Şeirlər - Nəcməddin MÜRVƏTOV

 

Müşfiqin məzarı ürəklərdədir

 

Sorma dəfn olunub nə zaman, harda,

Torpaqda uyuyur, qərqdir sularda?

Olmasın bu əhval sonsuz qübar da,

Nədən ürəyini bu sual didir?

Müşfiqin məzarı ürəklərdədir.

 

Ruhu misralanıb hey qətrə-qətrə,

Saf bulaq suyutək axır qəlblərə,

Ona sevgisini başqa cür hərə

Sonsuz ehtiramla deyir, bildirir,

Müşfiqin məzarı ürəklərdədir.

 

Xəyal, duyğularda "yenə o bağ..." var,

Ağrılı-acılı həmin o çağ var,

Bir nakam şairdən ün var, soraq var,

Burda göz oxşayan nurda, zərdədir,

Müşfiqin məzarı ürəklərdədir.

 

Kökslərə olsa da dərdi süngü, ox,

Bu tale yaraşır ona çoxdan, çox.

Torpaqda adına məlum məzar yox,

Yoxsa da, sayğılı, süslü yerdədir,

Müşfiqin məzarı ürəklərdədir.

 

Axtarma, arama, o bir "laməkan",

Vətənə, yurduna qurban deyib can,

Ölməyib, yaşayır, onu şəhid san,

Tanrının yanında xoş nəzərdədir,

Müşfiqin məzarı ürəklərdədir.

 

 

Qocalardan nəsihətə inanın

 

Ömür adlı bir uzun yol keçiblər,

Ayırıblar yaxşı, yaman seçiblər,

İş-əməldə ölçüb yüz, bir biçiblər.

Görüblər də hər üzünü dünyanın,

Qocalardan nəsihətə inanın.

 

Dərs alıblar, həyat dərsi, hər zaman,

Seçmək üçün düz-dürüst nə, zənn-güman,

Veriblər də müdriklikdən imtahan,

Görə-görə səhvlərinin ziyanın

Qocalardan nəsihətə inanın.

 

Tədbirləri, çətinləri çox asan

Edər şəksiz, ilə əvəz olar an,

Əməl edən olmaz heç vaxt peşiman.

Dediyinə girov qoyar ad-sanın,

Qocalardan nəsihətə inanın.

 

Dillərindən qəbul eylə iradı,

Biri əgər çox danladı, qınadı,

Xeyrinədir qəlb yanğısı, fəryadı.

Bil, uğrunda qurban deyər o, canın,

Qocalardan nəsihətə inanın.

 

İnanın ki, ağrımaya nahaq baş,

İnanın ki, qalmayasız naçar, çaş,

İnanın ki, tökməyəsiz gözdən yaş.

Təcrübəsi var onlarda cahanın,

Qocalardan nəsihətə inanın.

 

 

"Bəlkə-bəlkə"lər

 

Bağlanıb ümidim "bəlkə-bəlkə"yə,

Neçəsi eylədi peşiman məni.

Mümkün, növbətidə uğur var deyə,

Davama pozmuram yox, ahəngini.

 

Birindən təsdiqi başqası inkar

Edir yora-yora, hey düşüncəmi.

Digəri hökmüylə verir sərt qərar,

Guya ki, bitirir kəsiri, kəmi.

 

Olub yönəldənlər, tamam çaş yola,

Yarıda anlayıb dönmüşəm geri.

Orda tuş gəlmişəm əzabdan bola,

Bütün zəhmətimin heç-puç dəyəri.

 

Susub dinləsəm də neçə məsləhət,

Bir "bəlkə" alınıb zənlə-gümanla.

Vaxtı boşa verəm, olub kifayət,

Başlanıb özünü danlahadanla.

 

Yaxşı ki inamı itirməməyə

"Bəlkə-bəlkə"lər var, say-hesabı yox.

Ümidin sonunu gətirməməyə,

Şəksiz, səbəblərdir ruha dayaq çox.

 

 

Söhbətdəyəm özümlə

 

Hər dəm söhbətdəyəm özümlə, səssiz,

Qəlbimi açım ki, kimsəyə, nədən?

Suallar olsa da asan, ya qəliz,

Cavab verməliyəm tək mən, təkcə mən.

 

Onlarsa bir deyil, beş deyil, min-min

Ömrün anlarını salanlar yada.

Vaxtilə səhvimdən yaranan yəqin,

Çoxu ünvanıma dönüb irada.

 

Dönür belələri tənə-təhrizə,

Sarır varlığımı xəcalət təri.

Hər biri ox olur, köksümə nizə,

Tutur boğazımı qəmi, qəhəri.

 

Olur bircəsinin önündə bəzən,

Mat-qutu qurumuş, qara daş kimi

Dururam, dərkimdə pozulur düzən,

Gəzir, vurnuxuram naçar, çaş kimi.

 

Vicdanım hakimə dönür, tələbi

Olur, gətirməyəm nəsə bəhanə.

Deyir, başın üstə gör müdam Rəbbi,

Belədə rahatlıq gələr qəlbinə.

 

Hər dəm söhbətdəyəm özümlə, səssiz,

Qəlbimi açım ki, kimsəyə nədən?!

Suallar olsa da asan, ya qəliz,

Cavab verməliyəm tək mən, təkcə mən.

 

 

İnanıram hamıya

 

Söyüb qınayıram hər dəm özümü,

Kor-peşman, etdiyim səhvlərdən yana.

Fələk bağlayıbmış sanki gözümü,

Sayıb inanmışam hər bir insana.

 

Neçə yol aldadıb biri yenə də,

Saxta and-amanla durub yanımda.

Lazımdı gözümdən düşə, enə də,

Bəraət qazanıb zənn gümanımda.

 

Çalıb aparanlar uğurlarımı,

Baxıb uzaq, gendən, qoyublar lağa.

Yenə itirməyib haqqa inamı,

Nadan ötürmüşəm saysız qabağa.

 

Bütün istəklərə vermişəm cavab

Canımla, qanımla, hər imkanımla,

Kimsə nəsə görə, çəkmişəm əzab,

Sanıb alver edir belədə xamla.

 

Elə həminkiyəm, zərrə qədər də,

Bəlalar görmüşəm, dəyişmirəm, yox.

 Deyən, tutulmuşam sağalmaz dərdə,

Hamıya, hər kəsə inanıram çox.

 

 

Görəm

 

Kölgəsində itir-batır, gedir haqq

Açıq-aşkar şər, böhtanın yalanın.

Eyş-işlərdə ədalətə edən lağ,

Məngirləyən yazıq, fağır olanın.

 

Bədliyindən doymur gözü xəbisin,

Dərsi alıb deyən, sanki iblisin,

İstəyi tək - dərdin görə hər kəsin,

Azını yox, çoxdan çoxu, kalanın.

 

Fitnəkarlar qarışdırır aləmi,

Düz-dürüstü əyri yazır qələmi,

Heç birinin guya kəsri, bir kəmi

Yoxmuş demə, çox günahı qalanın.

 

Zatı qırıq adamlarla xoş rəftar

Qurmaq çətin, yox onlarda abır, ar.

Yaxşısı bu, gen durmağa ver qərar

Görməməyə qəlb evinin talanın.

 

Yetər, məncə, bəsdir daha, nə deyim,

İnsanlardan çoxdan çoxdur gileyim,

Arzumsa tək, tək bircəcə diləyim:

Görəm saysız riyakarın lal anın.

 

 

Bacar

 

Heç nədən alınan bir mübahisə

Yaxşını andaca çevirir pisə.

Ötmür də təsirsiz duyğuya, hissə.

Mümkün tərs qərara aparar səni,

Bacar ram etməyi hirsi, hikkəni.

 

Belədə söz-sovu ölç-biç, din, danış,

Gözlə alınmaya dərkdə aldanış,

Fikrində yer alsın təkcə, tək barış.

Xoş əhval yaratmaq çox çətin, yəni,

Bacar ram etməyi hirsi, hikkəni.

 

Çevirmə qərəzə kim desə hər nə,

Çıxmasın dilindən, yox, təhriz, tənə.

 Nəbadə, şərəfə, toxunma, şənə,

Xatırla çox sakit keçmiş, dünəni,

Bacar ram etməyi hirsi, hikkəni.

 

Olsun da, nə olar, səhv edib biri,

Düşüb kəlməsinin tərs, yanlış yeri.

Bundan yada salmaq saysız bədləri,

Nə lazım, axtarsan, taparsan mini,

Bacar ram etməyi hirsi, hikkəni.

 

Sus dur, çaşsan əgər götür fasilə,

Belə ki, gəlməyə hədyanlar dilə.

Dilə, Yaradandan dilə, səbr dilə,

Ötür bu böhranlı vaxtı, vədəni,

Bacar ram etməyi hirsi, hikkəni.

 

 

Tələsmə küsməyə

 

Tutaq, başqasından söz deyib sənə,

Biri, toxunanı ağır xətrinə,

Uydurub özündən, bəlkə hey nə, nə.

Əvvəl bunu yoxla, dürüst ver qərar,

Tələsmə küsməyə, ayrıla yollar.

 

Fitnə-fəsad yayan yox deyil ki az,

Ağlı olan kəslər dinlər, inanmaz,

Onlara, dərkinə eyləyib həkk, yaz,

Var da xislətində olan ilan, mar,

Tələsmə küsməyə, ayrıla yollar.

 

Gözün var, qulağın, ağlın, düşüncən,

Etmirsən onlara etibar, nədən?

Olma da qəlbini şübhələr didən,

Bir oyun qurulub, bəlkə boş-bekar,

Tələsmə küsməyə, ayrıla yollar.

 

Xeyir güdənlər var vuruş, savaşdan,

Qardaşı ayıran kəslər qardaşdan,

Deyim, dinlə, anla bunu bu başdan,

Mümkün ki, səni də edərlər "şikar",

Tələsmə küsməyə, ayrıla yollar.

 

Üzü var hər sözün astarı, tərsi,

Haqqında ağrılı, qəlb sıxan bəhsi,

Yoxla, itirməzdən o yaxın kəsi,

Çaşma ha, başına cahan olar dar,

Tələsmə küsməyə, ayrıla yollar.

 

 

Uzaq dur

 

Bu nə iltifatdır, nə nəvazişdir,

Axı heç almırdın salamımı da?!

Vallah, anlamıram, ki nə dəyişdi,

Soruşsan halımı, əhvalımı da.

 

Üzünü tutardın yana tez, həmən,

Görcək lap uzaqdan gəldiyim zaman.

Sanki yağın idim, canına düşmən,

Elə ilk imkanda verməzdin aman.

 

Sonsuzdu adıma kinin, nifrətin,

Həkdi bu soyuq, buz baxışlarında.

Görən artdı nədən belə qiymətim?!

Məlum bu dilindən alqışlarında.

 

Düşüncəm: - hardasa, görən nədəsə,

Çörəyəm əvəzsiz, çox, yəqin sənə,

Bundan üzdə başqa, ürəyindəsə,

Başqasın, bu halın apaydın mənə.

 

Söylə istəyini, verim, dəf ol, get,

Qəbul eyləmərəm yaxınlığını,

Beləcə, asanca murazına yet,

Tələs, kəs yanımdan tez ayağını.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!