Baxsa, qəbrinə də şeir yazardı,
Bu ağır sükutu özü pozardı,
"Bu da bir zarafat" deyib, yozardı,
Uğunub gedərdi Nəriman qağa.
Əlini alnına günlük tutardı,
Arada görürdün xəyal apardı,
Danışsa, Allah da dinclik tapardı,
Yaxşılıq edərdi Nəriman qağa.
Qəlbə məlhəm idi "dərdiş" deməyi,
"Yoluna düşəcək hər iş" deməyi.
Məktəbdi şeirdən keçən əməyi,
Fərhada qədərdi Nəriman qağa.
Sarasız günlərdə sınıb, incəlib,
"Bağışla - deyərdi, ölüm gec gəlib".
Nə yaxşı qovuşduq deyə dincəlib
Bəxtə şükr elədi Nəriman qağa.
Şərəfdi yetdiyin zirvəyə yetmək,
Palıd ağacıtək yurdunda bitmək.
Dünyaya sənintək gəlib, sənintək
Gedənin nə dərdi, Nəriman qağa...
Dönüb qəbr evinə baxdım, dönükdüm,
Gördüm məzarda da yenə böyükdü.
Bilsə cənazəsi kiməsə yükdü -
Yeriyib gedərdi Nəriman qağa.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
