Bir gecənin şeirləri
1
Odu söndürüb külü ilə oynamaq var ha,
bax, odur qocalıqda şeir yazmaq...
Gəncliyini axtarırsan misraların arasında,
Xəyallar qafiyələnir təəssüflərlə...
Əllərini isidir hərarəti xatirələrin,
amma ürəyini üşüdür soyuqluğu həqiqətin.
Qaxac kimi quru barmaqlarının
arasından sızır həyəcan vərəqlərə.
Qan gəlir yanağına pəncərədəki kölgənin.
Belədir bu dünyanın işi, -
etdiklərinə də peşman olacaqsan,
etmədiklərinə də bir gün...
2
Geri boylananda gözü qaralır adamın...
İlahi, haralardan, nələrdən keçib
və necə gəldim bu yaşa?!
Hansı zülmətləri yardım
kirpiklərimlə bir zərrə işıq ümidinə, -
bağırmaq istəyir adam
üzü küləyə ömrün payızından...
3
Daşlar yerindən oynadısa,
"Uzundərə" oynamağa gərək yox...
Sular zümzümə edirsə yazağzı
qabqarmalı barxanasını üzü yaylağa!
Oynamağa öz havası var tərəkəmələrin
geri dönəndə köç...
4
Heç kim qalmaz axıradək yanında...
Gedəcək hamı,
nə fərqi, biri yaxına, biri uzağa,
başqa birisi dünyadan...
Çoxdur ortalıqda tək qalasılar,
qala adamlardı vətən dedikləri bürc ucalı...
Dostlarda ki...
Müxtəlif olurlar, - çörək dostu, ürək dostu,
qədəh və qeybət dostları...
Heç kim qalmaz son günə, amma qalmaz!..
5
Gəliş-gedişdi həyat...
Gələnlər səni tanımaz,
sən tanımazsan gedənləri.
Yol təkcə gəlmək üçün deyil, dostum,
həm də getmək üçündür.
Gələnlərə atəşin salam,
gedənlərə yanğılı əlvida...
Qanad səsinin şeiri
Durna səsinə açıldı buludlu sabahların biri də...
Qaydadır, bir yaz axşamı yorğun gələnlər
getməlidir bir payız sabahı dincini alıb...
Hər gəliş bir sevinc aparır,
hər gediş bir hüzn gətirir özü ilə...
Buludların su yaddaşında durna səsi, -
bir axşam sevinc dolu, bir sabah kədər...
Bütün gəliş-gedişlərin bir adı var - uçuş...
Oysa ki, torpaqdır sonu bütün mahnıların!
Sonun məşqi
Adama birdən olur olanlar...
Məsələn,
ən əzizlərindən birini yola salır ən uzaqlara...
Kövrələndə yağış başlayır yağmağa,
yolda xarab olur maşını...
Kəsilir evə verilən istilik,
sönür işığı...
Gördüyü iş pozulur kompüterdə,
silinir əl telefonunun yaddaşına yazdığı şeirlər.
Həyətə çatanda alacalanır gözləri,
fırlanır başı.
Bu nə işdir, Paskal müəllim,
Mən hara, təzyiq hara?! - mat qalır adam...
İlk dəfədir
kəllə-çarxa vurur təzyiqölçəndə döyüntülər...
Rusiyadan qayıtmış döyüşçü dostu
çağırır səngər xatirələrini yada salmağa 50-50...
...Və adam ömründə ilk dəfədir ki,
gedə bilmir ən yaxın dostlarının görüşünə...
Kim deyirsə ki, fırlanmır Yer kürəsi, yalanmış...
Fırlanır adamın başına, fırlanır adamın başı.
- Necəsən? - soruşur bir səs...
- Hər şey birdən olur adama, - susur üzü tavana,
...Birdən...
Ölümün məşqidirmi bu?! - düşünür...
Kimsə
Çəkdi nəfəsini içinə gecə,
Tövşüyən yol idi, ya yolda kimsə.
Ağırı özündə qərq olmaqdı, dost,
Ha batdı dəryada, ha yolda kimsə.
Hərənin ömründə var sonuncu qış,
Sonra nə qar yağar, nə də ki yağış.
Bir üzü alxışdı, bir üzü qarğış,
Kimsə bay olmada, bay olda kimsə.
Yamanmı yaxşıdır, yaxşı yamanmı,
Hansı doğru olar, - andmı, amanmı?
Dəyişən bizikmi, yolmu, zamanmı,
Baxmır sözümüzə ta yolda kimsə...
Olanların şeiri
Həyat imtahandı sual-cavablı,
Bilib keçdiyin var, bilmədiyin var.
Bir dostdu, bir addı, bir bəxt yazısı,
Silib keçdiyin var, silmədiyin var...
Olsun ki, piyada şahı mat eylər,
Sinə gərdiyində ürək çat eylər.
Tale adam ilə zarafat eylər,
Gülüb keçdiyin var, gülmədiyin var.
Yağışdan danışma gözü dolanla,
Çiçəyi quruyub, gülü solanla...
Şirini, acını dostun olanla,
Bölüb keçdiyin var, bölmədiyin var.
Aylı gecələr var düzülməz səfə,
Günəşli gündüzlər qoyulmaz rəfə.
İrili-xırdalı gündə yüz dəfə,
Ölüb keçdiyin var, ölmədiyin var.
Qürub vaxtının şeiri
Daha fərqi yoxdur neçədir saat,
Axşammı, sabahmı, günortadırmı?
Hər gün böyüyürmü qəlbindəki çat,
Susanda Tanrıya səsin çatırmı?
Dəyməz hər küsəndə bəxti söyməyə,
Tale də dərd biçib qəm əkməyində.
Nə düşür sıtqıyıb sinə döyməyə,
Yoxdur bir mənası ah çəkməyin də.
Həyatda hər zaman düz olmur ki, yol,
Hər vida bir ömrün yolayrıcıdır.
Bu da keçib gedər, bir az sakit ol,
Qürub günəş üçün yolayrıcıdır.
Mən çoxdan tanışam ayrılıqlara,
Sınıq ürəyimi sən də qır elə.
Xatırla bu sözü düşəndə dara, -
Yaşamaq dediyin ağrıdır elə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
