***
Üzü o tərəfə, könlü bu yana,
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb, yol düz gəlməyib,
Ürəyi həsrətdə solan ey, salam.
Gəzir aralıqda qatı duman, çən,
Eh, nə bu mən mənəm, nə də o sən sən.
Ürəyim eşitdi ürəyin verən
Allah salamını... Salam ey, Salam!
Hər dua Allaha agah olmur ki,
Quruca bir salam günah olmur ki...
Hər qəlbin salamı, "Segah" olmur ki,
Ürəyim inlədi: "Balam ey..." Salam.
Eh, gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... Salam.
***
Bütün incikliyi, qırğınlıqları
Yaddaş heybəsinə mən eyləyib cəm.
Üzü ayrılığa gedirəm hər gün...
Eh, yenə çatmamış sola dönəcəm...
Qara bulud kimi dolur gözlərim,
Qara sular gəlir gözümə... onda.
Niyə ağır basır sol yanım, bildin?
Hicranın ağırdır göz ağrısından!
Bilirəm, yaddaşın bir qədəri var,
Sevginin ömrü də bəllidi, billəm.
Neyləyim, ürəyim daş kitabədir,
Eşqi insanlığın sənədi billəm.
İnadım demədi Allah deyəni,
Dağların oduna zəncirlənmişəm.
Bu sevgi deyil ki, bu imtahandı,
Ölüb-dirilməkdi ömürlük peşəm.
Çırpınma selində göz yaşlarımın,
Bu qəm sənlik deyil, ey bəni-insan!
Amma gözlərimdə şəklin qalacaq
Günahkar cismimdən çıxmadıqca can...
***
Cismimiz ağrıya-acıya yuva,
Dözə bilmirsənsə bu sata-sova,
Daha "Bəsdi!", - deyib bu qovhaqova,
Özünü özünlə götürmə, gedək!
Nə günə qoyub gör, bu ürəyini,
Gözündən süzülən su, ürəyini...
Təmizlə zehnini, yu, ürəyini,
Ağlına başqa şey gətirmə, gedək.
Bu boyda ömürü xərclədik borca,
Nə əldə eylədik bu boyda xərcə?
Nə var xəyalında, at getsin, bircə
Köhnə haqqı-sayı itirmə, gedək.
Fərqi yox, ya fağır,ya da kür adam,
Həmin o adamsan - həmin sirr adam.
Yüz fikir bir borcu ödəmir, adam,
Yolçu yolda gərək,oturma, gedək!
Vətən
Ürəyimə damır, eynimə gəlir,
Taleyin üzünə güləcək, Vətən!
Hər kəsə məlumdur şanlı tarixin,
Daha xoş olacaq gələcək, Vətən!
Alıb qaçırdılar "Sarı gəlin"i,
Qırdılar Şuşanın incə belini.
Əsir götürdülər Göyçə gölünü,
Nə gül eynimədi, nə çiçək, Vətən!
Qanımızda varsa, Tomrisin südü,
Qoymaz ki, qul olaq Babək öyüdü!
Biləcək axır ki, Türk olmaq nədi,
Düşmən əvvəl-axır biləcək, Vətən!
Həsrətin eləcə teyləyir bizi,
Qəm dindən-imandan eyləyir bizi.
"Ey Türk, özünə dön!" haylayır bizi,
Türk özünə bir gün gələcək, Vətən!
Anam
Sən gedəli kəsmir gözümün seli,
Gözümdən gəlirmi əməyin, ana?
Bilirsən, qəlbimi necə yandırır,
"Heç məni yazmırsan", deməyin, ana!
Havalanıb başı əsən yellərin,
Könlünü kim alsın küsən güllərin?!
Ah, necə güclüymüş zərif əllərin,
Kəsilib hər yerdən köməyim, ana!
Qoymazdın ki, ola qəlbi qan belə,
Başımın üstündə gəl dayan belə...
Gözümün önündən bircə an belə
Getmir ki, heç deyib-gülməyin, ana!
İddiam üzümdə qaram olardı,
Ən cığal duyğum da, tez ram olardı.
Qara günlərimdə bayram olardı
Qəfil qonaq kimi gəlməyin, ana!
Gülüzlüm, ömrün də gül qədər oldu,
Güldüyün ay qədər, il qədər oldu.
"Şax gəzin!" deməyin zay, hədər oldu,
Əydi qəddimizi ölməyin, ana!
Sən idin ən yaxın dostum, sirdaşım,
Ovunmur ürəyim, qarışmır başım,
Qaldı qiyamətə mənim göz yaşım,
Sənin göz yaşımı silməyin, ana!
Oruc
Bütün nemətlərdən gözümü çəkdim,
Bütün istəklərə... özümü sıxdım.
Qurudu köksümdə dərin dəryalar,
Ah, sualtı qayam, sən üzə çıxdın...
Qoşuldu yellərə gəldi-gedərlər,
Yenidən açıldın, ən dərin yaram.
İçində bu mübhəm çəkisizliyin
Nəfəs, səndən özgə heç nə almıram.
Səndinmi Məcnunun döndüyü qiblə,
Səndinmi Leylinin hüquqsuzluğu?!
Eşq adına axan bu coşqun çaylar
Yatıra bilmədi bu susuzluğu...
Bütün duaların içində varsan,
Bu eşq hardan alır bu cəsarəti?
Yenə də ətrafda çırpınır ruhum,
Qəbulmu, batilmi bu ibadətim?
Bütün nemətlərdən gözümü çəkdim...
***
Göz yaşı tökənlər qərq olar suda,
Nuh alar yanına göz silənləri.
Qəzəbli tufanlar salar cənginə
Gözümüzü dərya eləyənləri.
Əbədi yolçuluq başlar yenidən,
Buludlar canına çəkər selləri.
Sərkərdə biləyi yenə bərkiyər,
Yenə halqalanar gözəl telləri.
Təzə körpə doğar təzə sevgilər,
Çıxar tərəziyə haqlar, nahaqlar.
Göz yaşı silənlər yenə azalar,
Göylərin buludu təzədən ağlar !!!
Dünya da bir yekə adam kimidi,
Günahkar bəndələr cismindəki kir.
Bir də görərsən ki, dəryaya girdi,
Bir də görərsən ki, tufanda çimir.
Onda yaylıqlar vardı -
üstdə qız şəkilləri.
Gözəl, ala gözləri,
pambıq kimi əlləri...
Ordan pərvazlanardı
oğlanların xəyalı.
O qıza bənzəyərdi
gözəllərin camalı...
Ah, o hisslər hopurdu
tarixə varaq-varaq.
Tərtəmiz duyğulardan
kiablar qalaq-qalaq...
Hər şey nağıl kimiydi,
nağıldı, nağıl, ancaq!
O yaylıq uçub gedib,
o duyğular qalacaq!
Göydən üç alma düşməz,
ürəyimiz çəkilər.
Xatirəmiz, eşqimiz
o yaylığa bükülər...
Qara torpağa girməz,
uçar Tanrıya sarı.
Arxasınca boylan, bax,
dikəlsin başın, barı...
Gözündə əksi qalsın,
yaylıq, qız şəkilləri...
Qəmli gözləri vardı,
pambıq kimi əlləri...
***
Səbrimi sınayırsan? Səbrim yoxdu ki...
Daha daşa dönmüşəm, ruhum da yoxdu,
Ruhum da uçub gedib, bir daş heykələm,
Elə ona görə də qəbrim də yoxdu...
Bir boşluq içindəyəm, yellər oynadır, bir bax,
Sədaqət - dar ağacı, bu asılmış cismimi.
Qalıb yaşamaq çətin ayrılıq əzabını,
Vaxtında öləmmədim, ey vah, Leylalar kimi...
İncidir qürurumu sənin sərt "sağ ol"ların,
Bu qədər yüklə necə axı sağ-salim olum?!
Gəl dəyişək bircə yol bu alın yazımızı,
Sən bir az vəfalı ol, mən bir az zalım olum,
Səbrimi sınayırsan?
***
Gözəl bir yaz gecəsi
Küləklər şərqə əsir,
Sənə gəlib çatdımı
qəlbimin incik səsi?!
Xoşmu könlün havası?
Yağırmı yaz yağışı?
Qəmli misralarımı
oxşayırmı baxışın?
Gəzirəmmi röyanın
güllü yamaclarında?
Kəpənək barmaqların
uçurmu saçlarımda?
Qaçıb küskün xəyalım
qısıldımı yuxuna?
Ah, yoxsa duamı da
buraxmırsan yaxına?
Gözəl bir yaz gecəsi
küləklər şərqə əsir.
Sənə gəlib çatdımı
qəlbimin incik səsi?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
