Şeirlər - İntiqam YAŞAR

 

***

Mən yalquzaq küləkləri yaxşı tanıyıram,

ağacların ölümə dartınmasından.

Mən bu qışı da tanıdım gəlişindən,

Neçə evsizi son mənzillə təmin edəcək.

Ürəyimdən tutan ağrılar

Əlimdən tutan "dostlardan" ürəkliymiş.

Bu ömrü bir dəfə yaşamışam mən,

Hər qarışına bələdəm.

Bütün yollar yaralı sürünür ömrün sonuna.

Mən hamını və hər şeyi tanıyıram,

Tanımaq elə çətin imiş ki...

 

***

Köçürün göz yaddaşınıza,

Uşaqlarınızın gülüşünü.

Nə bir fotoqrafa, nə də bir fotoya bel bağlayın,

Yaddaşınız kağızlardan daha etibarlıdır.

 

***

Ömrümüzü ayaqaltı edənlər

Onu həm də başdaşı kimi əzizləyəcəklər.

Bircə öldüyümüz günü gözləyin.

Hərəkətsiz gəmilər dənizə yükdür, dost.

Bu dünyada hamı gözlərini

            Tanrının əllərinə dikib,

Görünməz əlləri daha güclü bilirlər.

Yorğun kölgələrimiz səkilərdə can verir,

Yorğun gözlərimiz də şəkillərdə süst düşüb.

Bircə bulud da yoxdur çəkilək altında susaq...

Bu ömrün qabağında susmamağa səbəb yox...

 

***

Türkiyədə baş vermiş zəlzələ qurbanlarına

 

Daş üstündə bir daşı

qalmadı bu şəhərin.

Xatirə ünvanları

dağıldı bircə anda.

Yerin üstü üşütdü

səksəkəli canları

Günəşdən küsənlərin

hər biri, hər nəfəri,

Yer altına yığıldı bircə anda.

Göylərə baxan olsa...

Bir az bulud çox idi,

bir az ümid yox idi.

 

 

Edam ipi

 

Hərə bir cür bu faninin

sallanır edam ipində.

Yelləncək bilir yellənir,

aldanır edam ipində.

 

Gəzir ayağında daşlar,

Gəzir hey divanə başlar,

Gah barışlar, gah savaşlar,

Dayanır edam ipində.

 

Hər adam birtəhər gedir,

Nələr gəlir, nələr gedir,

Minəcəyi kəhər gedir,

Yollanır edam ipində.

 

 

Öz yalanlarım

 

Mən öz yalanlarımla inandırdım özümü,

Mən öz yalanlarımla baş-başayam hər gecə.

Mənə yağış pay verər, mənə külək bağışlar,

Mənə bu cür doğmadı, bu şəhərdə hər küçə.

 

İllərin ağrısı var, hər çiynimdə yük kimi,

Məni taqətdən salan səbəblərin sayı yox!

Mən bu ömrü büsbütün itirmişəm, nə yazıq,

Nə bu bir gün, nə beş gün, bunun ili, ayı yox.

 

Nə günahkar tapıram, nə günah var ortada,

Gözlərimdə görünür hər ağrının əl izi.

Yenə yetişdi axşam, yenə gəlir ağrılar,

Yenə ayaq səsləri silkələyir dəhlizi.

 

Yaralarım qan verir hər günəş qürubunda,

Mən ürək adamıydım, ürəyimi qırdılar.

Məni qınamaq üçün sən də tələs, yubanma,

Təkcə deyəcəyim bu: yordular, dost, yordular.

 

***

Bütün çobanyastığı çiçəkləri

bir qarış məndən uca olanda

Bütün buludlar ən gözəl arzuların örpəyi idi.

Bütün ümidlər sinəmdə at çapırdı dördnala,

Bütün uşaqlar köhnə corabları top edirdi,

Bütün quzular qıvrım tüklərinə söykənirdi,

Qəssab bıçaqları korşalmışdı.

Bütün tənha qocalar

nəvələrin yadına düşmüşdü,

Bütün atalar övlad qarşılayırdı hərbidən,

Bütün analar övlad toyuna hazırlaşırdı.

Dünya elə gözəl idi ki...

 

***

"Gözlərin ayağının altını seçmir"

            deyənlərə anlada bilmədim,

Anlada bilmədim ayaqlarıma dolaşan

            kabusa baxa bilmədiyimi.

Hər yerdə qınandım,

Hər yerdə özgə oldum.

Ürəyimin ən yüksək yerlərindəki

            buzlar da əridi

ürəyimə od düşəndə.

Bütün dayanacaqlarda ağrılar qalaqlanmış,

Bütün avtobuslardakı sərnişinlərin

            bir gözü arxada,

övladını yetimlər evində qoyub

            gedən atalar kimi.

Hamı yalan danışır,

hamı tezliklə dönəcəm deyir...

Amma bütün biletlər birtərəflidir...

 

 

Mən çıxıb getməyə bir küçə tapsam...

 

Mən çıxıb getməyə bir küçə tapsam,

Mən çıxıb getməyə bir kimsəsizlik,

Mən çıxıb getməyə bir ada tapsam,

Bir boş ada!

Nə ağacı olsun, nə daşı olsun!

 

Mən çıxıb getməyə bircə yol tapsam,

Mən çıxıb getməyə bir azca da güc.

Mən çıxıb getməyə ən uzaqlara!

Kimsənin olmayan uzaqlar!

Nə bir iz buraxım, nə geri baxım.

 

Mən çıxıb getməyə qərarlı olsam,

Mən çıxıb getməyə yır-yığış etsəm,

Mən çıxıb getməyə həyətə çıxsam.

Əllərim qoynumda qəfil titrəsə!

Hər şeyi o köhnə evdə unutsam!

Hər şeyə yenidən başlamaq olar!

 

***

Müqəddəs şəhərlərdə yaşayan insanların

dərdini düşünürəm,

Onların da, görəsən, soyuq divarlardakı

nəfəsləri ölürmü?!

Tanrı o şəhərlərə bizdən daha yaxındı,

Görəsən, çağıranda köməyə tez gəlirmi?

 

Susurmu qaranlıqlar ağ kabuslar içində,

Yuxular qarışırmı bulanıq sular kimi?

Düyünlənmiş qaşları, alınlarda kim açır,

Tanrı çoxmu yorulur, bunca iş-güc içində,

Görəsən, bircə dəfə, barı üzü gülürmü?

 

Küləklərə baş qoşub getmək havası varmı,

Oralar tərk edilib, getməyə yarayırmı?

Yoxsa, o şəhərlər də qəbir ağuşu kimi,

Udur bir ayağını qaçaq qoyan kəsləri.

O şəhərlər necədi, Tanrı çox gözəl bilir,

Bu şəhərlər necədi, ora qədər bilirmi?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!