Şeirlər - Kəmalə ABIYEVA

 

Qızcığazlar ana olmaq istəyir

 

Bayaqdandır evcik-evcik oynayır

qızcığazlar 6-7 yaşında.

Qızcığazlar bu oyundan doymayır,

hərəsinin min nağıl var başında.

 

Bir eyvanı bölübdülər ortadan,

hərəsinin bir ayrıca otağı.

"Bu gəlincik mənim balam olacaq,

busa sənin, bu da onun yatağı"...

 

Hərəsinin öz evi, öz körpəsi,

bir eyvanı bölübdülər ortadan.

Hərəsinin dilində öz nəğməsi,

qızcığazlar layla deyir astadan.

 

Qonaq gedib bir-birinin evinə,

pıçıltıyla danışırlar arabir.

Sən müqəddəs arzuya bax, hissə bax,

qızcığazlar ana olmaq istəyir.

 

Aman qızlar, dayanmayın bircə an,

qoy heç zaman qurtarmasın bu oyun.

Göyçəklərim, çiçəklərim, güllərim,

laylanızı siz ucadan oxuyun.

 

Yer üzünə haray salın, hay salın,

pıçıltıyla danışmayın arabir.

Qoy eşitsin bu arzunu yer üzü:

Qızcığazlar Ana olmaq istəyir!

Qızcığazlar Ana olmaq istəyir!

 

 

Zəfər günü

 

Azərbaycan, əsrləri heyran qoyan,

qayalarda çiçək açan ərənlərin

Ölmək üçün yaşayan yox,

yaşamaqçün ölənlərin,

Səni ana bilənlərin,

azadlığın havasına dönənlərin diyarısan.

Zəfər günün həqiqətin zəfəridir.

Vətən yüklü ürəklərdə məhəbbətin zəfəridir.

Zəfər günü

tarixindən işğal sözün pozanların,

qələbənin tarixini yazanların,

"Adım Vətən" deyənlərin şad günüdür,

bayrağını geyənlərin ad günüdür!

 

 

Kaş ki...

 

Göz yaşı dözümün son həddidir.

İntihar dözməyənlərin cəhdidir.

Ölüm dözümsüzlük səddidir. 

Yaddaşın dözümsüzlüyündə

dözümsüzlüyümə ağladım.

Qınamayın məni,

Ağladım...

Hər damlada müharibə vardı.

Hər damlayla gözlərimdən tökülsəydi...

intihar etsəydi, ölsəydi...

            bir də geri dönməsəydi...

Göz yaşları geri dönmür. Hər dəfə yenidir.

Ağrılar köhnəlmir, yenilənir.

Göz yaşları fərqlidi.

Nə vaxtdı yaş damır Yer kürəsindən,

müharibə göz yaşıdır Yer kürəsinin,

güllələr müharibənin...

Yer kürəsi təkcə torpağa qarışan canlar deyil,

itmiş əllər, ayaqlardı.

Gözlərdi həm də,

ölən duyğulardı, arzulardı, sözlərdi həm də.

Yer kürəsi o əllərlə

o gözlərin yaşını silə-silə,

o ayaqlarla gedir bizdən uzaqlara,

müharibələrə qarğış hayqıra-hayqıra.

Bəlkə də hayqırtısından dağılacaq?!

 Bilmirəm. Hardan bilim, nə olacaq?!

 Dipdiri canlar, əllər, ayaqlar

Yer kürəsini qoruya bilsə,

            saxlamağa gücü yetsə...

Bir gənc də öldü.

Müharibədən salamat gəlmişdi,

Bəlkə də ölmüşdü...Bilmədim ki...

Kimsə ağlamasaydı.

Yer kürəsi dağılmasaydı.

Kaş ki...

 

 

Elə sevdim ki...

 

Səni elə sevdim, elə sevdim ki,

xəbərim olmadı bu ayrılıqdan.

Unutmaq necədir, heç bilmədim ki,

"Unutmaq" sözünü unutdum tamam.

 

Nə yollara baxdım, nə yol gözlədim,

tutub əllərindən gəzdim hər yeri.

Ayaq səslərindən heç diksinmədim,

səninlə oyandım mən səhərləri.

 

Sənsiz bircə an da yaşamadım mən,

bütün illərimin yoldaşı oldun.

Səni xəyal kimi daşımadım mən,

sən mənim ən sadiq sirdaşım oldun.

 

Taleyi günahkar bilmədim, çünki,

mən öz ürəyimin əsiri oldum.

Səni elə sevdim, elə sevdim ki,

Sən mənim azadlıq istəyim oldun.

 

 

Nənəmin darıxmağı

 

Babam çoxdan ölmüşdü.

rayondakı evində nənəm təmtək qalmışdı.

Övladları hamısı şəhərə gəlmişdilər.

Universitetlər oxuyub şəhərli olmuşdular. 

 Ara-sıra gedərdilər yanına,

baş çəkərdilər ona.

Mənim nənəm dərziydi,

"Zinger" maşını vardı, o maşını qoymuşdu

pəncərə qabağına.

Pəncərə örtüyünü çəkmişdi bir az yana.

Düzəltmək istəyəndə

"ordan yola baxıram, əl vurmayın", - deyərdi,

ordan yol görünərdi.

Tikiş tikməyəndə də ordaca oturardı,

nənəm yola baxardı...

o yolla sevinərdi, o yolla darıxardı.

 

Daha gözləmir nənəm nə qəfil qonaqları,

nə o evdə böyüyən "şəhərli" uşaqları.

İndi o ev də tənha, indi o yol da tənha,

nə gedən var, nə gələn, nə də ki yol gözləyən,

heç biri yoxdu daha...

Təmtəkcə həsrətim var "kaş ki"lərin əlində.

Bir də o tənhalıq tək

ürəyimdə daş olan, gözlərimdə yaş olan

nənəmin darıxmağı. Darıxmağın yoxluğu...

 

 

Susqunluq

 

Nələr çəkdim, özüm bildim,

bir kimsəyə demədim.

Nələr gördüm, gözüm bildi,

bir kimsəyə demədi.

Mən həyatın çətininə güldüm elə,

bu gülüşü üzüm bildi kimsəyə göstərmədi.

Sevincimi damcı-damcı yığdım,

amma ümman kimi göründü,

sevinc dolu ümman kimi göründüm.

Yadlar məni belə sevdi.

Mən yadlardan sevgi gördüm,

Hər ağrıya dözə bildim.

Doğmaların xəyanəti ağır oldu,

Ürəyimdən yaralandım.

Amma yenə çabaladım,

çünki yenə bağışlamaq istədim.

Dözüm bildi.

O da məndən üz döndərdi...

bağışlaya bilmədim...

 

 

Yenildim

 

Qızıma

 

Bütün duyğuları sənlə yaşaya bildim.

Məyus baxışlarını daşıya bilmədim.

Bacarsan bağışlamağı...

Ayın solğun işığı gizlənir

            gözlərinin dərinliyində.

Sükutunun ahı gözlərimin dərinliyində.

Susma.

Əllərinin susqunluğunu eşidirəm,

Yorğun gülüşündə "yaxşıyam"

            sözünün kədərini hiss edirəm.

Yer kürəsi titrəyir səsin titrəyəndə -

Kainat kimi.

Daha axtarmıram həqiqətimi..

İçiboşlardan qorumağı bacarsaydım...

            İnamım ümidsiz qalmazdı,

ümidim belə dərdli olmazdı...

Məyus baxışın, yorğun gülüşün,

            səsinin titrəyişi

ədalətin olmadığı etirafına dirənişim...

Haqqın olmayanlardan,

            haqsızlıqla üzbəüz qalmandan

mən də yoruldum, bitmir yorğunluğum.

Kafirlərdən, kifirlərdən yoruldum.

Kafirlərin namaz qılmasından,

kifirlərin gözəl təqdimatından yoruldum.

Mən bunlara təkbaşına yenə də dözərdim,

Səninlə dözmədim.

Küsdüm, incidim, bezdim,

qəddar da oldum,

            qisas almaq da keçdi ürəyimdən.

Ən gözəl duyğular susur ürəyimdə.

Yox olur. Bəlkə ölür...

Mən sevgiydim əslində,

            nifrət etməyi də öyrəndim.

Amma nifrətə yenilmədim.

Hətta özümü xoşbəxt bildim, 

tək bir duyğuya - bir sevgiyə yenildim.

Vətəni sevdim, nə edim?..

 

 

Elçin Həsənliyə

 

Neçədi, necədi göz yaşının rəngi?

kim bilir ki?

Peşmanlıq, qorxu, həsrət,

intizar, təəssüf, nifrət,  

tənhalıq, ayrılıq, sevgi...

Hələ "kaş ki"lərin, "bəlkə"lərin rəngi...

Bir də ən dərdli - torpaq rəngli...

Nə vaxt idi yaralıydım, yaralarım ağrıyırdı,

ağrılarım ağlayırdı,

torpaq rəngliydi göz yaşım.

Atamı oldun mənə, oğulmu, ya qardaşmı,

ya ruhuma sirdaşmı gördün göz yaşımı?..

Boyanıb torpaq rənginə,

Vətən bayrağını sıxıb sinənə

Sən Şuşaya gedəndə gülümsədi Şuşa da,

dəyişdi göz yaşımın rəngi də.                              

Mən Şuşaya gedəndə

igidlərin təbəssümü vardı üzündə.

Mən bu təbəssümdə gördüm səni də.

Səsini eşitdim, "Sən azadsan, Qarabağım",

"Sən azadsan, əziz Şuşa" səsində.

İndi sən əbədiyyətsən,

zamana sığmayan azadlığın səsisən.

Adam var ki, hər gün ölür,

gün var ki, adamla ölür,

adam var ki, günü yaşadır sənin kimi.

Gün var ki, hər şəhidlə yenidən doğulur,

bir də bilirsənmi,

gün var ki, igidlər doğur - 8 noyabr kimi.

 

 

Vicdan

 

Nə olsun, dünyada adamlar çoxdu,

Nə olsun, əlləri, ayaqları var.

Adamın vicdanı yoxdusa-yoxdu,

Nə olsun, gözləri, qulaqları var.

 

Vicdan meyvə deyil, dərib yeyəsən,

geyim də deyil ki, alıb geyəsən.

Gözlə də görünmür, baxıb deyəsən,

Adamın vicdanı var, yoxsa yoxdu.

 

Vicdanı axtarma hər gördüyündə,

adamların sayı vicdandan çoxdu.

Vicdanı qədərdi adam özü də,

vicdanı yoxdusa, özü də yoxdu.

 

 

Özümüzü unutmuşuq

 

Dəniz, daha dəniz olma,

sularına "duzlu" deyib göz yaşına bənzədirik.

Bulud, daha bulud olma,

dərdi-qəmi yağışına bənzədirik.

Daşı başa, başı daşa,

Ömrümüzü yay, payıza, yaza, qışa,

ötən günü, ayı, ili yaşa bənzədirik.

Hər nə varsa bəzəyirik, bənzədirik.

Özümüzü unutmuşuq,

heç bilmirik kimə, nəyə bənzəyirik...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!