Get, arxayın gəz daha,

Ürəyim sənə yanmır.

Sağaltdım ürəyimi,

Daha ürəyim dammır.

 

 

Qanayar bütün aləm

 

De görüm, utandınmı

Ölmüşü öldürməyə?!.

Gərək söz verməyəydin,

Gözümü güldürməyə.

 

Azdan, çoxdan bilirdin

Bu qızın nə dərdi var...

İçindən necə gəldi,

Qırdın məni belə, yar?..

 

Bu gün yenə səhərdən

Qövr edir köhnə dərdim.

Mən səninlə dərdimin

Ən dəlisini dərdim.

 

Bir dəfə güzgüyə bax,

Öz-özünü qına, yar.

Allahdan soruş, bunun

Məndən özgə kimi var?!

 

Atdın məni könlündən,

Min tikə oldu Aləm...

Gəl, yığ sınıqlarımı,

Qanayar bütün aləm.

 

 

Bir gün açmaz səhərin

 

İstəyirsən, heç gəlmə,

Əgər gəlməmisənsə.

Qorxma, bir salam göndər,

Əgər ölməmisənsə...

 

Yaz, görüm, bizsiz qalan

O bağ həmən bağdımı?

Xəyalən yuva quran

Xatirələr sağdımı?

 

Neçə-neçə sual var,

Bir az aşağı əyil...

Yaddaşım geri dönüb,

"Xatirə" mənlik deyil!

 

Daha boynuma qoyma

Nə günahı, savabı.

Baş qaldırıb göyə bax,

Allah verər cavabı.

 

Ürəyini silkələ,

Gör kim düşür, kim qalır...

Kim oturur içində,

Səni səndən kim alır?!

 

Kim qanadır könlünü,

Kim bağlayır yaranı?!

Bağla bəndi, bərəni,

Sel apardı Saranı!

 

Bir gün yadına düsər

Taleyi birtəhərin...

Bir gün Günəşi doğmaz,

Bir gün açmaz səhərin...

 

 

Abad eylə

 

Elə yoxa çıxmısan,

Heç vaxt olmamış kimi.

Könlüm yaman boş qalıb,

Sənlə dolmamış kimi...

 

Səni mənə gətirən

Taledən də küsmüşəm.

Yıxıldım öz içimdən,

Gör, nə günə düşmüşəm.

 

Gəl təmizlə könlümü,

İncidir xatirələr...

Bir ömürdü üşüyür

Yazmadığım sətirlər.

 

Bilirəm, darıxırsan,

Ən azı mənim qədər...

Dərd gül açıb hər yerdə,

Yubanma, gəl, özün dər...

 

Boş ver olub-bitəni,

Gəl, könlümü şad eylə.

Dağılıb bütün dünyam,

Özün gəl abad eylə.

 

 

Bu dağın ki, qəlbi yox...

 

Yenə yuxuma girib

Güvəndiyim o dağlar.

Bu qar amansız yağır,

Bu qar yolumu bağlar.

 

Gücüm çatmaz bu qarı

Əridəm, keçəm gedəm...

Ayrılıqdan o yana,

Ölümü seçəm gedəm...

 

Hər tərəfdən qan sızar,

Kim bağlayar yaramı?!

Bu dağın ki, qəlbi yox,

Aparar son çarəmi.

 

 

Qalıbdı

 

Axşamdan səhərə yağan yağışın

Yenə gözlərimdə izi qalıbdı.

Min ildi könlümü yaxıb yandıran,

Sönməyən ocağın közü qalıbdı.

 

Gül gülü çağırır, çiçək çiçəyi,

Niyə mənə düşüb dərdin göyçəyi?!

Ayrılıq sevginin qopan ləçəyi,

Düşsə də, arxada gözü qalıbdı.

 

Hamı zər geyinə, ya da ki, xara,

Getməz ürəyimdən min illik qara,

Olüncə içimdə qanayar yara...

Aləmin hələ çox sözü qalıbdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!