Şeirlər - Nazim HÜSEYNLİ

 

Doğulmağa dəyər dünya

 

Qoxusunu duymaq üçün,

Laylasından doymaq üçün,

Dizinə baş qoymaq üçün

Doğulmağa dəyər dünya!

 

Uzaq düşmək, ayrılmaq var,

Həsrətindən qovrulmaq var,

"Ana!" deyib sarılmaq var,

Doğulmağa dəyər dünya!

 

Sevdiyinə varmaq üçün,

Ürəyini vermək üçün,           

Bir çiçəyi dərmək üçün,

Doğulmağa dəyər dünya!

 

Öz yuvanı qurmaq üçün,

Öz nəslini vermək üçün,

Qulluğunda durmaq üçün,

Doğulmağa dəyər dünya!

 

Övlad, nəvə baldan şirin,

Möcüzəsi Göyün, Yerin,

Çox olsa da qayğı, sorun,

Doğulmağa dəyər dünya!

 

Bir kasıbı güldürməkçün,

Göz yaşını sildirməkçün,

Yıxılanı qaldırmaqçün

Doğulmağa dəyər dünya!

 

Yollarına zülmət çöksə,

Dövran səni dara çəksə,..

El yanında başın diksə,

Doğulmağa dəyər dünya!

 

Elə dayaq olmaq üçün,

Bir yol, cığır salmaq üçün,

"Vətən!" - deyib ölmək üçün,

Doğulmağa dəyər dünya!

 

 

Tanrı dağı

 

Tanrı dağı, sızım-sızım sızladım,

Ayrılıqlar üzdü məni, buzladım,

Gün gəldi ki, savaşları izlədim,

Tanrı dağı, Turan üçün dua et!

 

Tanrı dağı, səndən rica eylərəm,

Hər dərdimi sənə açıb söylərəm,

Mən bir türk, yol göstərməsən neylərəm?

Tanrı dağı, Turan üçün dua et!

 

Tanrı dağı, Tanrı səni saxlasın,

Ellərimi bir-birinə bağlasın,

Düşmənlərin ürəyini dağlasın,

Tanrı dağı, Turan üçün dua et!

 

Tanrı dağı, bağrına bas balanı,

İllər boyu sənə həsrət qalanı,

İndi gəlib Kəbəsini bulanı,

Tanrı dağı, Turan üçün dua et!

 

Tanrı dağı, Boz Qurdumuz hardadır?

Yenə bir çox türk elləri dardadır,

Xilasımız, nicatımız ordadır,

Tanrı dağı, Turan üçün dua et!

 

 

Bir günəşdir...

 

Əlişir Nəvainin 585 illiyinə

 

Türk qovmünün, Türk dilinin dayağıdır,

Turan adlı qutlu yolun mayağıdır.

Bir günəşdir - çıxması var, batması yox,

Daim Türkün könlündədir, getməsi yox!

Kökdən qopmaz, həmişə yaşıl söz ağacı,

Türk şeirinin əbədilik taxtı-tacı!

Nəvainin ruhu burda bizimlədir,

Qanad verir hər boz qurda, bizimlədir!

Söz mülkünün ilk şahından bəhrələnib,

Poeziya allahından bəhrələnib.

"Xəmsə" - beşlik banisidir Şeyx Nizami...

Əmir Xosrov, Nəvai və bir də Cami

Zirvələrə yüksəldiblər "Xəmsə"ləri,

Şeiriyyətə tac ediblər "Xəmsə"ləri.

Türk dilini şeir dili yapan şair,

Əbədilik şöhrət, ad-san tapan şair!

Ənənəni kökdən pozan Nəvaidir,

Türkcə ilkin "Xəmsə" yazan Nəvaidir.

Türk dilinin savaşçısı? Savaşçı yox,

Savaşların sərkərdəsi, savaşçı çox!

Dahi dilçi Kaşğarinin ardıcılı,

Sayəsində çox gəlişdi Türkün dili!

Vətəni de, Türk elinin harasıdır,

Macarıstan Uyğuristan arasıdır!

Daim Türkə xidmət olub amal, yolu,

Vətən ona həm Turan, həm Özbək eli!

Turan adlı bir məmləkət qurulmada,

Düşmən görüb bağrı həmən yarılmada.

Hər kəlməsi çox şirindir, bal dadıdır,

Füzulinin söz qibləsi, ustadıdır,

Türk şeirinin zirvəsidir hər ikisi,

Sarvanıdır, gur səsidir hər ikisi.

Bir sevdadan sinəsinə dağ çəkildi,

Gül yerinə ürəyinə qəm əkildi.

Qırx gün içrə o ilahə soldu getdi,

Nakam eşqin qurbanı tək öldü getdi,

Şair qəlbi bu sevdaya məzar oldu,

Tüm Turana işıq saçan yazar oldu.

Turanın baş şəhərində dağlar çapın,

Turan eşqli dahilərə heykəl yapın.

Adı, gücü düşmən bağrın çarpaz dələr

Çox öndərlər, alim, şair, sərkərdələr,

Qoy yer alsın bu heykəllər sərgisində,

Nəvai də onların ön cərgəsində! 

 

Daşkənd,

11 may 2026-cı il

 

 

Özümüzü kəsən qılınc

 

"Mən həmişə demişəm, yenə də deyirəm, bu taxtda kimin oturacağının mənim üçün heç bir fərqi yoxdur.

Mənim üçün vacib olan Vətənimin müstəqilliyidir".

 

Gur-Şad

Göytürk xaqanlığının qəhrəman sərkərdəsi

Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" pyesindən

 

Türklüyünü unutdun sən,

Zəlzələlər yaratdın sən,

Kökümüzü qurutdun sən,

Özümüzü kəsən qılınc.

 

Qəzəbləndin, çıldırdın sən,

Qardaşları öldürdün sən,

Yağıları güldürdün sən,

Özümüzü kəsən qılınc.

 

Türkün hansı elindəsən,

Hansı türkün əlindəsən?

Şeytanların felindəsən,

Özümüzü kəsən qılınc.

 

Dulu xaqan, bax, başqa kim,

Sıyırıbdır neçə zalım,

Şah İsmayıl, Sultan Səlim...

Özümüzü kəsən qılınc.

 

Əlindədir gah xaqanın,

Gah bir şahın, gah sultanın,

Nahaq alır türkün canın,

Özümüzü kəsən qılınc.

 

Paramparça oldu türklük,

Saçlarını yoldu türklük,

Qan itirdi, soldu türklük,

Özümüzü kəsən qılınc.

 

Özümüzü kəsə-kəsə,

Türk qövmünü saldın nəsə,

Qul eylədin kafir kəsə,

Özümüzü kəsən qılınc.

 

Sən qurduğun əməl, işdi,

Sayəndə çin, rus gəlişdi,

Türk axsadı, geri düşdü,

Özümüzü kəsən qılınc.

 

Kinayətlər silahısan,

Xəyanətlər silahısan,

Cinayətlər silahısan,

Özümüzü kəsən qılınc.

 

Sözümüzü kəsməsəydin,

İzimizi kəsməsəydin,

Özümüzü kəsməsəydin...

Özümüzü kəsən qılınc.

 

Ancaq düşmən, yağı vur de,

Özümüzü kəsmə bir də,

Türkün olsun göy də, yer də,

Özümüzü kəsən qılınc.

 

 

Abort həkimi

 

Bir məşhur rəssam vardı Avropada,

general şəkli yaradanda

öldürdüyü insanların

qulaqlarının, gözlərinin də

şəklini çəkərdi sinəsinə-

orden yerinə.

O rəssam sənin də şəklini

çəkəydi gərək,

məmləkətimin hər yerində

gecə-gündüz

günahsız körpələri

əlindəki bıçaqla

doğrayıb öldürən cəllad

abort həkimi -

sinəndə iki rəqəm:

Qatil ata-analarından

pul alıb

sevilmədikləri üçün

məhv etdiyin

adsız uşaqların,

bir də

həbsdə yatmalı olduğun

illərin sayı.

 

 

Çəlik

 

- Axtarıram, tapammıram

Çəliyimi bayaqdan mən.

Tural, dur, bax ora-bura,

Unutmuşam harda görən?

 

- Görməmişəm çəliyini,

Olma belə rahatsız sən.

Hara desən gəl aparım,

Nənə, sənin çəliyin: mən!     

 

 

Azangülü

 

Saatına baxıb baba,

Azan vaxtı çatır, dedi.

Gülə bənzər Gülər nəvəm,

Tez özünü yetir, dedi.

Gözəl nəvəm, diqqətlə bax,

Bağçamızda bir azdan sən,

Təbiətin yaratdığı

Bir möcüzə görəcəksən.

Bu gül azan oxunan an

Elə bil ki, cana gəlir,

Ləçəkləri bir-bir açır,

Zərif, gözəl bir gül olur...

Bu möcüzə heyran edir

Seyr eyləyən hər adamı.

Azanla bir açan gülə

Azangülü deyir hamı.

 

 

Bənövşətək boynubükük qalmısan

 

Bir dəstə bənövşə uzatdın mənə,

Mat qaldım qoxuya, duruşa, günə,

Götürüb təşəkkür eylədim sənə,

Bənövşə vermisən, ürək almısan,

Bənövşətək boynubükük qalmısan.

    

Hardasan, ayrılıq dərdimi dərdin?

Sənin nə yaşın var, bu dərdi dərdin?

Ötən yaz sən mənə bənövşə verdin,

Yoxsa bənövşədən sən dərd çalmısan?!

Bənövşətək boynubükük qalmısan.

 

Ürək sevməyənə yar olmaq zülüm,

Tənəsinə dözüb xar olmaq zülüm,

Dünyada sevgisiz var olmaq zülüm;

bu tezliklə nədən belə solmusan?

Bənövşətək boynubükük qalmısan.

 

Səni sevmədiyin kəsə veriblər,

Zor ilə nəhs oğlu nəhsə veriblər,

Baiskar kəslər qan qusa, veriblər;

dörd divar içində dustaq olmusan,

Bənövşətək boynubükük qalmısan.

 

 

Dünyanın ən xoşbəxt kəpənəyi

 

Gözəl bir bağçada,

hovuzun kənarında

səhər tezdən uçurdu,

qanadları sapsarı

kiçik bir kəpənək

güldən-gülə qonaraq.

Ona göz qoyurdu

bayaqdan bəri

qanadları ağappaq

iri bir kəpənək

məhəbbətdən yanaraq.

Uçurdu onun arxasınca

özünü unudaraq,

hansı gülə qonsa

ora qonurdu,

hansı kola qonsa

ora qonurdu...

Sıxıla-sıxıla

açdı könlünü sarı kəpənəyə:

- Səni sevirəm,- dedi,

sənsiz yaşaya bilmirəm!- dedi.

- Bu sevdanı

başından at,

ömrümün bitməyinə

 çox az qalıb:

bircə saat.

Mənə heyran olma,

özünü dərdə salma,

ola bilmərəm sənə yar,

get, başqasını axtar.

Ağladı sarı kəpənək,

ağ kəpənəyin ürəyini

dağladı sarı kəpənək.

- Fərqi yox,

ömrün nə qədər az olsa da,

mənim sevdiyim sən.

İstəyirsən

sevgimi sübut etmək üçün

qanadlarımı yumub

atılım hovuza,

səndən əvvəl ölüm mən.

- Yox, yox,- dedi sarı kəpənək...

Tapmışdı vəfalı yarı kəpənək,

yanaşı uçurdu onlar,

bir-birinə toxunurdu,

bir-birini qucurdu onlar.

...Sevirdi,

sevməyə bilərdimi,

ona eşqini izhar edə-edə

gözləri dolan kəpənəyi,

onu sevdiyi üçün

ondan tez ölümə getməyə

hazır olan kəpənəyi.

Bircə saatdan sonra

öləcəyini bilsə də,

sevirdi onu

belə güclü məhəbbətlə sevən

kəpənəyi o,

ona belə sadiq bir kəpənəyi

bəxş etmiş bağçanı,

yeri, göyü o!

Dünyanın ən xoşbəxt

kəpənəyi o!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!