Şeirlər - Şəfəq SAHİBLİ

 

Sözün gözlərində

 

Sözün gözlərində

yaş donub.

Ayrılıq qar kimi yağır,

dilimdən

qərib-qərib üşüyən adına

Gəl-gəl barı, ay insafsız,

unutmağı öyrət,

unutduğun qadına...

 

 

Dilimin ucunda

 

Uzaqlarda üşüyür

boynumu qucaqlamaq

həsrətilə

düyün düşən qolların...

Gözləri doluxsunub

sənə gələn yolların...

Əllərimin həniri

yaralı göyərçintək

hələ də çırpınır ovcunda.

Adın qəzaya düşdü

Dilimin ucunda.

 

 

Xəfif-xəfif

 

Baharda kol dibində

Xəfif-xəfif

Gülümsəyən bənövşə kimi

Sevdim səni...

Səni elə sevdim,

"Sevgi" sözünün dodağı

çatladı...

Səni elə sevdim,

Həsrət utandı

özündən...

 

 

Xatirə

 

Xəbərin varmı?

Könlümün xatirə

mövsümüdür...

Barmaqlarım səni soruşur

Ovcuma tökülən göz

yaşlarımdan.

 

 

Sahil küçəsi

 

Alar məni qoynuna

            Mavi Bakı gecəsi.

Sahildə məni gözlər

            tənha Sahil küçəsi.

Bu küçədə nə qədər

            xatirələr dolaşır.

Bu küçədə insantək

            boz küləklər dolaşar.

Yağan yağışlar yuyar

            cığırımı, izimi.

Bu küçədə gəzirəm

            indi özüm özümü.

 

 

Üşüyürəm sözə sarı

 

Gözlərimə payız gəlir,

Bulanır ömrün suları.

Batıram dərya gözünə,

Üşüyürəm sözə sarı.

 

Yola çıxdım fəsil-fəsil,

Bu yol bir payız nağılı.

Bir ah imiş ömrün səsi,

Alıb başımdan ağılı.

 

Ömrümə xəzan dağılıb,

Günüm sarı, gecəm sarı.

Ustad, sən dəsmal əvəzi

Gözlərimə sözü sarı.

 

 

Xəbərin yox

 

Keçib karvan yanımızdan,

Bir ah qopub canımızdan.

Qərənfilə qanımızdan

İçirmişik, xəbərin yox!

 

Yaşıl çöllər, şiş təpələr,

Dəniz susar, gah ləpələr.

Sinəmiz üstə qəlpələr,

Bitirmişik, xəbərin yox!

 

Bulud alıb göy üzünü,

Gün itirib gündüzünü.

Axtarırıq yer üzünü, -

İtirmişik, xəbərin yox!

 

 

Gəlmərəm

 

Qayıdıb ötən günlərə,

Xəyallara qapılmaram.

Boşuna yorma özünü,

İtmişəmsə, tapılmaram.

 

Yalanların sənin olsun,

Daha yaxına gəlmərəm.

Yıxıldı arzu, istəyim,

Daha yuxuna gəlmərəm.

 

Göy üzünə çəkilmişəm,

Daha yerlərə gəlmərəm.

Yaxın nədir, sən yaşayan

Şəhərə belə gəlmərəm.

 

 

Qağayılar

 

Qağayılar

qırçın-qırçın dalğalar kimi

            səpələnir dənizə.

Bir qız dayanıb sahildə

            qayalarla göz-gözə.

Bir gəmi ayrılır

            uzaq limandan.

Bir ürək qopmaq istəyir

            küləkdən, yağışdan, tufandan.

Bu mənəm, sahildə tək.

Gələcək o gəmi,

o yağış, o külək,

            bir də...

 

 

Şəhidlər

 

Bir sehirli qaranlığın,

Köynəyindən keçib gəldik.

Alnımızın yazısını,

Boyumuza biçib gəldik.

 

Ömrü güllə darağı tək,

Boşaltdıq vaxtın köksünə.

Son nəfəsi güzgü kimi,

Tutduq dünyanın üzünə.

 

Yoxmuş cavabsız bir sual,

Ölüm də bir cavab imiş.

Ölüm sevməzlər içində,

Ölmək də bir savab imiş.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!