Şeirlər - Nəzakət MƏMMƏDLİ

 

Cənab general

 

Cənab general Polad Həşimova həsr olunur

 

Ruhun Vətən göylərində

Bənzəyir yenilməz dağa.

Qanın tökülən torpağa

Canım olsun sadağa,

                        cənab general.

 

Səngərində dayandın

Əsgərinlə yanaşı.

Səninlə fəxr eylədi

Hər Vətən vətəndaşı,

                        cənab general.

 

Çiynində daşıyırdın

Vətənin ağır dərdin.

İndi ruhun daşıyır

Bu coşqun Vətən dərdin,

                        cənab general.  

 

Həyat məktəbi oldu

Keçdiyin ömür yolu.

Əbədiyyət qazandın,

Sən oldun Vətən oğlu, -

                        cənab general.

 

Hər kəsin ürəyində

Heykəlini ucaltdın.

Zəfərə gedən yolun

Təməlini sən atdın,

                        cənab general.    

 

 

Ərdəbilim

 

O tayın da, bu tayın da adı Vətən,

Qanqalların arasında gül bitirən,

Bülbülləri ağı üstə dil-dil ötən,

O da Vətən, bu da Vətən, -

                        Ərdəbilim.

 

Babam deyib, o taylıyam,

Doğulduğum, böyüdüyüm

o yerlərdə qalıb izim.

Bu izləri öpmək üçün

Atam gəzib xəyalında

dizin-dizin, Ərdəbilim.

 

Ayrılığın fəryadını

ilmə-ilmə ürəyimə toxudular.

Bu həsrətin nəğməsini

yanıqlı bir həzin səslə

yaddaşıma oxudular,

                        Ərdəbilim.

 

Dedilər ki, bu həsrətdi,

ayrılıqdı, fəlakətdi, bu nifrətdi.

Necə oldu canı candan,

qanı qandan ayırdılar,

paralayıb, parçalayıb, dağıtdılar?

Əsir düşdü doğma elim,

yasaq oldu doğma dilim,

                        Ərdəbilim.

Millətimə qara günün libasını geydirdilər.

Acını da, nifrəti də noğul kimi yedirtdilər.

Həqiqəti gözlərinin qabağında edam edib,

yalanları beyinlərə yeritdilər.

"Buna necə dözdün?" - dedim, Ərdəbilim.

 

Heç durulan gördünmü sən xan Arazı?

Əsrlərdi belə ötür qışı, yazı.

Qafillərə xəncər oldu telli sazı,

Dindi dil-dil şirin dilim, Ərdəbilim,

Gördüyünü, bildiyini söylədikcə

Xudafərin daşa dönmüş ürəyinə,

Ümidlərim bağlanıbdı

vaxtsız solmuş diləyimə.

Yaddaşımı yandırıblar,

qalıb külüm, Ərdəbilim.

Arazım axa-axa,

Qanlı əl, qanlı yaxa.

Gör necə ayırdılar

Gözümüz baxa-baxa.

Araz axar, lillənər,

Qapılar kilidlənər.

Kim açsa bu yolları,

Araz coşar, sellənər,

 

Ayrılığı salanları,

Gözü yolda qalanları,

Uydurulan yalanları,

Xan Arazdan soruş, bilim,

                        Ərdəbilim.

 

Babamın həsrət yanğısı,

Yaddaşının sızıltısı,

Dodağının pıçıltısı

Ərdəbilim, Ərdəbilim,

                        Ərdəbilim.

 

 

Payız ömrü

 

Açıb buludlara ovcunu torpaq,

Saralmış bağçamın halını gör, bax.

Əl edir budaqda bir sarı yarpaq,

Gəl, payız ömrümün taleyini yaz.

 

Uzaqda qurulan əcəl taxtıdır,

Güllü günlərimin xəzan vaxtıdır,

Bəxtimin yollarda azan vaxtıdır,

Gəl, payız ömrümün taleyini yaz.

 

Ruhumda hələ də ar qoxusu var,

Könlümdə bir misra yar qoxusu var,

Daha qismətimin qar qoxusu var,

Gəl, payız ömrümün taleyini yaz.

 

Bəmbəyaz nəğmədir ağ çiçəklərim,

Saralıb, payızdı biçənəklərim.

Çəkir sinə dolu ah - çiçəklərim,

Gəl, payız ömrümün taleyini yaz.

 

Bir sözün köksünə qoyub başını,

Kövrək duyğuların sil göz yaşını.

Qoy ayaq altına əlhəd daşını,

Gəl, payız ömrümün taleyini yaz.

 

 

Qarabağa bahar gəlir, İlahi!

 

Sevincə bax bulaqların gözündə,

Qəlbi gülür dərənin də, düzün də,

Şəhid qanı çiçəkləyir üzündə,

Qarabağa bahar gəlir, İlahi!

 

Ötən çağlar indi üzü bəridi,

Gələn günlər ömrün təzə-təridi,

Otuz illik yurd həsrəti əridi,

Qarabağa bahar gəlir, İlahi!

 

Dalğalanır arzuların bayrağı,

Hər təbəssüm bir ümidin yarpağı,

Zəfər ətri bürüyübdür torpağı,

Qarabağa bahar gəlir, İlahi!

 

Qulac-qulac açılıbdır qucaqlar,

Əl eləyir sevinc dolu o çağlar,

Alov-alov gülümsəyir ocaqlar,

Qarabağa bahar gəlir, İlahi!    

 

Zəmilərdə daraqlanır sünbülün,

Ocağında ruhu gülür Bülbülün,

Cıdır düzü indi xarıbülbülün,

Qarabağa bahar gəlir, İlahi!

      

Ürəklərdə ümid naxış toxuyur,

Əllər zəfər nəğməsini oxuyur,

İndi vətən Şuşa ətri qoxuyur,

Qarabağa bahar gəlir, İlahi!

 

Gəlsin bahar, gülsün bahar elimdə,

Xudayarın nəğməsi var çölümdə,

Nəzakətəm, min alqış var dilimdə,

Qarabağa bahar gəlir, İlahi!

 

 

 

 

Vətən

 

Dünyaya açılan qapımsan mənim,

Ruhumun, könlümün gözüsən, Vətən.

Mayası səndədir müqəddəsliyin,

İlahi qüdrətin özüsən, Vətən.

 

Qəlbimin işığı, gözümün nuru,

Uludan ulusan, ucadan uca.

Salım qollarımı boynuna, Vətən,

Səni misra-misra öpüm doyunca.

 

Zirvələr söz açır ucalığından,

Dərələr şahiddir dərinliyinə.

Sənin bərəkətli, barlı torpağın

Geniş sərhədləri geyib əyninə.

 

Hünər dünyasına güzgüdü sanki

Ömür kitabının hər səhifəsi.

Hər bir qarışında duyulur, Vətən,

Zamanın addımı, tarixin səsi.

 

Ulu əcdadların daşlaşan ömrü

Boylanır Laçının qayalarından.

Hər daşda bir igid nərəsi yatır,

Qan damır tarixin yaralarından.

 

Ellərin arzusu qanadlanaraq,

Süzəcək səmada bir gün quş təkin.

Şərəflə qorunan yurd yerlərində

Ruhu gülümsəyir ulu Babəkin.

 

Taleyindən keçən qərinələrin

Alnını bəzəyir ərən imzası.

Sənin qüdrətinə qoşa qanaddır

Xətai qılıncı, Ələsgər sazı.

 

Ana laylasından hənir alıbdı

Ürəkdə alışan qeyrət ocağı.

Doğmalıq ətirli hər qarış torpaq

Ana qucağıdır, ana qucağı.

 

Oğul qeyrətini əyninə geyən

Canlı səngərlərin mübarək, Vətən!

İlahi sevgiylə yoğrulubdusa,

Hər duyğu - Vətəndi, hər ürək - Vətən.

 

Dərbənd qalasından Təbrizə qədər

Uzanan bu yurdun səsi içimdə.

Mənim Şah babamın, Şah Xətainin

Əbədi harayı, ərzi içimdə.

 

Hər bahar gələndə sızıldayacaq

Qırılmış budağın qönçə ağrısı.

Bilirəm, qəlbində heç uyumadı

Zəngəzur həsrəti, Göyçə ağrısı.

 

Ana laylasına hopan məhəbbət

Sənin təravətin, ətrindi, Vətən.

Millətin ruhunda, elin dilində,

Daim əzizlənən xətrindi, Vətən.

 

Ömrünə güzgüdür oğul qeyrəti,

Cürət qanad açıb hər qarışında.

Vətən əsgərinin məhəbbətindən

Üzündə sevgi var dağın, daşın da.

 

Sənin qeyrətini çəkən oğullar

Ulu qüdrətini duyur dərindən.

Durub keşiyində igid ərənlər,

Qeyrət ətri gəlir səngərlərindən.

 

Çırağa bənzəyir Vətən torpağı,

Hər əsgər ürəyi pərvanəsidir.

Bu doğma yurdumun qeyrət nəğməsi,

Vətən əsgərinin addım səsidir.

 

Əsgər baxışları sevgiylə öpür

Vətən torpağını təbərrik kimi.

Yurdu bədnəzərdən qorusun deyə

Dolanır başına üzərrik kimi.

 

Əsgərin gözündə güzgülənir, bax,

Meşə də, dəniz də, dərə də, düz də.

Sərib gözlərinin yuxusunu o

Körpələr uyuyan beşiklər üstə.

 

Qartal baxışından hənir alıbdır

Quşqonmaz qayalar, mamırlı daşlar.

Torpağın, ağacın, otun içindən

Hər gün bir əsgərin çığırı başlar.

 

Böyük məhəbbətlə səngərdə durub,

Qəhrəmanlıq axır damarlarında.

Vətən qeyrətini əyninə geyib

Yayın bürküsündə, qışın qarında.

 

Onun qətiyyətli addım səsinə

Açıb yaxasını hünər yolları.

Qəlbində alışan Vətən sevgisi

Əridir üstünə ələnən qarı.

 

Vətən əsgərinin kirpiklərindən

Gecə ulduz-ulduz asır özünü.

Tətikdə dayanan barmağı üstə

Alagöz səhərlər açır gözünü.

 

Ömrünün-gününün hər məqamında

O, yurdu düşündü, Vətəni andı.

Qəlbində şərəflə dalğalanır, bax,

Vətən torpağına sədaqət andı.

 

Böyük dastanlara sığışan deyil

Vətən əsgərinin Vətən alqışı.

Hər daşı, qayanı çiçək sanaraq

Kəpənəklər kimi qonur baxışı.

 

Durub keşiyində müqəddəsliyin,

Böyük amalıyla müqəddəsdir O.

Ulu babaların ruhundan qopan

Canlı bir haraydır, ulu səsdir O.

 

Bu səs qanımızın səsidi, qardaş,

Haqqın dan yerindən yol gəlir bu səs.

Hünər bayrağıtək, qeyrət himnitək,

Vətən göylərinə yüksəlir bu səs.

 

Bu səsin işığı, bu səsin nuru,

Gün kimi ələnir yurdun başına.

Bu səs bir qılıncdı, ovxarlı qılınc,

Qurşa, yurd uğrunda, yurd savaşına.

 

Bu səslə durulur Vətən suları,

Bu səsdən ər oğlu bir Mən görünür.

Bu səs gündoğanım, günbatanımdır,

Bu səsdən bir böyük Vətən görünür.

 

Hər əsgər Vətənin bir məğrur səsi,

Hər səsin müqəddəs bir sərhədi var.

Vətənin sərhədsiz səsidir, dostum,

Vətən qeyrətini çəkən oğullar.

 

Əsgərdən başlanır Vətən duyğusu,

Harda əsgər varsa orda Vətən var.

Əsgər addımını laylatək duyur

Torpağın altında şəhid yatanlar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!