***
Yağış damlaları
ac sərçələr kimi pəncərəni döyəcləyir.
Uzanan yollara baxa-baxa
qafiyəli şeirlər yazıram.
Guya ovda,
kol-kos arasında dolaşarkən
qəfil baş qaldıran fırtına kimi...
Əlbət,
ən böyük fırtına
ovdan əliboş qayıtmaq deyil,
gecə səhərəcən yatmayıb
yazdığın şeirə qafiyə axtarmaqdır!
***
Qonşu evin damından
Günəş boylanan zaman,
röyada gördüyüm Qumru
uçub qondu çiynimə.
Ax, gözəlim, bacılı,
barı, sən,
səhərəcən Aya baxıb pıçıldadığım
sözlərimi çeynəmə...
***
Hərdən vaxt tapıb
özümlə tək qalanda,
elə,
elə inanıram:
bu gecə küləklər
köhnə ata evinin
bacasından boylanır,
xatirələr
pəncərəsindən...
***
Cənnətdən qovulan Adəmin
Allahdan diləyi,
son istəyi,
görən nə olub, nə?!
Mən hələ də
qəzəbin və əsəbin
dalğalı sahillərindən keçərək,
atasız-anasız uşaq kimi
qapılar döyürəm:
bu fevral gecəsi
yazdığım şeirin
misraları arasında...
***
Suda özümü görüb əl edirəm,
Sudan da mənə əl edirlər,
üzümə gülürlər,
könlümü oxşayırlar.
İndi xatırlayıram:
aradan uzun illər keçsə də,
heç ağlıma gəlməyib,
sudakı əksim kimi
oxşayım öz qəlbimi!
***
Mən bu yolu
bir dəfə ötüb-keçdim,
özüm də bilmədən
tələsirdim harasa.
Bir dalandan buruldum,
bir cığırı addadım...
Hələ yollar yormalı,
keçidlər keçməliydim:
tindən çıxan qadının
üzündə hayqıran kədərin
səsini eşidə-eşidə...
***
İllərdi
tərk edilmiş bağ evinin,
lal divarlara açılan
pəncərəsindən baxıram...
Bu divarların yanından ötüb
yollandıq butamızın dalınca.
Biz qayıdanacan
Günəş söndümü,
işıqlı sabahlar belə əlçatmaz?!
***
Sükuta dalmış hasarın
o üzündən
anamın təndirə yapdığı
çörəyin ətrini duyuram.
O təndirdə
əllərimiz, dilimiz yana-yana yediyimiz
kökələrimiz qızarardı.
İllər necə də
dondurmatək əriyir:
taleyimizi bəlirləyən
iki barmağın arasında...
Elə indicə
mən də əriyirəm,
üzümə dikilən bir utancaq təbəssümə.
Ax, mən niyə bilmədim,
qarşımı kəsən hasar da bilmədi,
öncə təbəssümləri qorumalı?!
***
Yad və qaranlıq vağzalda,
tutqun güzgüdə
özünə baxmağın zorunu yaşamaq
ayrı bir dərdmiş?!
Aynalı saat xoflu-xoflu
ötüb-keçən qatarların səsini çıxarır.
Sanki kimsə pıçıldayır qulağıma.
Bilirsənmi, təkbaşına
nə uzun yolçuluqdu
qürbətdən-qürbətə düşə-düşə
Vətən adlı doğmalıq axtarışı?!
Və birdən-birə
vəhşi quşlar kimi
ənginlikdə süzmək həvəsi,
arxada qalan günləri -
itirdiklərimi,
əllərimin çatmadığı uzaqları
haraylamaq istəyi baş qaldırır...
Səsim elə bil sinəmi deşib,
boğazımı yırtıb çıxacaq -
bir az geciksəm.
Hayqırmaq,
Hayqırmaq istəyirəm -
uzaqlara üz tutub!
Allahım, nə olar,
dağıt qaranlıqları,
yandır işığı -
Səni görüm!!!
***
Atam öləndə
bütün ağaclar şair idi,
bütün quşlar və kəpənəklər şeir!
Ağaclar
məni çiyinlərinə qaldırıb
uzaqlara baxmağı,
xəyallar qurmağı öyrətdilər!
Quşlar, kəpənəklər
qanad açmağı
və uçmağı...
***
Gün gödəlib, - deyirlər,
köhnə uzunluqda deyil
saatlar, dəqiqələr...
Mənim ömür qatarım da
təzə vaxt cədvəlinə keçib -
"o dünyaya" yola salıram
bir-bir doğmalarımı...
***
Bir çevrənin içindəyik:
mən qaçıram!
Qaça-qaça
qurtulmağa can atıram.
Qaş qaralır,
düşür gecə,
saatlar, dəqiqələr keçə-keçə,
Qumru gözləritək açılır səhər -
mən qaçıram...
Haydı, haydı,
nə durmusan,
mürgülü xatirələrdən
gözünü aç?!
Bu çevrədən,
məngənədən,
ömür boyu davam edən
həngamədən
dur, sən də qaç!
Hələ heç kimin
qaçıb qurtulmadığını
bilə-bilə...
***
Gecələr röyada
uşaqlıq illərinin sorağında
qapılar döyürəm...
Ehehey,
dostlarım, hey,
xatırlayırsınızmı
o haylı-küylü küçəni,
məhəlləmizi - məni?!
Aranızda olmasam da,
O uzaq küncdəki pəncərədən
hər gün sizə baxardım.
Aradan
uzun illər ötsə də,
o pəncərədən
baxan uşağam!
Hələ də boğa bilmirəm
içimdə hayqıran səsimi -
sizinlə oynamaq həvəsimi...
***
Yollar məni bezdirir...
hey gedirsən, gedirsən,
ha tələs, bez, gedirsən...
Son anda anlayırsan:
bu getdiyin
sənin yolun deyilmiş heç,
sən hələ yol getməlisən!
***
Qəribədir:
birdən-birə
internet kimi yaddaşım donur.
Hər şey -
oxuduğum, eşitdiyim
və gördüyüm nə varsa,
ağ vərəqə dönür.
Yaddaşım sanki
iki partiyalı sistemdi -
birində keçmiş,
birində gələcək!
Lənətə gəlmiş ümid
gecə-gündüz qulağıma pıçıldayır:
əldən gedən o son fürsət
qayıdıb bir də gələcək!
Keçmiş, hərgah o olubsa,
hər gün, hər an
həyatımızda, yanımızdasa,
bəs o, nədir,
gözləyə-gözləyə,
gizləyə-gizləyə bizdən qopan,
bizdən ötən,
gözdən itən?!
***
Qatarın fit verib
relslərin arasında gözdən itməyi,
limandan ayrılan gəmilərin,
uzaq üfüqlərin sonsuzluğunda
qara nöqtəyə dönməyi
mənə ötüb-keçən günləri xatırladır...
Hər səhər qonşu uşağın
təpik vurduğu zibil qutusundan,
çığırtıyla
tullanıb qaçan pişik kimidi
itirdiyimiz günlər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
