Ay girib dənizə ləpələnirdi...
***
İşinə gül budağı düşmüşdü -
Bahar gəlmişdi suya.
***
Çox adam itirdim bu üçün.
***
Mən sənə məktub yazıb
Xəttimi düzəldirəm.
***
Hərdən oxuyuram məktublarını -
Yolunu tapmışam diri qalmağın.
***
Gül əkmişəm əllərinin ətrinə...
***
Quşlar göy üzünə uçmaq öyrədir -
bir azdan göylər də qanadlanacaq.
***
Həyat, nə yaxşı varsan,
Lap mənim olmasan da.
***
Saçların hicab kimi
Gizləyibdi üzünü...
***
Hardasa uzaqda kaman ağlayır -
Bəlkə bir nəğməni güllələyirlər?!
***
Ağaclar diksinər yarpaq səsindən.
***
Ürəyini qalın geyin -
Çöldə ayrılıq əsir.
***
Hər qönçə bir gülün uşaqlığıydı.
***
Bənövşə boynunu elə büküb ki,
Elə bil onun da atası yoxdu.
***
Yuxusunda azadlığını görürdü
Çərçivəyə salınmış şəkil.
***
Sənin ad gününə bir gül bəs etməz,
Sənin ad gününə baharı dərrəm.
***
Bəlkə də bir qızın təbəssümüymüş,
Sonradan adını günəş qoyublar?!
***
Dodaqlarının izi qalmışdı
Su içdiyin bulaqda.
Öpdüm suyu.
Öpdüm dodaqlarının
Suda qalan izini.
***
Bilirsən haçan gələrsən? -
Saat ölümə işləmiş.
***
Yüz il yaşasan belə
Ömür yarımçıq qalır.
***
Yer - göyün altında bir zirzəmidi.
***
İnsan qızıl tozu kimidi -
Əyarı gec bilinir.
***
Ölümdən qorunmaq üçün
Hamı öz həyatında gizlənib.
***
Elə istəyirəm gün işığından
O yetim uşağa bir libas tikim.
***
Bu gecə sonuncu şeirimi yazıb,
Sonra da əriyib yoxa çıxacam.
***
Adını dilimin ucunda tutub,
Sonra da ömürlük susub qalaram.
***
Asta-asta yeriyərəm,
Qorxuram ki, yer kürəsi qurtara.
***
Qaranlıq otaqda şam da günəşdi.
***
Tanrı bu dünyanı sənə həsr edib.
***
Vətən, başını dik tut,
Qoy çəkim şəklini.
***
Nə gözəl əyləncə imiş:
bütün günü oturub
gülün açmasına tamaşa etmək...
***
Adını gülə qoydular,
bəxtəvər etdilər gülü.
***
Sən mənim sevgidə sonbeşiyimsən.
***
Mən səni bu axan çaydan
Bir damla sutək götürdüm...
***
Ürəyimi açdım sənə,
Elə yüngülləşdim ki.
Sən demə bütün çəkim
Elə bu bir söz imiş.
***
Mən elə təşbehəm ki,
Hər şeirin içinə girən deyiləm.
***
Bəlkə ölüm qorxusunun
Elə ölümdü əlacı?!
***
Korun gözündə də açılır səhər.
***
Yağış nə biləydi ki
Çölün çətiri yoxdu?
***
Nəsimi asıldı dar ağacından -
Tarix Nəsimidən asılıb qaldı.
***
Hər gün bir əsgər kimidi -
Vurulub qoşundan çıxır...
***
Üzündə ay doğan qız
O ayın neçəsidi?
***
Elə böləsən ki dəni quşlara
Quşlar da danışa ədalətindən.
***
Dünya, eşidirsənmi
O uşağın göz yaşının səsini?!
***
Hamı qonaqdı dünyada,
Hamı qonaqlıqda deyil.
***
Payızı kim qorxudub -
Heyva-heyva saralıb?
***
Odu söndürəndə su özü yandı.
***
Səhər günəşi görmək üçün
Axşam yuxuya getmək...
***
Bir damla götürsən, azalar dəniz.
***
Şəhid məzarları ilə bərkitdik ki,
Yıxılmasın bu vətən.
***
Girmişəm dünyanın xəritəsinə
Sizin evi küçə-küçə gəzirəm...
***
Nə olsun ki, karam? -
Milyon səsin içindən də
Sənin səsini tanıyaram!
***
Bəlkə özüm suvarmışam
tabutum düzələcək ağacı -
bəlkə tabutumu sevmişəm elə?!
***
Balası sularda batan ana
qəbir kimi qucaqlamışdı dənizi.
***
Yanına girərdim, ana -
Heyif, sənin tabutun
İkinəfərlik deyil.
***
Bir qədəh xatirədən
Sərxoş olmaq olurmuş.
***
Bu kədər kol dibidi -
Ürəyim bənövşədi.
***
Qumru quşu elə oxuyurdu ki,
elə bil ağlayırdı.
Qumru nənəm elə ağlayırdı ki,
elə bil oxuyurdu.
***
Bəlkə elə göy üzü də
nə vaxtsa dəniz imiş.
Tanrı çəkib yanına...
***
Günəş sən tərəfdən doğduğu üçün
adını qoymuşam: "Gündoğar qadın"
***
Bir ağ göl kimiydi göy üzündə Ay.
***
Uca dağlara baxdıq ki,
boyumuz da böyüsün.
***
Ölüm, heç insafdan deyil ha,
ömür boyu oturub səni gözləmək.
***
Dəlixananın divarında
Səliqəsiz yazı:
"Ağlın varsa, bura düşmə!"
***
Quşa atılan güllə
Bir az da göy üzünə dəyir.
***
Hər il elə bil bir ata evidi -
İçində on iki övlad oturub.
***
Başın üstə göy üzü var: -
Başından arxayın ol.
***
On beşindən sonra
bütün qızlar oddu,
on beşindən sonra
bütün oğlanlar oda həssas.
***
Bircə çiçək qalıbsa,
Deməli, hələ bahar var.
***
Bəlkə göy qurşağı Tanrının.
həm də rəssam olmağına bir işarədir?!
***
Günün istisindən tez əridi yay.
***
Qılınc doğuldum ki, batım bir yana.
***
Bir misra yağışda neçə heca var?
***
İş budur, bax:
Günəş kimi təmənnasız olmaq!
***
Adamlar elə soyuyub ki,
Hərdən gedib bir ağacı qucaqlamaq istəyirsən.
***
Adam balası tapmadın.
ilan balasıyla oyna
çadırda doğulan uşaq.
***
Səssizliyini eşitməyən
səsini də eşitməz.
***
Ağac dincəlirdi öz kölgəsində...
***
Lap min il əvvəl də doğulsaydım,
Oturub mən səni gözləyəcəkdim.
***
Yanımda kağız yox idi,
Bir gül ləçəyinə yazdım şeirimi...
***
Az qala bahardan yan keçəcəkdim,
Məni bir bənövşə yoldan çıxartdı.
***
Yollar sənin ayağına
geri qayıtmaq öyrədə.
***
Bu gün də ötüb keçdin -
bu gün də mənə çata bilmədin.
***
Özünü qarış-qarış,
üzünü qırış-qırış gəzdim, Vətən.
***
Ömür ağırlaşanda
Güc bir əsaya düşər.
Adam qəzaya düşsə,
Yol da qəzaya düşər.
***
Suyu elə çoxdu boğulur bu çay.
***
Mənimlə yol getdin, yola getmədin.
***
Biz tərəfdə ağıllı adamları sevmirlər: -
Mən də dəli deyiləm ki, ağıllı olum!
***
Əgər qoxlamasan solar o çiçək.
***
Dünya adlı qatardan
sərnişinlərə xəbərdarlıq:
"itən ömürlərə görə
dünya cavabdeh deyil".
***
Dərdin də pas atmaz, əsilsə əgər.
***
Çiçəklərin yuxusuna şeh qonub.
***
Danış ki, səsinin rəsmini çəkim...
***
Günəş göy üzünün çəkdiyi ahdı.
***
İşıq yoxsa, bu gecəni yandırın.
***
Gecə bir səs saldı ki, işıq oyandı.
***
Əlimə ac bir quş baxırdı -
bir ovuc dənə döndüm.
***
İnsanın bir öldüyü gün olur,
min öldürüldüyü gün.
***
Mən də bir vağzal kimiyəm -
kimsə məndə gecələyir,
Səhər məndən çıxıb gedir.
***
Həyat bəzən
Küləkli havada siqaret çəkmək kimi
Zəhlətökən olur.
***
Gecə oturmuşdu iydə ağacının altında -
gecədən iydə qoxusu gəlirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
