İki okean arasında
Bu il gec gəldim Venisə,
Gözlədim ki, hava sına,
Doğrudan, söz ola bilməz
Bu yerlərin havasına...
Yenə şair könlüm coşdu,
Bu yerlərə nəğmə qoşdu,
Qulaq asmaq necə xoşdu
Okeanın avazına...
Dünyamızı duman alıb,
Bu qovğanı kimlər salıb?
Təbiət məəttəl qalıb
İnsanların davasına...
Sərin-sərin külək əsir,
Həyəcandan ürək əsir,
Məlhəm olsun dalğa səsi
Bu dərdlərin dəvasına...
09.09.2025. Los-Anceles, Venis
Təyyarədə düşüncələr
Tanrım, sənə əl yetməz,
Ucalardan ucasan...
Təyyarəmiz göydədi,
Uç ki, uç ki, uçasan!
Yerlə göy arasında
Ağ buludlar pərdədi.
Adam göydə uçsa da,
Yenə gözü yerdədi.
Yuxarıdan baxanda
İnsan gəlir heyrətə.
Rəhmin gəlsin, İlahi,
Bizim bəşəriyyətə!
Sən vermisən insana
Bu gücü, bu inadı.
Buludu biçib keçir
Təyyarənin qanadı.
Nə üçün sona yetmir
Bu mənəmlik davası?
İnsanın əlləriylə
Zəhərlənib hava, su.
Bitib tükənmək bilmir
Qan-qada Yer üzündə...
Elə hey tüstülənir,
Heç deyil Yer özündə.
Biz göylərdə uçsaq da,
Hey Yerə can atırıq.
Niyə köhnə yaranı
Təzədən qanadırıq?
Bu ağrılar, acılar
İçimizi göynədir.
Heç bilmirik yer nədir,
Heç bilmirik göy nədir?!
Nə ehtiyac var axı
Top-tüfəngə, qoşuna?!
Allahım, sən ağıl qoy
Adamların başına!
Gərək qurub yarada,
Güclü əl, güclü bilək.
Tək bircə Yerimiz var,
Onun qədrini bilək!
10.09.2025. Los-Anceles, Venis
Gözəllik məlhəmdi gözə
Yaşamaq da rahat olur
Harda təmiz hava, su var.
İndi mənim ciyərimdə
Okeanın havası var.
Sıralanıb uca dağlar
Bu nəhəng okean boyu.
Elə bil ki, xoşbəxt anlar
Köksümə okean qoyur.
Seyr edirəm sağı, solu
Sahillərdə gəzə-gəzə...
Təzələnir ruhum, canım, -
Gözəllik məlhəmdi gözə.
10.09.2025. Santa Monika
***
Bu ilin payızının
Ömrünü lap qısaltdım.
Uçub Los Ancelesə
Yayı bir ay uzatdım.
12.09.2025. Los-Anceles, Venis
Görüm
Kəsib bu il mən payızın ömründən
Gəldim bura uzanırmı yay, görüm?
Okeandan əsən külək, tez elə,
Sözlərimi bu dünyaya yay, görüm!
Qocalmışam, söz də çıxır huşumdan,
Çətin dönəm mən ömrümün qışından,
Uçub gəldim dünyanın o başından,
Bəlkə burda təzə bulaq, çay görüm.
Göylərdə bax, ulduzların sayı var?
Hər adamın öz qisməti, payı var,
Bu dünyanın bir Günü, bir Ayı var,
Burda necə ayrı Günəş, Ay görüm?!
Taleyimin mənə əhdi, vədi nə?
Ruh neyləsin bu qocalmış bədənə?!
Vaxt da getmir, tez dönəsən vətənə,
Yusifoğlu, günlərini say, görüm!
12.09.2025. Los-Anceles, Venis
Zirvədən baxanda
Kalvar siti təpəsindən
Cığırla yuxarı qalxdıq.
Çatıb dağın zirvəsinə
Heyrətlə aşağı baxdıq.
Hər şey dəyişdi gözümdə,
Bu nə gözəl səfər imiş!
Ucadan baxanda gördüm
Bu okean, nə okean,
bu şəhər nə şəhər imiş!
13.09.2024. Los-Anceles,
Baldvin Hils Sceic Overlook
Los-Ancelesin qışı
Bura qış gələn zaman
Qar yox, yağış başlayır.
Qupquru çöllər, düzlər
Dirçəlməyə başlayır.
Yumşalır yerin canı,
Tumurcuqlayır ağac.
Elə bil ki, yaz gəlir,
Yaşıllaşır yal-yamac.
Gözəlliyi görəndə
Adamın gedir huşu...
Başqa qışa bənzəmir
Los-Ancelesin qışı.
Çəmənlərin seyrinə
Böcək də, quş da gəlir.
Qəribədir, elə bil
Bura yaz qışda gəlir.
14.09.2025, Los-Anceles
Qabarma və çəkilmə
Milyon-milyon bulaqlar,
Çaylar dənizə axır.
Günəş, Ay sakit durub,
Göylərdən yerə baxır.
Qoy səni aldatmasın
Günün sakit durmağı,
Ayın sakit durmağı.
Qabarma, çəkilmədə
Var onların "barmağı".
Şəfəqlər nur saçanda
Sevincdən əsir ürək.
Şüa yerə uzanır
Dirijor çubuğu tək.
Bütün yer, göy, kainat
Yaradanın quludur.
Okeanın sinəsi
Möcüzəylə doludur...
Çəkiləndə, elə bil
Dərindən nəfəs dərir.
Sahildə duranlara
Öz gücünü göstərir.
Ona möhtac olanın
Boş qaytarmır ovcunu.
Qabaranda qaytarır
Çayların su borcunu.
Dalğa qanadlarını
Elə ki, o, qaldırır,
Körfəzləri, çayları
Öz suyuyla doldurur.
Sanki sehrli qüvvə
Bizimlə məzələnir.
Qabarma, çəkilməylə
Dünyamız təzələnir.
Kainata can verən
Yaradanın əlidi.
Yerdə nə baş verirsə
Göylə əlaqəlidi.
17.09.2025. Los-Anceles
Bayona çayı
İldırımlar çaxır ki, dağ mürgüdən oyana!
Bura təhlükəlidir, get bir azca o yana!
Quruyan yal-yamacın yağış yetir hayına,
İstəyir bomboz çöllər yaşıl rəngə boyana.
Coşub-daşan vaxtıdı, bəxtəvərdi Bayona,
Dağdan okeanacan Allah verib boy ona!
Yamaclar fərəhlənir baxıb onun boyuna.
Daşdısa, qabağında dağ-daş çətin dayana!
Yayda suyu azalır, sitəm verir yay ona.
Onun ağır günləri gözdən çətin yayına!
Hərdən tərsinə axır, necə deyək çay ona? -
Okean qabaranda sudan verir pay ona...
19.09.2025. Los-Anceles,
Marina del Rey
Limanda qalan gəmilər
Limanlarda mürgüləyən
Köhnə katerlər, gəmilər,
Baxıb okeana sarı
Xəyala dalar, qəm elər.
Bilmirəm, onlar nə qədər
Bu qədər həsrətə dözər?
Limanda qalan gəmilər
Qolubağlı qula bənzər.
Nə vaxtdandır həsrət qalıb
Onlar yosun qoxusuna.
Gecə-gündüz dəniz girir
Hamısının yuxusuna.
21.09.2025. Los-Anceles,
Marina del Rey
Suqovuşan
Dağlardan üzüaşağı
Bir çay gəlir daşa-daşa,
Elə bil görüş yeridi,
Möcüzədir suqovuşan.
Körpünün üstündə durub
Baxıram gələn bol suya.
Şafaq river okeana
Çatanda dönür quzuya.
Zərrələrdən yaranıbdır
Anamız yer, bu kainat.
Hər bəndə baş aça bilməz,
Müəmmadır ömür, həyat...
Həftə günə, gün həftəyə,
İllərsə aya möhtacdı.
Nə qədər nəhəng olsa da,
Okean çaya möhtacdı.
24.09.2025. Nyu-Cersi, Belmar şəhəri
Salam, Atlantik okean!
Salam, Atlantik okean!
Uzaq diyara gəlmişəm.
Təkcə səni görmək üçün
Gör hardan-hara gəlmişəm?!
Çimsəm də dənizlərində
Görmək istədim özünü...
Axır ki, suyun soyutdu
Qəlbimin həsrət közünü.
Girmişəm sənin qoynuna,
Çox şükür tale yazana!
Dalğanı köksümə basıb,
Dönmüşəm dəli ozana!
Hər adam duya bilərmi
Başdan-başa sirr olanı?
Elə bil ki, söz sinəmdə
Dalğalar tək sıralanır.
Ürək dinclik tapmır, onu
Aya, ya Marsa aparım?
Sənin Sakit okeana
Bir sözün varsa, aparım...
24.09.2025. Nyu-Cersi, Belmar şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
