Şeirlər - Kəmaləddin QƏDİM

 

Ölmək ölməkdisə...

 

Ölmək ölməkdisə, ta niyə, adam,

Sir kimi görünüb, sir də öləsən?!

Ya qismət, bu boşa, faniyə, adam,

Bir də doğulasan, bir də öləsən.

 

"Quran" deyilsən ki, nazil olasan,

Elə oxunmağa hazır olasan.

Yəni yaz olasan, nəzir olasan,

Gedəsən ocaqda, pirdə öləsən.

 

Tutasan doğrunun, düzün əlindən,

Axıra ağ çıxa üzün əlindən.

Lap elə bir gözəl qızın əlindən

Düşəsən bir qəfil dərdə, öləsən.

 

Geriyə yolmu var gedən, qürbətdən,

Nədən bezəsən ki, nədən, qürbətdən?

Bir halda seçilmir Vətən qürbətdən,

Daha nə fərqi var harda öləsən?

 

Səsini eşidib duymasalar da,

Halalca haqqını qıymasalar da,

Nolar, yaşamağa qoymasalar da,

Qoyalar öldüyün yerdə öləsən.

 

 

Lap ölüb qalmalı yer idi könlüm

 

Dedim, çiçəkləndi, gülləndi bəlkə,

Baxma, könüllərdən biridi könlüm.

Bir gün dilə gəlib dilləndi bəlkə,

Bəlkə, ayaq açıb yeridi könlüm...

 

Dönməsin heykələ, büstə, demişdim,

Başımda tac olsun istə, demişdim.

Bu sevgi ayağı üstdə demişdim,

dayanıb, durduqca diridi könlüm...

 

Mən indi bildim ki, olur gor necə,

Adamın içinə dolur qor necə...

Getmisən, xaraba qalıb gör necə,

Lap ölüb qalmalı yer idi könlüm...

 

 

Xatirələr örtür məni

 

Ayrılığın dilindəyəm,

Yaman dil-dil ötür məni.

Gülüm, necə başlamışdın,

eləcə də bitir məni...

 

Öz-özünü boşa öydün,

Bu yol çıxış yolu döydü.

Yağış çırpdı, dolu döydü,

Eyləmədin çətir məni...

 

Bir yuxuydum, yozanmadın,

Ağ vərəqdim, yazanmadın.

Qazanmadın, qazanmadın,

İlim-ilim itir məni...

 

Yerindim, ən yaxın yerin,

Çəkdiyin hər dağın yeri.

Qalmayıb qalmağın yeri,

Dur, qapıdan ötür məni...

 

Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,

Olmuşam cəm yavaş-yavaş.

Görünmürəm, yavaş-yavaş

xatirələr örtür məni...

 

 

İstəyir

 

Bu bağın-bağçanın bağbanısanmı,

Hardandı bu bağça, bu bağ istəyi?!

İçində yamyaşıl ağac sevgisi,

Üstündə titrəyən yarpaq istəyi...

 

Dil tapıb, yol gedər baxma, həyatla,

Döyənək etsə də dizini qatlar.

Bir gün bilmirsənmi başında çatlar

qorxaq adamların qorxaq istəyi?

 

Kimin ki, çəkirsə qanı qanını,

Qurbanlıq istəyir canım, canını.

Millət öndə sevir qəhrəmanını,

Fərqi yox, ya ölü, ya sağ istəyir...

 

Batdığı günaha, qüsula baxmaz,

Ədəbə, ərkana, üsula baxmaz,

Allaha üz tutmaz, Rəsula baxmaz,

Bitməz adamların yasaq istəyi...

 

Görünər atdığı qədəmnən belə,

Suçludu Həvvadan, Adəmnən belə,

Adamı ən doğma adamnan belə

ən çox torpaq sevir, torpaq istəyir...

 

 

Çatanda əlim özümə...

 

Mən özümdən yıxılanam,

Qoy durum, gəlim özümə.

Elə, düşdüyüm kimi də

qalxım, dikəlim özümə.

 

Elin-günün halı halım,

Zəhri zəhrim, balı balım,

Ən qiymətlim, ən bahalım,

gövhərim, ləlim özüməm.

 

Həyan özüm, qənim özüm,

Suyum özüm, dənim özüm.

Özüməm düşmənim, özüm,

vurğunum, dəlim özüməm.

 

Açam, gülümü görəsən,

Yanam, külümü görəsən,

Gəlib günümü görəsən

çatanda əlim özümə...

 

 

Düşməz

 

Dar gündə əlindən tutar, adam var,

Tutmasan əlindən, batar-adam var.

İşığı bir elə çatar adam var,

Adam var evinə işığı düşməz.

 

Bəlkə də tapılar dərmana, vallah,

İstərlər çevrilər qurbana, vallah.

Bu çölə, bu düzə, ormana, vallah,

Mən boyda dəlisi, aşiqi düşməz.

 

A dünya, uymaram felinə bir də,

Gətirmə adımı dilinə bir də.

Gedirəm, mənimtək əlinə bir də

Dünyanın ən məsum uşağı düşməz.

 

Ha yanım, ha çıxsın külüm yeddi qat,

Gözəlmiş yaşamdan ölüm yeddi qat.

Qalxar göy üzünə kədər yeddi qat,

Tanrım nədən bir qat aşağı düşməz?..

 

 

Gedəcəm

 

Gülüm, bir az da səbr et,

gözlə, durub gedəcəm...

Günəş doğanda gəldim,

etsin qürub, gedəcəm...

 

Bu matəmdən, bu yasdan

çıxacam asta-asta.

Ürəyimə bir az da

qan uddurub, gedəcəm...

 

Bir gün, hər şey görəcəm

buracanmış, buracan...

Bir nağıl uyduracam,

oyun qurub, gedəcəm...

 

Nə ön var, nə də geri,

nə də ölməyin yeri...

Özümü diri-diri

unutdurub, gedəcəm.

 

 

Düşürsən, bir az asta düş...

 

Dünya gidi, ömür fani,

vaxt qısa, yol uzun, gözəl.

Cavablaya bilmədik heç

tək bircə sorusun, gözəl.

 

Üstəydin, gözüm üstdə, düş,

Qalım beləcə yasda, düş.

Düşürsən, bir az asta düş,

düş, Allah qorusun, gözəl...

 

Son verirəm, son, ağıma,

Dözəcəm sinə dağıma.

Göz yaşımı yanağıma

sərirəm, qurusun, gözəl...

 

 

Nədən yetişməz ki, duam Tanrıya...

 

Nə boş-boş xəyallar qurram içimdə,

Nə qızıl balıqlar toruma düşməz.

Yuxular görərəm eh, nə biçimdə,

Biri də yozuma, yoruma düşməz.

 

Yaşadım od üstdə, köz üstdə, bəlli,

Şükr ki, gəlmədim diz üstdə, bəlli.

Qalxıb öldürsələr söz üstdə, bəlli

Peşəmə cangüdən, qoruma düşməz.

 

Götürüb aparmaz küləyi bir gün

Yalanı, yanlışı, kələyi bir gün.

Çevrilib mən olmaz mələyi bir gün,

Bir gün də mən düşən duruma düşməz.

 

Bu necə gülzarmış, necə çəmənlik,

Olmadı bir gün də bir quşa dənlik.

Nə yeri mənlikdi, nə goru mənlik,

Evimə düşməyən goruma düşməz.

 

Bir şey ki, köləyəm, qulam Tanrıya,

Ən qısa, ən kəsə yolam Tanrıya.

Nədən yetişməz ki, duam Tanrıya,

Ərizəm gərəkən quruma düşməz?..

 

 

Dur ayağa, qonaqları qarşıla...

 

Ölüm haqdı, yüz götür-qoy, yüz çevir,

İçin-için yan, haqları qarşıla...

Soyuq-soyuq dodaqlara üz çevir,

Nəmli-nəmli yanaqları qarşıla...

 

Yaraşıq ver qamətinə, şəstinə,

Kimdi baxan başdan çıxan tüstünə...

Baxma belə qoşun çəkib üstünə,

Son dərdləri, son ahları qarşıla...

 

Mən ki elə şeirimnən, sözümnən,

Od qalayıb oynamışam közümnən.

Savabları aparmışam özümnən,

Saxladığım günahları qarşıla...

 

Gündü, aydı, keçəcək, bil, sevdiyim,

Üçdü, qırxdı, bir də ki, il, sevdiyim.

Gözlərinin yaşını sil, sevdiyim,

Dur ayağa, qonaqları qarşıla...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!