Şeirlər - Dəmir ÇEŞMƏLİ

 

Yerdəyəm

 

Dağdımı, daşdımı, hələ bilmirəm,

Danışa bilmirəm, gülə bilmirəm,

Hələ də özümə gələ bilmirəm,

Könlümü verdiyim həmən yerdəyəm.

 

Buludlar başımın üstünü alıb,

Dərmanı bilinməz qorxuya salıb.

Allahın işidi, Allaha qalıb,

Deyəsən, hələ ki səhman yerdəyəm?

 

Yaz yeli əsdikcə əzizlər məni,

Gözümü oxşayar yaşıl səməni.

Kimsə xatırlamaz nə səni-məni,

Bəxtimə tuş gələn bəhmən yerdəyəm.

 

 

Bu yaz

 

Boran görüb, sazaq görüb,

Yaxın görüb, yzaq görüb,

Üzümü üzüağ görüb

Meyl salmaz

naşıma bu yaz.

 

Yaradan yaradıb yardan,

Nə edibsə, edib vardan.

Bir az bağdan,

bir az bardan,

Xoş gəlib, xoşuma bu yaz.

 

Çox ləngiyər, az gəlməzdi,

Susqun düşər, saz gəlməzdi,

Bir çiçəklə yaz gəlməzdi,

Dəst gəldi, qışıma bu yaz.

 

 

Sənnən

 

Ağ eləmişdim ağınnan,

Nərgiz dərmişdim bağınnan.

Bəhrə görmüşdüm tağınnan,

Can deyib, getmişdim sənnən.

 

Ayrıla bildim izimnən,

Döndərdin, döndüm sözümnən.

Narazı qaldın üzümnən,

Yan deyib, getmışdim sənnən.

 

Gedəni yola salmışdın,

Yolunu yoldan almışdın.

Öpüb, qeydinə qalmışdın,

Son, deyib, getmişdim sənnən.

 

Dəmirin ümidi vardı,

Demə, olan səbri dardı.

Sənnən qalan yollar qardı,

Sən deyib, getmişdim sənnən.

 

 

O döyəm

 

Ürəyimin parası yox,

Eşqin eşqnən arası yox,

Orası yox, burası yox,

İndi mən mənəm, o döyəm.

 

Can əriyib, cansız qalıb,

Dodaqda qan qansız qalıb,

O yan da, bu yansız qalıb,

İndi mən mənəm,

o döyəm.

 

Yol ölçdüm izdən o yana,

Kül oldum közdən o yana,

Üz gördüm üzdən o yana,

İndi mən mənəm, o döyəm.

 

İndi mənim küsən vaxtım,

Əsim-əsim əsən vaxtım,

Hanı "asıb-kəsən" vaxtım?!

İndi mən mənəm, o döyəm.

 

Dəmir  dərdə dözə-dözə

"Kül üfürür" közdən-közə.

Şükür hələ çıxır, üzə.

İndi mən mənəm, o döyəm.

 

 

Gəlmədi

 

Gecəni keçirdim, sübhü gözlədim,

Yerimdə oturub, göyü izlədim.

Ürəyimdə doğmamtək əzizlədim,

Ovqatımın səhər vaxtı gəlmədi.

 

Gözümü qırpmadım, əziyyət oldu,

Gözə görünənlə ünsiyyət oldu,

Mənimlə olmayan vəziyyət oldu,

Ovqatımın səhər vaxtı gəlmədi.

 

Oxşadım Günəşi, belə yalvardım,

Çayı asta keçdim, selə yalvardım,

Odum sönən günü külə yalvardım,

Ovqatımın səhər vaxtı gəlmədi.

 

Güzəran görmədim, gün qara gəldi,

Əkdiyim  bitmədi, dən qara gəldi.

Arxanı görmədim, ön qara gəldi,

Ovqatımın səhər vaxtı gəlmədi.

 

 

Olmayıb

 

Mən eşqin əlindən ələ düşmüşəm,

Aldanıb sisinə,

selə düşmüşəm,

Mən özüm özümnən belə düşmüşəm,

Bilən olub, xəbər verən olmayıb.

 

Sulara qoşuldum, axdım axara,

Axdı birnəfəsə,vermədi ara.

Mənim işim qaldı, yalvar-yaxara,

Baxanlar çox olub, görən olmayıb.

Ay Dəmir, gülləri dəstə dəriblər,

Ürəyimin üstə sərə səriblər.

Sadağa veriblər, qurban veriblər,

Təkcə bənövşəni dərən olmayıb.

 

 

Gəlmişəm

 

Gümanımı bitdə-bitdə aradım,

Saçlarını yana, yana daradım.

Dedim, bəlkə köməyinə yaradım,

Dizim üstə ağlamağa gəlmişəm.

 

Yalvarmışam, yaxarmışam üzünə,

Ad vermişəm, ad alıbdı özünə.

Məhəl qoyub, dil qoymayıb sözünə,

Sözüm üstə ağlamağa gəlmişəm.

 

Vay veriblər, vayı durub qəsdimə,

Qara yellər əsdiriblər üstümə.

Tüstülədib, od vurublar tüstümə,

Dözüm üstə ağlamağa gəlmişəm.

 

 

Sənə görə

 

Əlim çatsın göyə, dedim,

Ürək istər deyə dedim,

Mən bilmədim, niyə dedim

Dağa çıxdım sənə görə?!

 

Bu dağın başına döndüm,

Yazına, qışına döndüm,

Gözünün yaşına döndüm,

Çaya axdım sənə görə.

 

Gecəni seyir elədim,

Şərini xeyir elədim,

Ürəyim deyir, elədim,

Aya baxdım sənə görə.

 

Baxta buraxdım işimi,

Unutmadım öz peşəmi.

Sınağa çəkdim dişimi;

bərk-bərk sıxdım sənə görə.

 

 

***

Canı ələk-vələk eləmişəm mən,

Bu eşqi külümə bələmişəm mən,

Özümə xoşbaxtlıq diləmişəm mən,

Əvvəldən-axıra dözdüm, gəlmədin.

 

Taledən gələni gələndə bildim,

Neçəsinə baxıb, böləndə bildim,

Bu eşqin qədrini öləndə bildim,

Ömrü bitdə-bitdə çözdüm, gəlmədin.

 

Dəmir yad elədi, yadını gündə,

Səni itirmədi dumanda çəndə.

Dedim, bəlkə dönüb gələsən kəndə,

Adına bir dəs gül üzdüm, gəlmədin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!