Şeirlər - Rəşid FAXRALI

 

Vaxt

 

Günəş vaxtında doğur,

Öz vaxtında çıxır Ay.

Öz vaxtında oyanıb,

Öz yoluyla axır çay.

 

Vaxtında çiçəkləyir

Yaz həsrətli yasəmən.

Vaxtdan çox gileyliyəm,

Vaxt tələsir, yoxsa mən?!

 

Hamı vaxtın möhtacı,

Vaxtın baxtına bir bax.

Bir ölümə yaraşır

Vaxtdan ucada durmaq.

 

Dünya bir dar otaqdı;

dardan sıxılanlara

dar otaq da qılıqçı.

Vaxt hamının hakimi,

Hamı vaxta qılıqçı.

 

Ömrümü isindirir

Ocağım da, közüm də,

Vətən, əsgərə döndü

Öz vaxtında sözüm də.

 

Küləklər ürəyimdən,

Ay Vətən, əsər indi;

öz vaxtında Rəşidin

özü əsgəriniydi,

İllər keçsə də şeiri

yenə də əsgərindi!..

 

 

Salam de

 

Məni Laçın dağlarından salamlayan şair-publisist dostum Abdulla Qurbaniyə

 

Getdin... Gördün...

Ürəyinin oduyla

Od saldığın ocaqlara salam de.

Ruhun əsgər nəfəsiylə isindi,

Yaxınlara, uzaqlara salam de.

 

Qəzəbiylə qara üstə ağ çəkən,

Bağsızlığın əl-qoluna bağ çəkən,

İşığıyla qaranlığa dağ çəkən

Haqdan gələn çıraqlara salam de.

 

Yaranışdan yüyrək dilli ozandı,

Gördüyünü xeyirliyə yozandı,

Zəfər gördü, əbədilik qazandı,

Şirin dilli bulaqlara salam de.

 

Sellər sığmır dərələrə, yol gəlib,

Ərənliyi görə-görə yol gəlib,

Döyüşlərdən Zəfərə yol gəlib,

Dalğalanan bayraqlara salam de.

 

Zirvəsində əzizləyir qar daşı,

Əsən yellər tərpədəmməz qar daşı...

Hər birinin Faxralıdı qardaşı,

A Qurbani, o dağlara salam de!

 

 

Murovda əsgər gileyi

 

Yağan yağış, gözucu

bax ovcumun içinə.

Göylərin şəbnəmini

sağ ovcumun içinə.

 

Ruh sapına düzül, gəl,

Süzüm-süzüm süzül, gəl...

Göy üzündən üzül, gəl,

ax ovcumun içinə.

 

Düşmə qınağa, bəsdi,

Düşmə yanağa, bəsdi,

Yağdın torpağa, bəsdi,

Yağ ovcumun içinə...

 

 

Kəlbəcərdə əsgər sevinci

 

Həsrətli çiçəklərin

gürşad gözləməsinə

ümid kimi yağ, yağış!..

Ağ həsrəttək cücərib

ağaran çiçəklərin

ağca ləçəklərinə

narın-narın yağ, yağış,

Ağ yağış, dümağ yağış!..

 

 

O daş mənə tanış gəlir...

 

İşğaldan azad edilmiş Ağdam ərazisində ermənilərin nə vaxtsa tank üçün daldalanacaq hördüyü divarda gördüyüm daşlar qəlbimi qanatdı...

 

O torpaqda gördüyüm gül,

Həsrətini hördüyüm gül,

Göz yaşını sildiyim gül,

Qardaş, mənə tanış gəlir.

 

Yağa-yağa heydən düşən,

Günün ətəyindən düşən,

Göz suyutək göydən düşən

yağış mənə tanış gəlir.

 

Dilsiz qəhərin yaşıdı

ovucumda göz yaşıdı...

Hansı divarın daşıdı,

o daş,

            mənə tanış gəlir...

 

 

Döyüş qardaşı oldular

 

Göylər uğur diləyirdi

Ürəyi təmiz oğula.

Uğur duaçısı oldu

Hər cığır, hər iz oğula.

 

Hər yaş ərənlik yaşıydı.

Səngərə uğur daşıdı...

Qaraca Çoban daşıydı

Dava günü Kirs oğula.

 

Yolun qar daşı oldular,

Elin Sur daşı oldular...

Döyüş qardaşı oldular

O oğullar siz oğula...

 

 

Döyüş bayrağı

 

Əsgər olub döyüşdən

keçən bayrağım mənim.

Səngərdən ürəklərə

köçən bayrağım mənim.

Göyləri sürmələdi

duman, döyüş bayrağı.

Sənə beyət gətirib

zaman, döyüş bayrağı!

 

Döyüş yolun deyir ki,

Qönçə gülün deyir ki,

Göyçə gölün deyir ki,

Qələbəyə aparar

hər an döyüş bayrağı!..

 

 

Ruha dönən haray oldu Azərbaycan!..

 

Çanaqqalada mehmetçiklərin sırasında yüzlərlə azərbaycanlı döyüşçü də vardı...

 

Azərbaycan uğurladı

Türkiyəyə

döyüşlərə gedənləri

Ruh türklüyə üzərlikdi;

Uğurladı

ömürü ruh edənləri...

 

"...nə olsun ki, dünya - gidi?!

Ruhumuzla açacağıq

bu kilidi...", -

dedi Türkiyəyə

nəfəs kimi yetirənlər,

Mehmetçiyə

döyüş ruhu yetirənlər:

 

Sən - vuran əlsən,

Sənə çiyinik,

Azərbaycandan

döyüşə gəlmiş

mehmetçiyinik,

Salam, Türkiyəm!

 

Düşmənlərinin

gedər gözünün

yağı da qalmaz,

Döyüşümüzlə

torpaqlarında

yağı da qalmaz,

Salam, Türkiyəm!

 

Necə sarılıb

burda qar daşa,

Bir sovruq əsdir

Qarda qar daşa...

Nəfəsi ilə

arxa, dayaqdı

qardaş qardaşa,

Salam, Türkiyəm!..

 

Döyüşdü,

türk oğlu türk döyüşdü,

Tarix yazmış bir millətin

Yağılığa

görk oğlu görk döyüşdü...

 

Ruh döyüşündə

daş səngər oldu,

səngər daş oldu,

əsgər ruhumla

mehmetçiyinə

səngərdaş oldum...

Salam, Türkiyəm!

 

Hər döyüş bizə

Türkçülük andı,

Döyüşlər üçün

erkən oyandıq,

Mehmetçiyinlə

qoşa dayandıq,

Anam Türkiyəm!

O illərdə

Silahıyla, yarağıyla,

Tətik sıxan oğuluyla

Türkiyənin yanındaydı Azərbaycan!

Türkün türklük döyüşündə

Ruha dönən bir haraydı Azərbaycan!..

 

 

Şəhidlər Zəfərə yol göstərirdi

 

Boylanıb baxmadı gün yaxa-yaxda

Daşlara çırpılan güllə səsinə.

Yerə əyilirdi göylər elə bil,

Sığınıb əsgərin son nəfəsinə.

 

Daşlığa çəkirdi yollar əsgəri,

Başının üstündə meh dolaşırdı.

Vətəndən halallıq alırdı sanki,

Sanki Vətən ilə vidalaşırdı.

 

Düşmənin gözünü qamaşdırmağa

Duman olacağam, çən olacağam.

Qisas döyüşüdü döyüşüm, Vətən,

Üç şəhid əsgərin qisası üçün

Dördüncü şəhidin mən olacağam!

 

Şəhidlərin istəyini döyüş ruhu tək

Avtomatın tətiyinə yığdı barmağı.

"Bu, Əlinin əvəzinə!"

"Bu, Rahimin əvəzinə!"

"Bu, Məmmədin əvəzinə!" -

Avtomatın tətiyini sıxdı barmağı...

 

Güllələrin istisindən əridi daşlar,

Mərmilərin tüstüsündən boğuldu səngər,

Qumbaranın qəlpələri canına doldu,

Ayaq üstə durammadı, yıxıldı səngər.

 

Qapısı-bacası bağılı səngər,

Tifaqı əzəldən dağılı səngər

Göz açıb-yumunca bir məzar oldu

Neçə erməninin son nəfəsinə.

Göylər şahid oldu son döyüşündə

O gün ölməzliyin təntənəsinə...

 

 

Şəhidlik

 

İgidlər yad izini

silir, nəfəs dərmədən.

Döyüşə Zəfər kimi

gəlir, nəfəs dərmədən.

 

Səngər olur bənd-bərə

Döyüşə gələnlərə...

Yağını iki yerə

bölür, nəfəs dərmədən.

 

Zirvədi bayraq üçün,

Közdü hər ocaq üçün...

Döyüşdə torpaq üçün

ölür, nəfəs dərmədən...

 

 

Şəhidlik şərqisi

 

Harayın haqq harayıdı,

Gələrik, dağlar, gələrik.

Qəhərini qardaş kimi

bölərik, dağlar, bölərik.

 

Duruldarıq kəhrizini,

Şər əyə bilməz dizini...

Yollarından yad izini

silərik, dağlar, silərik.

 

Döyüş yolu düşməz düyün,

Qüdrət nurudu gördüyün...

Döyüşərik, Vətən üçün

ölərik, dağlar, ölərik...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!