Məhbəs çiçəyi... - Cavid FƏRZƏLİ

 

Sən bir məhbəs çiçəyiydin,

Dönmüsən süni çiçəyə.

Pəncərəndə günəş də çirkli doğulur,

            əllərimiz də,

Küçələr dərir dəmir çiçəklərini.

Həsrətin Ferrari sürətiylə

Səkilərin üzünə tüpürür.

Sən necə biləsən ki...

Acgöz küləklər saçlarını

            xərçəng kimi yeyir,

Gülüşlərinlə kədərli gecələr əylənir.

Dünən yenə yadıma düşdün,

Külək pəncərəmdən payız qopardı.

Sən hardan biləydin ki,

Ayaqlarına sahil sərir dənizlər...

İndi ölüm kimi düyünlənirsən boğazımda,

Hələ də köhnə bir qramofon kimi

Darıxıram.

 

Zamanın divarlarını

            əqrəblərin qolları uçurdur,

Qapqara yağışlar daşlayır

            çətir-çətir şeytan divarlarını.

Ayrılıq başqa bir fahişəliyə bükür

            məhbəs çiçəklərini...

Necə biləsən axı,

Manqurt kimi darıxmaq nədir?!

Tərk edilmiş bir yağışa düşmək nədir?!

Görürsənmi, bozboyun

            kölgələrin alaqaranlığında

Ürəyi sınır parlaq güzgülərin.

Harada bir ürək dəvə tikanı

            kimi tövşəyirsə,

Harada bir köləlik rəngini dəyişirsə,

            qan çiçəklərinə bələnirsən,

Çiyinlərimiz məzarlıq olur.

 

Tanrının sənsiz hər günü

Çiyinlərim asılır göy üzündən...

Gözlərim qələm kimi

Səsini gecənin divarlarına çəkir.

Bir bilsən, körpə buludların

            dopdolu tənhalığı

            necə böyüyür şəkillərin ürəyində,

Necə sığışmır dörd divarın arasına göy üzü...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!