İllər uzun qış gecələri kimi ... - İntiqam Yaşar

İllər uzun

qış gecələri kimi ...

Bir gün bütün gedənlərin

            ayaq səsləri kəsilər dəhlizdən,

Bir gün bütün ayrılıqlar xatirə olar.

Bir gün dərdlərinə gülüb

            keçə bilməyənlərə gülərsən.

Hamını, hamını özün bilərsən.

Addım səslərindən

            tanıdıqların da silinər yaddaşından.

Ya yaddaş sözə baxmaz,

            ya sən xəbər tutarsan ömrün qışından.

İllər uzun qış gecələri kimi gələr,

İllər hər düşündükcə ağrılarına çevrilər.

Boş dərman şüşələri kimi

            düzülər göz önünə.

Ürəyin uşaq kimi atlanar,

uşaq kimi can atar bir günəşli aprel gününə.

***

Tanrım,

ölümə tələsdirməsəydin bizləri,

Heç birimiz

 gözüaçıq getməzdik dünyadan.

Kimsənin əlinə ehtiyac olmazdı,

Gözlərimizi qapamağa.

***

Sual işarəsinin kölgəsi qədərdi

Ürəyimdəki sərinlik.

Nə bir addım irəli var,

 nə  bir addım geri.

Ürəyini buz kimi saxla deyənlər,

Səsimi duymasa, ürəyim yanacaq.

***

Yolunda kipriyimizlə

            qor götürdüyümüz adamlar,

Gözlərimizə mil çəkdilər.

Bildilər,

Onları görməyə gözümüz yoxdu daha.

Küsdülər.

Sonra,

Yenə böyüklük onlarda qaldı,

Məzar daşı alnımızdan

            üç kərə öpüb əl çəkdilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!