Dostum Ağəddin Babayevin əziz xatirəsinə Elegiya - Sərraf TALIB

 

Salam olsun, əziz dost,

O dünyada nə var, nə yox,

Öyrəşmisənmi

gününə-güzəranına,

Darıxmırsan ki, mənim kimi?

 

Şeir yazırsanmı Tuba ağacının

yamyaşıl yarpağına

Küçəmizdəki salxım söyüdə yazdığın kimi?

Bir hurinin adını cızmısanmı yaşıl darağına,

İlk sevdiyin qızın adını

darağına cızdığın kimi?

 

Yoxsa onu da unudub,

Yenə küsürsənmi Səyyarə xaladan,

Abdulla əmidən,

İstədiyin hurini sənə almadığına görə?!

Orda da nəsrani qızları varmı, əziz dost?

İlk sevgin daşa dəyəndən

Bir nəsrani qızıyla görüşməyin

yadına gəlirmi, əziz dost?

Yoxsa onun da adı

quruyub,

Küçəmizdəki söyüdün yarpağı kimi,

Dönüb toza, torpağa,

Minillik torpağa qarışıb

Qəbrinin torpağı kimi.

 

Bilirəm, susacaqsan,

Xoşlamazdın heç

sirrini bölüşməyi başqalarıyla.

Amma sənin sirrin - mənimdi, axı,

Mənim sirrim - sənindi, axı,

Yoxsa unutmusan, əziz dost?

 

Yadındadı, biz bir-birimizin səsini

uzaqlardan eşidərdik -

Uşaqkən eşidərdik,

Cavankən eşidərdik, -

Sən Almaniyada, mən Rusiyada,

Sən Bakıda, mən Lənkəranda,

Şağlaserdə eşidərdik,

Səs-küydə, sükutda,

qulaq deşən səssizlikdə,

Gözlərimizdən axan suyun

səsiylə eşidərdik,

Qəlbimizin muğam ağrısıyla

eşidərdik...

Eşidərdik meşədə, çəməndə,

dağda, qayada, əziz dost!

 

Dinmirsən,

Bağışla,

Hüzurunu pozdum deyə,

Sadəcə, darıxmışdım səninçün -

keçən günləri xatırladım,

gəzdim deyə,

bir daha onunçün.

 

Axı bir ildir görüşmürük

Bu vəfasız dünyada,

bir ildir...

Bu bir ildə

zaman da yaman sürətlə keçib,

Söyüdlər yarpağını dəyişib,

Darağın üstündə yazdığın ad da

solub, silinib.

İndi hurilər keçir yanından,

bilirəm,

Halından, susmağından

bilirəm.

Amma sən...

Sən hələ də susursan,

Səssizliyin də bir dili var,

Sən dinməsən də,

Bu dili anlayıram,

Mən təkliyin sinəsinə

qırmızı-qırmızı yazaram,

Söyüddən ayrılan hər yarpağa,

Gur saçlarını daradığın yaşıl darağa,

istəsən bir "hurinin" adını

çoxunun acığına

sənin üçün yazaram, əziz dost.

 

Kədərli bir nəğmədir sanki bu həyat,

Mən isə xordan ayrılan bir səsəm,

Şeirdən düşən bir sözəm,

Avesta dilində bir səsli cümləyəm,

Qara torpağam,

mavi göyəm, əziz dost,

Bu an, bu gün, bu saat,

Bu vəfasız yer üzündə

təkəm, tənhayam,

Səndən sonra

kədərli bir nəğməyəm, əziz dost!

 

13.05.2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!